Bakıda “Uşaq ürəkləri Azərbaycanda döyünür” adlı beynəlxalq konfrans keçirilir
Bu gün Heydər Əliyev Mərkəzində "Anadangəlmə Ürək Xəstəliklərində Yeniliklər" (Update in congenital heart diseases) adlı beynəlxalq konfrans keçirilir. SİA-nın verdiyi məlumata görə, "Uşaq ürəkləri Azərbaycanda döyünür" (Children’s hearts beat in Azerbaijan) şüarı altında təşkil olunan beynəlxalq konfrans 20 Noyabr – "Ümumdünya Uşaqlar Günü"nə həsr edilib.
Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının təşəbbüsü, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə keçirilən tədbir, həmçinin uşaq hüquqlarının əsas təməli sayılan "Sağlamlıq hüququ"nun təmin olunması istiqamətində BMT-nin qlobal təşəbbüsünə Azərbaycan dövləti və səhiyyəsinin göstərdiyi humanist dəstəyin nümunəsidir.
Heydər Əliyev Mərkəzinin səhiyyə sahəsində layihələrə dəstək verilməsi istiqamətindəki fəaliyyəti çərçivəsində reallaşan beynəlxalq konfransın açılış mərasimində anadangəlmə ürək qüsurları probleminə həsr olunan film təqdim edilib.
Konfransda anadangəlmə ürək qüsurlarının diaqnostikası və müalicəsində ən son yeniliklər, tədqiqatlarda elmi və texnoloji nailiyyətlər barədə fikir mübadiləsi aparılır. Mütəxəssislərin məruzələri ilə yanaşı, klinik kurslar, canlı cərrahiyyə yayımı və video prezentasiyalar da təşkil olunur.
Konfransın əsas məqsədi Azərbaycanda anadangəlmə ürək qüsurlarının profilaktikası, erkən diaqnostikası və müalicəsində beynəlxalq standartlara uyğun xidmətin, keyfiyyət sisteminin tətbiqinə təkan vermək, bu sahələrdə çalışan peşəkarların qarşılıqlı iş birliyi ilə problemin həlli istiqamətində mühüm nailiyyətlərin əldə olunmasına şərait yaratmaqdır.
Qeyd edək ki, konfransda Amerika, Avropa, Asiya, Afrika və Avstraliya qitələrini əhatə edən 50 ölkədən 300-dən çox mütəxəssis iştirak edir. Konfrans öz işini noyabrın 22-ə qədər davam etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB