Deputatlığa namizəd Vüqar Bayramovun seçicilərlə görüşləri davam edir - FOTOLAR

84 saylı Füzuli Seçki Dairəsindən deputatlığa namizəd Vüqar Bayramov yanvarın 28-də seçicilərlə görüşlərinə Füzuli rayonunun Əhmədbəyli, Mahmudlu-2 və Qarabağ kəndlərindən başlayıb. SİA-nın verdiyi xəbərə görə, 300-ə yaxın seçicini öz tərcümeyi-halı və fəaliyyəti barədə məlumatlandıran Vüqar Bayramov onları əmin edib ki, deputat seçiləcəyi təqdirdə belə görüşləri mütəmadi keçirəcək, onları dinləyəcək, fəaliyyətini seçiciləri maraqlandıran məsələlər üzərində quracaq: “Siz seçdiyiniz deputata təkcə səlahiyyət vermirsiniz, həm də onun məsuliyyətini artırırsınız. Mən deputatlığa səlahiyyət kimi yox, məsuliyyət kimi baxıram. Özümü bu məsuliyyəti şərəflə daşımağa hazır hesab edirəm. Əməlimlə, işimlə, həmyerlilərimin yanında olmaqla verdiyim sözün üstündə duracağam”.

Çıxış edən seçicilər Füzuli rayonunu təmsil etmək üçün ən layiqli namizədin Vüqar Bayramov olduğunu, onu Milli Məclisdə görmək istədiklərini bildiriblər.

Görüşdə deputatlığa namizədi Milli Qəhrəman Vahid Quliyev və Qarabağ qazisi Həsən Əmirov müşayiət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...