Binəqədi seçiciləri partiyanın namizədi Kamaləddin Qafarovu dəstəkləyirlər

Əmək və Sosial Münasibətlər Akademiyasında 9 fevral tarixində ölkəmizdə keçiriləcək Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi 9 saylı Binəqədi ikinci Seçki Dairəsi üzrə irəli sürülmüş Kamaləddin Qafarovun seçiciləri ilə görüşü keçirildi. Görüşdə 500-ə yaxın seçici iştirak edirdi.

Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşov ölkəmizdəki seçki prosesi haqqında görüş iştirakçılarına məlumat verib. O, seçki qərargahının fəaliyyətindən, təbliğat kampaniyası çərçivəsində seçicilərlə olan çoxsaylı görüşlərdən danışdı. Bildirdi ki, ölkəmizdə 125 dairə fəaliyyət göstərir və 123 dairədə YAP-ın namizədləri təmsil olunur. R.Göyüşov namizədliyi irəli sürülmüş Kamaləddin Qafarovun Milli Məclisdəki fəaliyyətinə nəzər salaraq, bildirdi ki, o, gördüyü işlərlə artıq seçici nüfuzunu qazanıb. Sonra rayon təşkilatının sədri seçiciləri layiqli namizədə səs verməyə çağırdı.

Görüşdə çıxış edən Kamaləddin Qafarov bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsi olaraq, Azərbaycanın sürətli inkişafı təmin edilib, ölkə qarşısında yeni perspektivlər açılmasına şərait yaradılıb: "Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə cəmiyyət həyatının bütün sahələrində genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycanda bütün sahələr üzrə dərin məzmunlu islahatlar reallaşır. Aparılan islahatlar Azərbaycanın hərtərəfli inkişafına böyük təkan verir. Bütün bunlarla yanaşı, bu gün ölkənin qanunverici orqanında da dəyişikliklər aparılması zəruriətdən yaranmışdı ki, bu islahatlar da ölkəmizin daha da inkişafına və güclənməsinə yönəlib".

O, Prezident İlham Əliyevin xalqımızın bu günü və gələcəyinə hədəflənmiş hərtərəfli dinamik inkişafın, xalqımızın firavan yaşamasına hesablandığını vurğuladı. Qeyd etdi ki, bu gün Azərbaycan qlobal siyasətdə öz müstəqil siyasətini yeridən, bütün istiqamətlərdə öz milli maraqlarını təmin edən müasir bir dövlət olaraq, dünya dövlətləri arasında təsdiqini tapmışdır.

Kamaləddin Qafarov təmsil oldunduğu səhiyyə sektorunda baş verən dəyişikliklərdən və oradakı inkişafdan da danışdı. Son illər Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatların həyata keçirilməsi, mühüm dövlət proqramlarının qəbul olunması ilə əhalinin sağlamlığı daha etibarlı şəkildə qorunur və vətəndaşlar ən yüksək səviyyədə tibbi xidmətlərlə qarşılanır. Həmçinin, Kamaləddin Qafarov icbari tibbi sığortanın əhəmiyyəti haqqında da söz açdı. Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi və səhiyyənin maliyyələşmə sisteminin təkmilləşdirilməsi də bu islahatların mühüm tərkib hissəsi olduğunu qeyd etdi. Bildirdi ki, icbari tibbi sığortanın məqsədi səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək, habelə, əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir. O, çıxışının sonunda YAP-ın bu seçkilərə "Daha güclü Azərbaycan naminə" şüarı ilə qatıldığını bildirərək, seçicilərin etimadını qazanaraq, millət vəkili seçiləcəyi təqdirdə, bu etimadı doğrultmaq üçün çalışacağını vurğuladı və ona göstərilən yüksək etimadı doğruldacağına söz verdi.

Daha sonra seçicilər onları maraqlandıran sualları və narahat edən problemləri Kamaləddin Qafarova ünvanladılar.

Görüşdə çıxış edən seçicilər Bayram Əsədov, Çiçək Yusifova və digərləri partiyanın namizədi Kamaləddin Qafarova səs verəcəklərini bildiriblər.

Görüşün sonunda 9 saylı Binəqədi Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Kamaləddin Qafarovun fəaliyyətini əks etdirən video-çarx nümayiş olundu.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə