Astara rayonunun tibb işçiləri ucqar dağ kəndində FOTOLAR

Astara rayonunun tibb işçiləri ucqar dağ kəndində FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, ayrı-ayrı xidmət sahələrinin rəhbərləri və kollektivləri bölgələrdə, hətta ən ucqar dağlıq ərazidə yerləşən yaşayış məntəqələrində vətəndaşları qəbul edir, onların qarşılaşdıqları problemlərin həllinə köməklik göstərirlər. Bu cür görüşlər Astara rayonunda da ənənə halına çevrilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin il ərzində yerlərdə - 50-60 görüşü keçirilir, hər il belə tədbirlərə on mindən çox vətəndaş qatılır. Çox diqqətə layiq haldır ki, rayonun bir sıra xidmət sahələrinin kollektivləri də ayrı-ayrı yaşayış məntəqələrində olmağa üstünlük verir, yerlərdə əhalinin arzu və istəklərinə uyğun olaraq konkret və əməli tədbirlər həyata keçirirlər. Bu günlərdə rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Pəlikəş kəndində səyyar qəbul keçirərkən kənd sakinləri müayinə və müayinə məqsədilə əraziyə peşəkar həkim briqadasının göndərilməsi barədə təklif irəli sürüblər. Bütün bunları nəzərə alaraq Rayon İcra Hakimiyyətinin və Mərkəzi Xəstəxananın rəhbərliyinin təşəbbüsü və təşkilatçılığı ilə peşəkar həkim və tibb işçilərindən ibarət geniş tərkibli briqada oktyabrın 31-də rayon mərkəzindən 40 kilometr uzaqlıqda, ucqar dağlıq ərazidə yerləşən Pəlikəş kəndində olub, yüzlərlə kənd sakininin müasir tibbi avadanlıqlarla müayinəsini təşkil edib, müalicə məqsədilə konkret və əməli tədbirlər həyata keçiriblər.

Mərkəzi Xəstəxananın baş həkimi, tibb üzrə fəlsəfə doktoru, Tibb Universitetinin dosenti Əlövsət Əliyevin rəhbərlik etdiyi səyyar tibb briqadası əvvəlcə Pəlikəş kənd sahə xəstəxanasının həyətinə toplaşmış kənd sakinləri ilə səmimi və işgüzar apararaq bildirib ki, bizim bu görüşümüz ölkə Prezidenti möhtərəm İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin bariz nümunəsidir. Rayon rəhbərliyinin qayğısı və təşkilatçılığı ilə keçirilən bu tədbir vətəndaşlarımızın sağlamlığının qorunmasına layiqli töhfədir. Bu gün bizimlə birlikdə baş həkimin müavini, təcrübəli mütəxəssis Kərim Nəzərov, cərrah Etibar Cəlilov, terapevt Surxay Məmmədov, pediatr Orxan Əmənullayev, müasir tibb avadanlıqları (UZİ) üzrə mütəxəssis Arif Novruzov, mama-ginekoloq Ülviyyə Nəhmətova, kardioloq Barat Sadıxov, laborant Layiq Veysəlov, tibb bacısı Aybəniz Əhədova, Qızıl Aypara Cəmiyyəti (QAC) Astara rayon bölməsinin sədri Asif Hüseynquliyev sizinlə görüşə gəliblər.

Gün ərzində Pəlikəş inzibati ərazi nümayəndəliyinə daxil olan kəndlərin onlarla sakini baş həkim, yüksək ixtisaslı cərrah Əlövsət Əliyevin və digər həkim və tibb işçilərinin qəbulunda olub, müayinə və müalicə edilib, müasir tibb avadanlıqlarının (UZİ) xidmətindən istifadə ediblər.

QAC rayon bölməsinin sədri A.Hüseynquliyev dağ kəndlərinin sakinlərinin böyük bir qrupu ilə ətraflı söhbət aparıb, onları narahat edən problemlərlə maraqlanıb.

Kənd sakinləri uzaq və çətin relyefə malik dağlıq əraziyə gəlib yüksək səviyyəli nümunəvi səhiyyə xidməti göstərdiklərinə görə dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər.

Düriyyə kənd sakini, Böyük Vətən Müharibəsinin veteranı Ataxan Sovqatov: - Möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində Azərbaycan misilsiz inkişaf yolu keçir. Biz bu inkişafı rayonumuzun timsalında da aydın görürük. İllərdən bəri həsrətində olduğumuz Deqədi-Pəlikəş avtomobil yolu qısa müddətdə yenidən qurulub asfaltlaşdırılıb. İcra başçımız Qəzənfər Ağayev tez-tez ən ucqar dağ kəndlərində əhali ilə görüşlərə gəlir, qaldırılan məsələlərə həssaslıqla yanaşır. Bu gün kəndlərimizdə gedən sürətli tikinti-quruculuq işləri dediklərimizə sübutdur. Peşəkar tibb işçilərindən ibarət səyyar briqadanın kəndimizə - bizim görüşümüzə gəlməsi rayon rəhbərliyi tərəfindən bizə göstərilən qayğının parlaq təzahürüdür. Mən neçə vaxt idi ki, xəstəliklərdən əziyyət çəkirdim. Surxay həkim məni diqqətlə müayinə etdi, müalicə məqsədilə lazımi tövsiyələrini verdi. Bir daha həkimlərimizə təşəkkürümü bildirirəm.

Pəlikəş kənd sakini Nəzakət Eyvazova: - Yaxşı bilirsiniz ki, evdar qadınların işi çox olur, öz səhhətlərinə vaxt ayırmırlar. Eşidəndə ki, rayon mərkəzindən peşəkar tibb işçilərindən ibarət briqada gəlib çox sevindik. Öz evimizin içində həkimlərlə görüşmək imkanı olduğuna görə çox razıyıq. Bu işə kömək edənlərin hamısına təşəkkürümü bildirirəm.

Pəlikəş kənd sakinləri Zöhrə Babayeva, Nurəddin Həsənov, Sım kənd sakini Rakif İdrisov və onlarla başqaları uzaq yol gəlib ucqar dağlıq ərazidə yerləşən sakinlərin müayinə və müalicəsi ilə məşğul olduqlarına görə bütün tibb işçilərinə minnətdarlıqlarını bildiriblər.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə