Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistanın birinci prezidenti Levon Ter-Petrsoyanın 1993-cü ildə keçmiş qondarma qurumun nümayəndələri ilə keçirdiyi görüşə dair videomaterial nümayiş olunub. SİA xəbər verir ki, videomaterialda çıxış edən Levon Ter-Petrosyan Azərbaycan ərazilərində qanunsuz olaraq yaradılan qondarma quruma Ermənistan adından ən yüksək təhlükəsizlik zəmanətləri verdiyini xatırladıb.
O, qondarma qurum və Ermənistan arasında imzalanacaq təhlükəsizlik zəmanətləri barədə müqaviləni məxfi sənəd adlandırıb.
Kadrlarda Ermənistanın keçmiş prezidenti müqavilənin iki nüsxədən ibarət olacağını deyərək əlavə edib: “Dağlıq Qarabağ Respublikası beynəlxalq ictimaiyyətin, Rusiya Federasiyasının, ABŞ-ın və xüsusilə Ermənistan Respublikasının Prezidenti Levon Ter-Petrosyanın zəmanətlərinə güvənir".
L.T.Petrosyan bildirir ki, Ermənistan özünün bütün imkanlarından, o cümlədən birbaşa hərbi müdaxilədən istifadə edəcəyini öhdəsinə götürür və gələcək danışıqlarda Laçının Azərbaycana verilməsi ehtimalını istisna edir.
Məhkəmədə dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandıran təqsirləndirilən şəxs Arkadi Qukasyan L.T.Petrosyanla keçirilən həmin görüşdə iştirak etdiyini bildirib. Həmin görüşü taleyüklü məsələ adlandıran təqsirləndirilən şəxs videomaterialın Kəlbəcər rayonu işğal olunduqdan sonra çəkildiyini xatırladıb və deyib ki, həmin görüş zamanı keçmiş qondarma qurumun Azərbaycanla danışıqlar aparan qrupunun rəhbəri və qurumun deputatı idi.
A.Qukasyan əlavə edib ki, bu görüşdən sonra Georgi Petrosyan istefa verib: "Parlamentin sədri vəzifəsini Karen Baburyan icra etməyə başladı. O isə Robert Koçaryanla birlikdə Levon Ter-Petrosyanın təqdim etdiyi sənədi imzaladı.
Həmin sənədə əsasən, Ermənistan Respublikası münaqişə tam başa çatana qədər Qarabağın təhlükəsizliyinin təminatını öz üzərinə götürürdü”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə