“Pulsuz tibbi müayinələrdə insanlar aktiv iştirak edir” REPORTAJ (FOTOLAR)

“Pulsuz tibbi müayinələrdə insanlar aktiv iştirak edir” REPORTAJ (FOTOLAR)

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 17-dən may ayının 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi barədə tapşırıq verib. Artıq 4 gündür ki, bölgə və paytaxtda fəaliyyət göstərən dövlət səhiyyə müəssisələrində vətəndaşlara pulsuz xidmətlər göstərilir, müayinələr aparılır. Müayinələrin aparılması şəraiti ilə tanış olmaq məqsədilə SİA Bakının 33 saylı Şəhər Poliklinikasında olub. Müayinələrin keçirilməsi ilə bağlı həkim və xəstələrin fikirlərini öyrənib.

Müayinələrlə bağlı məlumat verən poliklinikanın şöbə müdiri Afət Qədirova bildirib ki,müayinələrə fevralın 17-dən start verilib.

Onun sözlərinə görə, 18 yaşından yuxarı hər kəs bu müayinələrdən yararlana bilər: "İnsanlar arasında aktivlik çox böyükdür. Hər kəs müayinələrə həvəslə gəlir. Müayinədən keçmək istəyənlər ilk növbədə terapevtin yanına göndərilir. Terapevtin müayinəsindən sonra xəstələr diaqnostika, ultrasəs, oftalmoloq, koordioloq və digər müayinələrdən keçə bilirlər. Müraciət edənlərin əksəriyyətinin şikayəti gözlə bağlıdır. Ultrasəs, koordilogiyaya dair müayinələrdən keçmək istəyənlərin də sayı az deyil".

A.Qədirova həmçinin bildirib ki, müayinələrdən yalnız müəssisədə qeydiyyatda olan şəxslər deyil, həmçinin Poliklinika ətrafında yerləşən obyekt və idarələrdə çalışanlar da iştirak edə bilərlər: "Biz təkcə qeydiyyatımızda olan sakinləri deyil, həmçinin ətrafda olan müəssisələrdə çalışanların da müayinədən keçməsinə şərait yaradırıq. Bəzən bizə bu ərazilərdə yaşamayan, işləməyən insanlar da müraciət edir ki, onların da müayinədən keçməsi üçün imkan yaradılır. Xəstələr həkim müayinəsindən sonra digər müayinələrə göndərilsə də, bəzən elə olur ki, xəstə özünün istəyinə əsasən müayinələrdən keçmək istəyir. Belə hallarda da biz imtina etmirik. Həkim müayinədən keçəndən sonra xəstələr lazım olarsa hospitallaşdırılır, müalicəyə ehtiyac varsa müalicə olunur, lazım olarsa dispanser qeydiyyatına götürülür".

Şöbə müdiri qeyd edib ki, müayinələrlə bağlı səhiyyə müəssəsinə gün ərzində 400-500 nəfərə yaxın insan müraciət edir: "Kampaniya başlanandan bu günə kimi 2000-dən çox insan pulsuz müayinələrdən keçmək üçün bizə müraciət edib. Səhhəti və ya yaşı ilə əlaqədar müayinələrə gələ bilməyən insanlara evlərində xidmət göstərilir. Həkimlər həmin şəxslərin evlərinə gedib, onları lazımi müayinələrdən keçməsinə yardımçı olurlar. Müayinələrlə bağlı indiyə qədər heç bir narazılıq qeydə alınmayıb. Həkimlər öz vəzifə borclarını böyük həvəslə yerinə yetirirlər".

Çəkiliş qrupumuz xəstələrin müayinə şəraiti ilə tanış olarkən xəstələrin də fikrilərini öyrənib.

Səkinə Məmmədova: "Mən 18 yaşından Səbail rayon ərazisinə gəlin köçmüşəm və o zamandan da bu səhiyyə müəssisəsində qeydiyyatdayam və bütün müalicələrimi bu poliklinikada alıram. Müəssisənin həkimlərindən çox razıyam. Buradakı personal bütün xəstələrə öz yaxınları kimi baxır, lazımi müayinə və müalicələr aparırlar. Fevral ayının 17-dən ölkə başçısının tapşırığına əsasən biz müayinələrdən pulsuz keçmək hüququ qazanmışıq. Buna görə çox şadam. Vətəndaş üçün bundan gözəl nə ola bilər ki? Bizim üçün bu cür şərait yaratdığına görə, ölkə başçısına öz minnətdarlığımı bildirirəm".

Həmid Əliyev: "Neçə müddətdir ki, ürək ağrısından əziyyət çəkirəm. Ölkə başçısının tapşırığından sonra müayinəyə keçmək qərarına gəldim. Bu ərazidə yaşadığım üçün 33 saylı poliklinikaya müraciət etdim. Həkimlərim çox yaxşı qulluq edir, xəstələrlə həddindən artıq mehribandırlar. Hər zaman belə olsa lap əla olar. Allah heç kimi xəstə etməsin. Olanda da heç bir qorxusu yoxdur. Ona görə ki, ölkəmizdə çox savadlı, güclü həkimlərimiz var. Bu kampaniyaya görə də ölkə başçısına, səhiyyə nazirinə təşəkkürümüzü bildiririk. Apteklərdə dərmanların qiymətlər stabilləşdirilib. Bu çox böyük addım idi. Xalq dövlət başçısından həm də səhiyyə nazirindən çox razıdır".

Səlimə Həmidova: "Bizə göstərilən münasibətə görə bütün həkimlərə təşəkkür edirik. Bu addımı dəstəkləyir. Bizim üçün bu cür şərait yaradanlara can sağlığı arzu edirik. Check-up müayinələrdən çox razıyam. Bütün müayinələr yüksək səviyyədə həyata keçirilir".

Vəfa Səmədova: "Müayinələr hər birimizin ürəyincədir. Bu kampaniyadan çox razıyıq. Özüm qadın xəstəlikləri ilə bağlı müraciət etsəm də digər müayinələrdən də keçdim. Nəticələrlə razıyam. Diaqnozlar düzgün qoyulur, müayinə və müalicələr lazımi səviyyədə həyata keçirilir. Bu addım yaşayış səviyyəsi aşağı olan insanlar üçün xüsusi əhəmiyyətlidir. Bəzən elə insanlar var ki, yaşayış səviyyəsi aşağıdır, vaxtında müayinələrdən keçə bilmir. Lakin bu kampaniya vasitəsilə əhalinin bütün təbəqələri müayinədən keçərək səhhətində olan problemini öyrənə bilir".

Esmira Həsənova: "ötən gün bütün müayinələrdən keçmişəm. Bu gün də laboratoriyaya verdiyim analizlərin cavabını almağa gəlmişəm. Cavablar əlimdədir. Nəticələrdən çox razıyam. Müayinələr, analizlər düzgün şəkildə aparılır. Xidmətlərə görə həkimlərə təşəkkürümü bildirirəm. Vətəndaşlara lazımi diqqət və qayğını göstərirlər. Nəticələr qaneedicidir. Müayinələrin pulsuz şəkildə keçirilməsinə görə, dövlət başçısına minnətdaram. Biz vətəndaşları düşündüyünə görə ölkə rəhbərinə təşəkkür edirik".

Qeyd edək ki, ölkə başçısı tapşırığına əsasən vətəndaşlara pulsuz müayinə xidmətləri cari ilin may ayının 1-dək davam edəcək. Müayinələrin keçirilməsində məqsəd əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə