Ölkəmizdə və dünyada yoluxucu xəstəliklər daim olub. Bilirik ki, bu xəstəliklər bir çox ciddi sağlamlıq problemlərinə səbəb ola bilir. Ümumi yoluxucu xəstəliklərdən biri də Hepatit A xəstəliyidir.
Yeri gəlmişkən qeyd edək ki, ötən günlərdə Mingəçevirdə uşaqlar arasında virusa yoluxma aşkarlanaraq onların “Hepatit A” virusuna yoluxduğu bildirilib. Son bir həftə ərzində şəhərin müxtəlif ünvanlarında təsdiqlənmiş “Hepatit A” diaqnozu ilə Mərkəzi Şəhər Xəstəxanasından 6 nəfər barəsində Gigiyena və Epidemiologiya Mərkəzinə təcili bildiriş vərəqəsi daxil olub. Hər bir ünvanda həkim-epidemioloq tərəfindən dərhal araşdırma aparılıb. Nəticədə 3 xəstənin şəhərin Bahar küçəsində bir-biri ilə təmasda olduğu, ikisinin isə qohumluq əlaqəsi aşkarlanıb.
Bəs, bu virusdan necə qorunaq? Hepatit A nədən yaranır?
SİA mövzu ilə bağlı araşdırma aparıb.
Hepatit A qaraciyər infeksiyası ilə xarakterizə olunur. Yoluxma xəstəliyi olan insanların nəcisi ilə təmasda baş verir. Gigiyena yoluxucu xəstəliklərdən qorunmaq üçün çox vacibdir. Həmçinin, peyvəndlə Hepatit A xəstəliyindən qorunmaq mümkündür.
Hepatit A virusu nədir?
Hepatit A virusu bir növ RNT virusudur. İnsanlarda yoluxduqda qaraciyərə təsir göstərir. Qaraciyərdə infeksiyaya və sarılığa səbəb olur. İnsandan insana nəcislə ötürülür. Bu virusdan qorunmaq üçün gigiyenaya diqqət etmək lazımdır.
Hepatit A xəstəliyi nədir?
Hepatit A xəstəliyi eyni adlı virusun insan orqanizminə daxil olması nəticəsində yaranan xəstəlikdir. Qaraciyərdə iltihablı bir vəziyyət meydana gəlir. Nəcislə keçən xəstəlik olduğundan natəmiz yerlərdə qida və içki qəbul edən insanlara keçmə ehtimalı yüksəkdir. Nəticədə müxtəlif simptomlar meydana çıxır. Bu simptomlar əsasən yüngül olsa da, bəzən ciddi qaraciyər problemlərinə və ölümə qədər irəliləyə bilər.
Hepatit A xəstəliyinin əlamətləri olan insanlar infeksionistə müraciət etməli və müayinədən keçməlidirlər. Klinik tapıntılar və qan testləri nəticəsində qəti diaqnoz qoyula bilər. Xəstəliyi müalicə etmək mümkün deyil. Ancaq insanı narahat edən əlamətlər müxtəlif dərmanlarla aradan qaldırıla və xəstəlik yüngülləşə bilər.
Hepatit A necə ötürülür?
Hepatit A xəstəliyi insandan insana Hepatit A virusu ilə təmas nəticəsində ötürülür. Xəstənin nəcisi ilə təmasda olmaq, onun hazırladığı yeməkləri yemək çox risklidir. Bəzi qidaları çiy və ya az bişmiş istehlak etmək də risk yaradır. Bu həm də cinsi əlaqə yolu ilə keçə bilən bir virusdur.
Hepatit A-nın ötürülmə yolları hansılardır?
- Hepatit A xəstəsi olan insanlarla birbaşa təmasda olduqda,
- Hepatit A olan insanların şəxsi əşyaları (dəsmal, eynək, paltar kimi) ilə təmasda olduqda,
- Çirkli və xlorsuz hovuzlarla,
- Nəcislə təmasda olan qidaları düzgün bişirilmədən istehlak etmək,
- Kanalizasiya sularının təmizlənmədən içilməsi səbəbindən
- Nəcislə təmasda olmuş meyvə və tərəvəzləri yaxşı yumadan istehlak etmək,
- Qida sənayesində çalışan insanlar təmizliyə fikir vermədiyi üçün Hepatit A virusu insandan insana keçə bilər.
Hepatit A testi nədir?
Hepatit A diaqnozu əsasən xəstəliyin tapıntıları ilə qoyula bilər. Hepatit A testi qəti diaqnoz üçün istifadə olunur. Xəstəlik qanda IgM və IgG antikorlarının səviyyəsinə baxılaraq diaqnoz qoyulur. Bundan əlavə, antikor səviyyəsi sayəsində insanın daha əvvəl xəstəliyə tutulduğu və ya peyvəndin daha əvvəl edilib-edilmədiyi müəyyən edilə bilər. Bu testi həyata keçirmək üçün bədəndən alınan qanı normal şəkildə qiymətləndirmək kifayətdir.
Hepatit A necə müalicə olunur?
Hepatit A üçün xüsusi müalicə və ya dərman yoxdur. Virusla təmasdan əvvəl peyvənd olunarsa, ömürlük xəstəlikdən qorunmaq mümkündür. Amma yoluxduqdan sonra müalicə ilə virusu bədəndən çıxarmaq mümkün deyil. Hepatit A virusunun səbəb olduğu qaraciyər infeksiyası nəticəsində bədəndə meydana gələn simptomlar müalicə edilə bilər. Qızdırma, halsızlıq, yorğunluq kimi əlamətlərə qarşı həkimin təyin etdiyi müalicə üsullarından istifadə edilir. Nəticədə virus zamanla təsirini itirir və simptomlar yox olur.
Hepatit A-nın əlamətləri hansılardır?
Hepatit A xəstəliyi uşaqlarda bir çox simptomlara səbəb olmasa da, böyüklərdə ciddi təsirlər göstərə bilər. Başqa heç bir xəstəliyi olmayan sağlam və yetkin fərdlərdə bu xəstəlik yüngül simptomlarla aradan qaldırılır. Lakin risk qrupunda olan insanlarda xəstəliyin əlamətləri daha ciddidir.
Hepatit A xəstəliyinin simptomlarına aşağıdakılar daxildir:
- Yorğunluq,
- Zəiflik,
- Oynaq ağrıları,
- Qızdırma,
- Anoreksiya,
- Sürətli çəki itkisi,
- İshal,
- Mədə narahatlığı,
- Ürəkbulanma,
- Qusma,
Gözlərin və dərinin sararlması,
- Sidiyin tünd rəngi,
- Nəcisin ağımtıl rəngdə olması
Hepatit A üçün yüksək risk altında olan insanlar kimlərdir?
Hepatit A-nın simptomları ümumiyyətlə yüngül olsa da, bəzi risk qruplarında xəstəlik ciddi mənfi nəticələrə səbəb ola bilər.
Yüksək risk altında olan insanlara aşağıdakılar daxildir:
- Qaraciyər xəstəliyi olanlar,
- Hepatit B, Hepatit C və ya Hepatit D olanlar,
- Qanaxma və laxtalanma pozğunluğu olanlar,
- İmmuniteti zəifləmiş, kimyaterapiya altında olan xərçəng xəstələri, orqan transplantasiyası gözləyənlər,
- QİÇS xəstəsi olanlar,
- Kanalizasiyada işləyənlər,
- Yoluxucu xəstəliklər və ya reanimasiya şöbələrində çalışan tibb işçiləri,
- Laboratoriya işçiləri,
- Qocalar evi və körpələr evi işçiləri,
-Narkomanlar
Hepatit A peyvəndi
Hepatit A peyvəndi insanları Hepatit A virusundan qoruyur. Bu müalicəvi peyvənd deyil. Ona görə də xəstəliyə yoluxandan sonra bunu etmək fayda verməz. Ancaq xəstəlik ötürülməzdən əvvəl edilirsə, Hepatit A virusuna qarşı qorunma təmin edir və təmas zamanı virusun bədənə daxil olmasının qarşısını alır.
Türkiyədə Hepatit A peyvəndi uşaqlıq dövründə edilən rutin peyvəndlər qrupuna daxildir. İki müxtəlif dozada tətbiq olunur. Böyüklərin də bunu etməsinin heç bir zərəri yoxdur. Hepatit A peyvəndi əvvəllər vurulubsa və ya xəstəlik baş veribsə, təkrar peyvənd etmək lazım deyil. Hamilə qadınlar zəruri olmadıqca hamiləlik dövründə peyvənd etməməlidirlər.
Hepatit A peyvəndi nə vaxt edilməlidir?
Hepatit A peyvəndi üçün yaş məhdudiyyəti yoxdur. Türkiyədə körpəlikdə tətbiq edilən peyvənd cədvəlinə daxildir. Doğuşdan sonra on səkkizinci aydan etibarən bunu etmək məqsədəuyğundur. Bu peyvənd müxtəlif vaxtlarda 2 dozada tətbiq olunur. Körpələrə vurulan digər peyvəndlərlə birlikdə vurulmasının heç bir zərəri yoxdur. Əzələdaxili olaraq Hepatit A peyvəndi adətən qol nahiyəsinə vurulur. Peyvənddən on beş gün sonra orqanizmdə antikorlar əmələ gəlir və peyvəndin qoruyucu təsiri başlayır.
Yetkinlər də hepatit A peyvəndi ala bilərlər. Bununla belə, Hepatit A virusuna qarşı immuniteti olan insanların bu peyvəndi alması tələb olunmur. Çünki bu insanların artıq Hepatit A virusuna qarşı müdafiəsi var. Bu səbəbdən, Hepatit A peyvəndi vurdurmağı düşünən böyüklər əvvəlcə qan testi edərək immun statuslarını yoxlamalıdırlar. Hamilə qadınlar bu peyvəndi hamiləlik zamanı zəruri olmadıqca vurdurmamalıdırlar.
Hepatit A peyvəndinin yan təsirləri hansılardır?
Hepatit A peyvəndinin yan təsirləri ümumiyyətlə yüngüldür. Bütün digər peyvəndlərdən sonra baş verə biləcək yan təsirlər Hepatit A peyvəndindən sonra da baş verə bilər. Tətbiq sahəsində dəri qızartı, həssaslıq və şiş ola bilər. Qızdırma, mədə pozğunluğu və yorğunluq da baş verə bilər. Uzunmüddətli və ciddi yan təsirlər baş verərsə, mümkün qədər tez həkimə müraciət edilməlidir.
Ağız, Diş Sağlamlığı və Hepatit
Ağız sağlamlığında yoluxuculuq dərəcəsi ən yüksək olan xəstəliklərdən biri də hepatit B və C-dir. Bunun üçün diş həkimləri hepatit peyvəndi olmalıdırlar. Ağızla birbaşa təması olan bu işdə qanaxma normaldır. Bu səbəbdən hepatit B peyvəndi olmayan həkimlərdə virusun bir damladan ötürülmə riski əhəmiyyətli dərəcədə artır. Çox yüksək riskə malik olan diş həkimləri həm xəstənin sağlamlığı, həm də öz sağlamlıqları ilə bağlı diqqətli olmalıdırlar. Xəstələr hepatit olduqlarını əvvəlcədən həkiminə bildirməlidirlər. Çünki bir çox xəstələr belə hallarda bunu gizlədirlər.
Hepatitli xəstələrin dişləri necə müalicə edilməlidir?
Diş həkimləri müalicəyə çox həssas yanaşmalıdırlar. Xəstələr diş şikayətləri ilə gəldiyində hepatit xəstəliyinin olduğunu bildirmək müalicə üçün mühüm addım olacaq. Belə olan halda həkimlərin əlcək və maskalardan istifadə etməsi yaxşı olar. Əlcək və maskadan əlavə, həkimin eynəkdən istifadə etməsi də lazımdır. Çünki bir damla qan belə xəstəliyə yoluxmağa böyük təhlükə yaradacaq.
Hepatitli xəstələrdə diş problemləri varmı?
Hepatit virusu daşıyan xəstələrdə görülən əsas nümunə qan xəstəlikləridir. Yəni, qanın laxtalanmasında problemlər yaranır. Bu problemlər diş ətində qanaxmaya səbəb ola bilər. Baş verə biləcək risklər arasına qanaxma, ağızlarında qoxu və iltihab daxildir. Belə hallarda diş müalicəsi ilə yanaşı qanaxmaya səbəb olan başqa bir xəstəlik də (hepatit) nəzarət altında saxlanılmalıdır. Çünki qanaxmanın əsas səbəbi hepatitdir.
İstifadə olunacaq dərmanlarla bağlı xəstənin həkimi ilə əlaqə saxlanmalıdır. Bundan əlavə, diş fırçalama və təmizləmə prosedurlarına da ciddi yanaşmaq lazımdır.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli: "Hepatit A virusu hava yox, damcı yolu ilə yoluxan infeksiyadır. Ona görə də burada qidalanmanın keyfiyyəti və xüsusən kontaktlarda əl gigiyenası, şəxsi gigiyenaya riayət etmək lazımdır Həmçinin, su mənbələrinin keyfiyyətli olması çox önəmlidir. Bu baxımdan məktəblərdə qida rejiminə riayət olunması da çox vacibdir.
Aşkarlanma yerində isə ciddi epidemik tədbirlərin görülməsi çox vacibdir. Bu epidemik tədbirlər hepatit A xəstəliyinin yayılmasının qarşısını alır. Çünki Hepatit A-nın xüsusən məktəblilərdə olmasının təhlükəli cəhəti ondan ibarətdir ki, sıx kontakt nəticəsində damcı yolu ilə bu infeksiyanın yayılma ehtimalı çox olur və sürətli yoluxmalarla qarşı-qarşıya qala bilərik. Ona görə də dezinfeksiyaedici tədbirlər çox mühümdür.
Su mənbələri ciddi nəzarət altına götürülməlidir. Bu çox önəmlidir. Bu da müvafiq icra sturukturları və sanitar epidemoloji stansiyalarla təhsil müəssisələri qarşılıqlı əməkdaşlıq etməlidirlər.
Hal-hazırda ölkə üzrə epidemik vəziyyəti analiz etsək, narahatlıq yaradan məqam yoxdur. Mövsümi şəkildə yoluxmalar aşkarlana bilir. Hansısa şəhərdə yoluxma olması gələcəkdə risk amili yaradır. Buna görə də dediyim amillər təcili və ciddi şəkildə həyata keçirilməlidir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə