Deputatlığa namizəd Elnur Allahverdiyevin seçicilərlə görüşü uğurla davam edir

YAP Mərkəzi Seçki Qərargahının Yasamal rayon şöbəsində Milli Məclisə deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən, 17 saylı Yasamal III Seçki Dairəsində qeydə alınan Elnur Allahverdiyevin seçicilər ilə növbəti görüşü keçirilib.

Ağsaqqalların iştirakı ilə keçirilən görüşdə YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov deputatlığa namizəd Elnur Allahverdiyev barədə seçicilərə məlumat verib.

Namizədin vəkili, tanınmış kulturoloq Fuad Məmmədov Elnur Allahverdiyevin şəxsi keyfiyyətləri, fəaliyyəti ilə bağlı fikirlərini söyləyib. Bildirib ki, əqli, mənəvi, intellekt mədəniyyəti şəxsiyyətində vəhdət halında birləşdirən və inkişaf etdirən Elnur Allahverdiyev cəmiyyətdə özünəlayiq hörmət qazanan sağlam düşüncəli ziyalılarımızdandır.

Görüşdə çıxış edən deputatlığa namizəd Elnur Allahverdiyev platformasında qeyd olunan vəzifələrdən ətraflı danışıb. Vurğulayıb ki, Heydər Əliyev Mərkəzinin əməkdaşı kimi, Ulu Öndər Heydər Əliyevin ideyalarının təbliğinə də diqqətlə yanaşır, YAP-ın Sədri Prezident İlham Əliyevin apardığı siyasətin gənc nəslə aşılanmasına da töhfələr verməyə çalışır. "Dövlət başçımız İlham Əliyevin siyasi-iqtisadi sahədə apardığı islahatlar platformamın əsas qayəsidir" deyən Elnur Allahverdiyev ölkəmizin beynəlxalq aləmdə qüdrətli dövlət kimi mövqeyini möhkəmləndirdiyindən, adı ən çox islahatlar aparan ölkələr sırasında olduğundan, bir gənc kimi qürur duyduğunu bildirib. Gələcək işləri ilə bağlı məlumat verərək dünya iqtisadi sisteminə uğurla inteqrasiya edən Azərbaycanda həyata keçirilən iqtisadi islahatların tətbiqində iştirak etməyə çalışacağını vurğulayıb.

Seçicilərdən Ağahüseyn Qurbanov, Hacı Miretibar və başqaları çıxış edərək, namizədə uğurlar arzulayaraq, 9 fevralda YAP-ın namizədi Elnur Allahverdiyevə etimad göstərəcəklərini bildiriblər.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...