Köməksiz vəziyyətdə qalmış azyaşlılar xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. SİA xəbər verir ki, FHN-dən bildirilib ki, məlumatla əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2022-cı il təvəllüdlü azyaşlını xilas edərək valideynlərinə təhvil veriblər.

Bundan əlavə, Xətai rayonu, M.Hadi küçəsində azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bakı Regional Mərkəzinin xilasediciləri alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının altıncı mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2014-cü il təvəllüdlü uşağı yatmış vəziyyətdə aşkar edərək valideynlərinə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə