Respublikanın 9 iqtisadi rayon üzrə Demoqrafiya və Sağlamlıq Sorğusu aparılır

Respublikanın 9 iqtisadi rayon üzrə Demoqrafiya və Sağlamlıq Sorğusu aparılır

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Demoqrafiya və Sağlamlıq Sorğusu (DSS) aparılır. İSİM-in Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səadət Hənifəyevanın SİA-ya verdiyi xəbərə görə, avqustda Bakının Xəzər, Qaradağ rayonlarında, Abşeron rayonunda, Lənkəranda, Astarada, Qubada, Qusarda, Kürdəmirdə, Ucarda, Bərdədə, Tərtərdə, Ağdaşda, Göyçayda, Mingəçevirdə, Zaqatalada, Balakəndə, Tovuzda, Qazaxda sorğu işləri tamamlanıb. Bakının Suraxanı rayonunda, Abşeronun Sabunçu rayonunda, Xaçmazda, Ağdamda, Sabirabadda, Şəkidə, Ağstafada tədqiqat davam etdirilir.

Sentyabr ayı üzrə növbəti günlərdə isə Bakının Nəsimi, Xətai, Nərimanov, Binəqədi rayonları, Abşeronun Yasamal rayonunda, eləcə də Gəncə, Sumqayıt, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Siyəzən, Şabran, Xızı, Hacıqabul, Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Füzuli, Yevlax, Qax, Oğuz, İsmayıllı, Qəbələ, Şəmkir, Gədəbəy və Daşkəsəndə sorğuya başlanılacaq. Sorğunu 10 qrup olmaqla, supervayzerlər və intervüyerlər aparırlar.

Oktyabrın sonuna kimi davam etdirilməsi nəzərdə tutulan DSS Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmaz, Aran, Lənkəran, Yuxarı Qarabağ və Dağlıq Şirvan iqtisadi regionlarını əhatə edir. Sorğu üçün 9 iqtisadi rayon üzrə 321 klaster, onların hər birində isə təsadüfi üsulla 24 ev təsərrüfatı seçilib.

Bundan əlavə, Bakıda endoskopiya, kardiologiya, uşaq kardiologiyası, neonatologiya, akuşer–genikologiya, nefrologiya ixtisasları üzrə təkmilləşdirilmə kursları təşkil ediləcək. Səhiyyə Nazirliyi ilə Rusiya Federasiyasının Diplomdan sonrakı Tibb təhsili Akademiyası arasında imzalanmış saziş çərçivəsində baş tutan bu kurslarda iştirak etmək istəyən mütəxəssislər sentyabrın 25-i saat 15:00-dən-17:00-dək Səhiyyə Nazirliyinə müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə