"Pirsinq" gigiyenik qaydalara əməl etmədikdə hansı fəsadlara yol aça bilər? - HƏKİM DANIŞDI
“"Pirsinq" proseduru adətən estetik və fərdi ifadə məqsədilə aparılsa da, tibbi nöqteyi-nəzərdən "pirsinq" bir növ invazivcərrahi manipulyasiya hesab olunur. Dərinin bütövlüyünün pozulması nəticəsində mikroorqanizmlərin orqanizmə daxil olması üçün qapı yaranır və bu da infeksiya, allergiya və digər fəsadların baş vermə riskini artırır”. Bu sözləri SİA-ya açıqlamasında infeksionist, ailə həkimi Fidan Həsənli deyib.
O bildirib ki, "pirsinq" yalnız steril şəraitdə, təcrübəli və gigiyenik tələblərə əməl edən mütəxəssis tərəfindən icra edilməlidir: “Prosedur zamanı istifadə olunan alətlər steril olmalı, birdəfəlik iynələrdən və əlcəklərdən istifadə edilməlidir. Dəri səthi "pirsinq"dən əvvəl antiseptik məhlullarla (xlorheksidin, povidon-yod və s.) təmizlənməlidir. "Pirsinq" üçün istifadə olunan aksesuarlar insan orqanizmi ilə biouyğun materiallardan – cərrahi polad, titan, teflon və ya yüksək keyfiyyətli qızıldan hazırlanmalıdır. Nikel və digər allergen metalların istifadəsi, xüsusilə də allergikmeyilli şəxslərdə, kontakt dermatit və qızartı kimi reaksiyalar yarada bilər. Prosedurdan sonra yaranın sağalma prosesi bir neçə mərhələdə gedir. 3–7 gün ilkin mərhələ davam edir və bu dövrdə orqanizm yaranı xarici təsirlərdən qorumağa çalışır.
Növbəti mərhələdə bərpa və epitelizasiya baş verir, bu isə yaranın tam sağalması və epitel toxumasının bərpası ilə nəticələnir. Sağalma müddəti pirsinqin yerləşdiyi nahiyədən asılı olaraq dəyişir: qulaq və burun pirsinqləri adətən 4–6 həftəyə, dodaq və qaş pirsinqləri 6–8 həftəyə, dil və göbək pirsinqləri isə 8–12 həftəyə sağalır. Gigiyenik tələblərə əməl edilmədikdə pirsinqdən sonra müxtəlif tibbi fəsadlar yarana bilər. Ən çox rast gəlinən ağırlaşma lokal infeksiyadır. Bu zaman pirsinq nahiyəsində qızartı, şişkinlik, ağrı, istilik artımı və irinli axıntı müşahidə olunur. Ən çox təsadüf edilən mikroorqanizmlər "Staphylococcus aureus", "Streptococcus pyogenes" və "Pseudomonas aeruginosa" kimi bakteriyalardır. Vaxtında tibbi müdaxilə edilmədikdə infeksiya dərinləşərək abses və ya sellülit formasında yayıla bilər.
Daha ciddi, lakin az-az rast gəlinən ağırlaşmalar sistemik infeksiyalardır. Steril olmayan alətlərdən istifadə nəticəsində qanla keçən virus infeksiyalarının – Hepatit B, Hepatit C və insan immun çatışmazlığı virusunun (HİV) – ötürülməsi mümkündür. Eyni zamanda tetanus riski də mövcuddur, buna görə pirsinq etdirməzdən əvvəl immunizasiya vəziyyəti yoxlanmalıdır.
Allergik reaksiyalar pirsinqdən sonra rast gəlinən digər bir problemdir. Xüsusilə nikel tərkibli metal aksesuarlar dəridə qaşınma, səpki, ödem və qabıqlanma ilə özünü göstərən kontakt dermatit yarada bilər. Bəzi insanlarda yara sağaldıqdan sonra hipertrofik çapıq və ya keloid adlanan bərk çapıq toxuması əmələ gəlir. Bu, genetik meyilliklə əlaqədar olur və çox vaxt estetik narahatlıq yaradır.
Pirsinq zamanı və ya sonrasında qanaxma və sinir toxumasının zədələnməsi də mümkündür. Xüsusilə burun və dil pirsinqlərində damarların sıx olduğu hissələrdə aparılan deşmə nəticəsində uzunmüddətli qanaxma baş verə bilər. Sinir liflərinin zədələnməsi isə hissiyat itkisi, keylik və ya paresteziya ilənəticələnə bilər.
Ağız boşluğunda aparılan pirsinqlər (dil və dodaq pirsinqləri) əlavə risk daşıyır. Bu cür pirsinqlər diş minasının çatlamasına, diş ətinin çəkilməsinə və ağız boşluğunda mikrobioloji balansın pozulmasına səbəb ola bilər. Ağızda daimi yad cismin olması bakteriyaların çoxalması üçün əlverişli mühit yaradır, bu da ağız qoxusu və iltihabın artmasına gətirib çıxarır. Bəzi hallarda pirsinqin qoparaq udulması və ya tənəffüs yollarına düşməsi kimi təhlükəli hallar da mümkündür.
Profilaktik məqsədlə pirsinqdən sonrakı dövrdə yaranın gigiyenik təmizliyinə ciddi diqqət yetirilməlidir. Yara nahiyəsinə yalnız təmiz əllərlə toxunmaq, gündə 2 dəfə fizioloji məhlulla vəya duzlu suda yumaq məsləhətdir. Spirt və ya hidrogen peroksidkimi güclü antiseptiklərdən istifadə məsləhət görülmür, çünki buməhlullar dərinin bərpa prosesini ləngidir. İlk həftələrdə hovuz, dəniz və sauna kimi mikroorqanizmlərlə zəngin mühitlərdən uzaq durmaq lazımdır. Eyni zamanda, geyim və saçın pirsinqə ilişməsi kimi mexaniki təsirlərdən qorunmaq vacibdir. Əgər yaranın ətrafında ağrı, irinli ifrazat, yüksək hərarət və ya ümumi halın pisləşməsi müşahidə olunarsa, mütləq həkimə müraciət edilməlidir. Özbaşına antibiotik qəbulu düzgün sayılmır və vəziyyəti çətinləşdirə bilər.
Nəticə etibarilə, "pirsinq" sadə kosmetik prosedur kimi görünsədə, əslində tibbi cəhətdən ciddi gigiyenik nəzarət tələb edənin vacib müdaxilədir. Steril şəraitin təmin olunmaması və düzgün qulluq qaydalarına əməl edilməməsi həm lokal, həm də sistemik ağırlaşmalara səbəb ola bilər. Bu səbəbdən pirsinq yalnız təcrübəli mütəxəssislər tərəfindən, tibbi gigiyena normalarına tam uyğun şəkildə aparılmalı və sonrakı dövrdə düzgün qulluqla müşayiət olunmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB