Azərbaycan sərhədini pozmağa cəhd edən və həyati təhlükədə olan Pakistan vətəndaşları təxliyyə edilib. Bu barədə SİA-ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsi tapşırığını yerinə yetirən sərhəd naryadı tərəfindən dövlət sərhədinin pozulmasına dəlalət edən əlamətlər aşkar olunub.
Sərhəd zastavası dərhal “Silaha” komandasına qaldırılaraq xidməti ərazi qapadılmış, Rusiyanın sərhəd nümayəndəliyi məlumatlandırılıb.
Dövlət sərhədini pozmağa cəhd edərkən Samur çayının təhlükəli relyefi və güclü axınında köməksiz vəziyyətdə qalaraq həyati təhlükə ilə üzləşən sərhəd pozucularının xilas edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilib, sərhədçilərin peşəkar müdaxiləsi nəticəsində onların təxliyəsi mümkün olub.
Saxlanılan şəxslərin Pakistan Islam Respublikası vətəndaşları – 1975-ci il təvəllüdlü Begüm Raqia, 1991-ci il təvəllüdlü Ahmed Suleyman, 2000-ci il təvəllüdlü Sumera Süleyman Ahmed, 2021-ci il təvəllüdü Suleman Muhammed Sultan, 2022-ci il təvəllüdlü Skender Muhammed Sultan olduğu müəyyənləşdirilib.
Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə