Hormonal pozğunluqlar qadınların həyatına necə təsir göstərir? - ARAŞDIRMA

Hormonal pozğunluqlar endokrin sistemdə pozulmalardır ki, qadınlarda kliniki olaraq ilk növbədə aybaşı dövrünün pozulması ilə özünü göstərir.

Reproduktiv yaşda olan qadınlarda hamiləlik və laktasiya dövründə menstruasiyanın uzun müddət gecikməsi təbiidir. Qalan vaxtlarda menstruasiyanın 5-7 gündən çox gecikməsi həkim müayinəsini tələb edir.

Menstruasiya gecikməsinin fizioloji səbəbləri:

- Güclü emosional və ya fizioloji stres

- İdman

- Məşq və ya iş yükü

Anoreksiya kimi psixoloji xəstəliklər də hormonal fona təsir göstərir.

Premenopozda menstruasiya nizamsızlaşdıqda ginekoloq tərəfindən müayinə tövsiyə olunur.

Soyuqdəymə, xroniki xəstəliklər, qastrit, tiroid disfunksiyası, diabet, böyrək xəstəliyi və s. belə hallarda həkim nəzarəti mütləqdir.

Qadınlarda hormonal pozğunluqların səbəbləri nədir?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Qadınlarda hormonal pozğunluqların səbəbləri arasında mərkəzi sinir sisteminin, endokrin sistemin işində nasazlıqlar olanda da baş verir. Bunlara artan psixo-emosional stress, viral infeksiyalar aiddir.

Hormonal balanssızlığın ən çox görülən səbəblərindən biri stressdir. Stres bədəndəki kortizol səviyyəsi kəskin şəkildə artır, bu da müxtəlif sistemlərin işində balanssızlığa səbəb olur.

Hormonal pozğunluqların digər səbəbləri:

-endokrin xəstəliklər;

-cinsi yolla ötürülən xəstəliklər;

-zəifləmiş toxunulmazlıq;

-xroniki iltihab;

-antidepresanların qəbulu;

-oral kontraseptivlərin qəbulu;

-mədə-bağırsaq traktının patologiyası;

-neyroendokrin tənzimləmənin pozulması (insult, ensefalit, travmatik beyin zədəsi);

-diabet;

-ağır, yorucu yüklər (həm emosional, həm də fiziki);

-hormon terapiyası;

-onkoloji xəstəliklər;

Hormonal tarazlıq bir qadının sağlamlığını və rifahını müəyyənləşdirir, eyni zamanda, onun hamilə qalma və uşaq dünyaya gətirmə qabiliyyətinə təsir göstərir. Hər 10 qadından 8-i bu və ya digər şəkildə endokrin xəstəliklərdən əziyyət çəkir. Bir çoxu analıq yolunda çətinliklərlə qarşılaşana qədər problemdən xəbərsizdir.

Cərrah, mama ginekoloq Vüsalə Tağıyeva: "Cinsi hormonal pozuntular ciddi fəsadlara gətirib çıxara bilər. Xüsusən də, belə qadınlar aybaşı pozulmaları sonsuzluq və ya kişilərə məxsus ikincili cinsi əlamətlərin olması şikayəti ilə bizə müraciət edirlər. Əsasən, aybaşının miqdarının az olması, kəsilməsi və ya heç ilk aybaşının (menarxe adlanır) olmamasından şikayətlənirlər. Əlbəttə ki, bu cür pozuntular sonradan qadında sonsuzluq problemlərinə gətirib çıxarır. Ona görə də zamanında ginekoloji müayinə şərtdir. Səbəblərə gəldikdə isə, genetik səbəb, Adrenal hiperplaziya (böyrəküstü vəzidə həddindən artıq böyümə), yumurtalıqlarda olan maskulə edici (yeni kişiləşdirici) şişləri vurğulamaq olar. Yumurtalıqlarda olan bu şişlərə nadir hallarda rast gəlinir və “Arrhenoblastoma” adlanır. Bu androgen adlanan kişi hormonları ifraz olunmağa başlayır. Beləliklə də, qadınlarda kişiyə məxsus olan əlamətlər meydana çıxır. Bu haqda uzun və ətraflı danışmaq olar, sadəcə, ən önəmlisi onu vurğulamaq istəyirəm ki, valideynlər çox diqqətli və həssas olmalıdırlar. Əgər qızlarında ilk aybaşı (Menarxe) olmasında gecikmə, ikincili cinsi əlamətlərdə dəyişikliklər varsa, mütləq gecikdirmədən ginekoloqa müraciət etməlidirlər. Ən azından bir ultrasəs müayinədən keçib, hormonal paneli yoxlamaq, gərəkli olarsa genetik kariotip analizinə baxılmalıdır. Və zamanında müdaxilə olunmalıdır. Elə hallar da olur ki, fenotipcə, yeni xarici görünüşcə qadın tipli olub, kariotip isə kişi kariotipi ola bilir. Bu halda xaricdən qadına bənzəsə də, daxildən müayinə əsnasında qadına məxsus daxili cinsi orqanların olmadığı üzə çıxır.

Yəni nə uşaqlıq, nə yumurtalıqları var. Bu, artıq genetik səbəb sayılır. Təbii ki, belə hallarda nə aybaşı görə bilirlər, nə də uşaq sahibi ola bilirlər".

Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə