Deputatlığa namizəd Aydın Hüseynov Ələt qəsəbəsində seçicilərlə görüşdü

Yeni Azərbaycan Partiyası tərəfindən 11 saylı Qaradağ Seçki Dairəsindən namizədliyi irəli sürülən Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə növbəti görüşü keçirilib.

Görüşdə Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının aparat rəhbəri Hacı İbrahimov çıxış edərək bildirib ki, 11 saylı Qaradağ Seçki Dairəsindən namizədliyi irəli sürülən Aydın Hüseynovun təbliğat-təşviqat kampaniyası uğurla aparılır: "Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə xalqımızın ona göstərdiyi etimadı doğruldub və xalqın partiyasına çevrilməyi bacarıb. Bu, bir siyasi partiya üçün ən böyük nailiyyətdir".

Yeni Azərbaycan Partiyası tərəfindən 11 saylı Qaradağ Seçki Dairəsindən namizədliyi irəli sürülən Aydın Hüseynov qəsəbə sakinləri ilə görüşündə bildirdi ki, dövlət başçısı İlham Əliyevin reallaşdırdığı uğurlu layihələr və apardığı islahatlar nəticəsində Azərbaycanın bütün bölgələrində olduğu kimi, Qaradağ rayonunda da böyük işlər görülüb: "Şübhəsiz ki, bütün bunlar Ulu Öndər Heydər Əliyev ideyalarının və bu gün bu ideyaları layiqincə həyata keçirən Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Bu uğurlu siyasət dövlətçiliyimizin, xalqımızın inkişafına və tərəqqisinə yönəlmişdir. Prezident İlham Əliyev ilk gündən bəyan edib ki, bizim siyasətimizin mərkəzində insan amili və Azərbaycan vətəndaşı dayanır. Atılan bütün addımların və həyata keçirilən siyasətin də məqsədi Azərbaycan vətəndaşlarının ən yüksək həyat şəraiti ilə təmin olunmasıdır".

Aydın Hüseynov, onu da vurğulayıb ki, Azərbaycanda bütün sahələrdə davamlı inkişafı təmin etmək üçün konkret dövlət proqramları həyata keçirilir: "Regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin olunması, təhsil, elm, mədəniyyət sahələrində əsaslı uğurların qazanılması və digər istiqamətlərdə həyata keçirilən dövlət proqramlarının bugünkü uğurlu nəticələri, bir daha sübut edir ki, məqsədyönlü şəkildə effektiv islahatlar bütün sahələrin paralel inkişafını təmin edib. Təbi ki, bu nailiyyətlər ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir və cəmiyyətimiz xalqın mənafeyinə xidmət edən bu siyasi kursu dəstəkləyir. Bu seçkilərdə də mən seçicilərin dəstəyinə inanaraq, daim onlarla birgə olmağı, ölkəmiz və xalqımız naminə çalışmağı vəd edirəm. Əminəm ki, bütün seçkilərdə inamlı qələbə əldə edən Yeni Azərbaycan Partiyası Milli Məclisə növbəti seçkilərdə də qələbə qazanacaq. Mən sizləri bundan sonra da dövlətə və xalqa xidmət edən YAP-ın namizədlərinə səs verməyə çağırıram."

Görüşdə Ələt qəsəbəsinin ağsaqqalları Elçin Rəsulov, Qurbanqulu Rəhimov, Nizami Mehdiyev və Samir Səlimov çıxış edərək bildiriblər ki, hər zaman Aydın Hüseynov seçicilərin həm xeyrində, həm də şərində yanında olub, problemləri ilə maraqlanıb və həll edilməsində yardımçı olub. Bu gün də bura yığışmaqda məqsədimiz Aydın Hüseynovu dəstəkləməkdir.

Tədbirin sonunda deputatlığa namizəd Aydın Hüseynov qəsəbənin sakinlərinin suallarını cavablandırıb, birinci qrup əlilə baş çəkib və onları narahat edən problemləri ilə yaxından tanış olub.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə