Uğurlu ixtisas seçimi gələcək mütəxəssislərin karyerasının təməlidir - MÜSAHİBƏ

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının "Abituriyent" jurnalının baş redaktor əvəzi Rabil Novruzovun SİA-ya müsahibəsi



- Rabil müəllim, ali məktəblərə qəbul kampaniyasında ən önəmli məsələlərdən biri düzgün ixtisas seçimidir. Bu istiqamətdə jurnalınızda abituriyentlərə kömək məqsədilə hansı materiallar hazırlanıb?


- Təhsil sahəsində həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu işidir. Bu iş mütəxəssis hazırlığının əsasını təşkil edir. Tələbə qəbulunun xüsusi əhəmiyyət kəsb edən mərhələlərindən biri isə ixtisas seçimi məsələsidir. Təcrübə göstərir ki, bu mərhələdə abituriyentlərin məsləhət və tövsiyələrə ciddi ehtiyacları yaranır. Jurnalımızda bununla əlaqədar olaraq gənclərə metodiki kömək məqsədi daşıyan müxtəlif materiallar dərc edilir. Biz istəyirik ki, qəbul imtahanlarından yetərli bal toplayaraq müsabiqəyə buraxılan abituriyentlər öz bilik, bacarıq və qabiliyyətlərinə uyğun ixtisas seçsinlər. Bunun üçün biz abituriyentlərin ixtisas seçimində rastlaşdıqları çətinlikləri nəzərə alaraq, hər il onlara metodiki kömək istiqamətində vəsaitlər hazırlayır, müxtəlif məzmunda və çeşiddə zəruri tədris-metodiki vəsaitlər, tövsiyə və sorğu materialları çap edirik.


- Fikrinizcə, abituriyentlərin gələcək mütəxəssis kimi formalaşmasında düzgün ixtisas seçiminin nə kimi əhəmiyyəti var?


- Gənclərin gələcək mütəxəssis kimi uğurları, arzu və istəklərinin reallaşması məhz ixtisas seçimi mərhələsində kifayət qədər düşünülmüş qərar qəbul etmələrindən çox asılı olur. Onlar hərtərəfli götür-qoy edilmiş ixtisas seçimi ilə öz gələcək karyeralarının əsasını qoymuş olurlar. Ümumiyyətlə, ixtisas seçərkən "Mən nə istəyirəm?"; "Mən nəyi bacarıram?"; "Mənim seçdiyim ixtisasa tələbat nə dərəcədədir?" kimi suallara cavabı əsas götürmək lazımdır. Bu zaman uğurlu ixtisas seçiminə müsbət təsir göstərən məlumatlarla ətraflı tanış olmaq istəyi ilə bərabər öz bilik və bacarığını, hazırlıq səviyyəsini və mövcud müsabiqə vəziyyətinin reallıqlarını düzgün qiymətləndirmək lazımdır.

Hər bir gənc seçim barədə qərar verməzdən əvvəl ixtisasın mahiyyətini dərk etməli, onu yaxşı-yaxşı təhlil etməli, bütün cəhətləri əvvəlcədən nəzərə almalıdır. Lakin təcrübə göstərir ki, ali təhsil müəssisələrinə qəbula hazırlaşanların heç də hamısı bakalavr ixtisaslarının mahiyyəti haqqında tam və aydın təsəvvürə malik olmur və təəssüf ki, bir çox hallarda kortəbii seçim edirlər. Buna görə də gənclərimizə ali təhsil ixtisaslarının xarakteristikası, təyinatı, bakalavriat təhsili başa çatdıqdan sonra peşə-ixtisas hazırlığına uyğun olan fəaliyyət sahəsi və istiqamətləri, gələcək iş yerləri barədə məlumat və açıqlamalar verilməsinə böyük ehtiyac vardır.


- TQDK hər il abituriyentlərə kömək məqsədilə "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" adlı vəsaitlər çap edir, bu nəşrlər abituriyentlərə nə kimi köməklik göstərir?


- Bəli, abituriyentlərin ixtisas seçiminə kömək məqsədilə TQDK hər il ayrı-ayrı ixtisas qrupları üzrə "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" adlı vəsaitlər hazırlayır. Vəsaitlərdə təhsil formaları, Azərbaycan və rus bölmələri və hər iki bölmənin birgə müsabiqəsinə aid qəbul planları verilir, müsabiqəyə buraxılma şərtləri dərc edilir, eyni zamanda, müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin imtahan ballarının paylanmasına dair məlumatlar təqdim olunur. Bu da hər bir müsabiqə iştirakçısına özündən çox və özündən az bal toplayan abituriyentlərin, yəni "rəqiblərinin" sayı və keçid ballarına nəzərən müsabiqə vəziyyəti yüksək və aşağı olan ixtisaslar haqqında məlumat almağa, ixtisas seçimi zamanı yaranan müsabiqə vəziyyətində öz yerini təqribən də olsa müəyyən etməyə, bu və ya digər ixtisasa qəbul olmaq şansını real qiymətləndirməyə imkan yaradır. Nəticə etibarilə bütün bunlar abituriyentin ixtisas seçiminin uğurlu olmasına, seçim zamanı onun düzgün, ağıllı qərar qəbul etməsinə müsbət təsir göstərir.


- Bu ildən jurnalınızın xüsusi buraxılışı kimi "Ali təhsil müəssisələrinin bakalavr ixtisasları" adlı vəsaitlər nəşr edilib. Bu vəsaitlərin hazırlanmasına nədən ehtiyac yaranıb, məqsəd nədən ibarətdir?


- Ayrı-ayrı illərdə aparılan müşahidələr gənclərin ixtisas seçimi məsələsində problemlərin olduğunu göstərir. Abituriyentlərin bir çoxu hələ də düşünülmüş, əsaslandırılmış qərarlar qəbul etməkdə çətinlik çəkirlər. Bunun bir neçə obyektiv və subyektiv səbəbi vardır. Bəzən abituriyentlər istər müəllimləri, istərsə də valideynləri tərəfindən peşələrə düzgün istiqamətləndirilmirlər, onların ixtisas və peşələr haqqında məlumatları kifayət qədər olmur. Belə də olur ki, abituriyentlər lazımi məlumatlara malik olmadıqlarından peşə və ixtisasları ancaq zahiri cəhətlərinə görə seçirlər. Valideynlərin yersiz təsiri də mənfi rol oynayır, nəticədə isə ixtisasın məzmunu və gələcəyi haqqında çox əhəmiyyətli məsələlər arxa plana keçir.

TQDK abituriyentlərin düşünülmüş ixtisas seçimi etmələrinə və bu istiqamətdə dəqiq addım atmalarına kömək məqsədilə bütün bakalavr ixtisaslarını əhatə edən məlumat-sorğu vəsaitlərinin hazırlanmasını məqsədəuyğun hesab edib. "Ali təhsil müəssisələrinin bakalavr ixtisasları" adlanan bu nəşr Nazirlər Kabineti tərəfindən təsdiq edilən "Ali təhsil pilləsinin dövlət standartları və proqramı" sənədinə istinadən və TQDK-nın informasiya bazasında olan məlumat və materiallar əsasında hazırlanıb. Vəsaitlər ixtisas qruplarına uyğun olaraq 4 kitabdan ibarətdir. Birinci kitabda I qrupun 65 ixtisası, ikinci kitabda II qrupun 19 ixtisası, üçüncü kitabda III qrupun 45 ixtisası, dördüncü kitabda IV qrupun 23 ixtisası haqqında məlumatlar verilir. Hər bir ixtisas haqqında təqdim olunan informasiyada həmin ixtisas üzrə kadrların hansı təhsil müəssisəsində hazırlanması, ixtisasın xarakteristikası, təyinatı, bu və ya digər ixtisas üzrə hazırlanan bakalavrlara təhsil müddətində tədris edilən peşə-ixtisas fənləri, həmin fənlər əsasında onlara öyrədilən ixtisas bilik və bacarıqları şərh olunur, onların gələcək fəaliyyətinin əsas sahə və istiqamətləri və iş yerləri barədə məlumat verilir. İxtisasların siyahısı ali təhsil müəssisələrinə 2010-cu ilin qəbul planı əsasında təqdim olunur.


- Vəsaitdə ayrı-ayrı qruplar üzrə ixtisaslar hansı formada qruplaşdırılıb?


- Birinci qrupun ixtisasları şərti olaraq mühəndislik ixtisasları, elmi-texniki sahəyə aid ixtisaslar və müəllimlik ixtisaslarından ibarət olan üç istiqamət üzrə qruplaşdırılıb. II qrupun ixtisasları iqtisadiyyat, idarəetmə və müəllimlik ixtisaslarıdır. III qrupa daxil olan ixtisaslar humanitar yönümlü ixtisaslardır, onların bir qismi xüsusi qabiliyyət tələb edən ixtisaslardır. Onlar ayrıca bölmədə təqdim edilir. IV qrupun ixtisasları şərti olaraq kənd təsərrüfatı, təbiət, səhiyyə, təhsil və sosial xidmət istiqamətləri üzrə qruplaşdırılıb. Bu qrupa daxil olan ixtisaslardan ikisi xüsusi qabiliyyət tələb edən ixtisasdır.

İxtisaslarla bağlı informasiyalar vəsaitdə göstərilən istiqamətlər üzrə əlifba sırası ilə təqdim edilir. Vəsaitdə ayrı-ayrı ixtisasların mahiyyəti və xarakteristikası ilə bağlı işlənən terminlərin "Qısa izahlı lüğət"i də verilib. Həmin terminlər bir ulduzla işarələnib. Lüğətdə iki ulduzla işarələnən terminlər də var ki, onların ayrıca izahı verilir. Lüğət bu və ya digər anlayışlar haqqında məlumat verməklə ixtisasların mahiyyəti və xarakteristikalarının qavranılmasını asanlaşdırır.

Bakalavr ixtisasları haqqında bu nəşr ilk təşəbbüsdür. Yəqin ki, müəyyən arzu, təklif, rəylər də olacaq. Bunlar kitabların gələcəkdə daha da təkmilləşdirilməsinə töhfə verə bilər. Daxil olan bütün arzu, təklif və rəyləri biz hökmən nəzərə alacağıq. Bu işdə bütün oxucuların fəal iştirakını gözləyirik.


- Yeni vəsaitlərin abituriyentlərin ixtisas seçiminə nə kimi köməyi olacaq?


- "Ali təhsil müəssisələrinin bakalavr ixtisasları" vəsaitləri ixtisas seçimi ilə bağlı məsələlərdə ciddi və düşünülmüş addımlar atmaqda abituriyentlərə, şagirdlərə, eləcə də, valideynlərə dəyərli bələdçi olacaq. Bu kitablar, eyni zamanda, şagirdlərin peşəyönümü tərbiyəsi işi ilə məşğul olan müəllimlər üçün faydalı vəsaitlərdir. Kitablardan geniş pedaqoji ictimaiyyət, ekspertlər, həmçinin, bakalavrların gələcək peşə fəaliyyətini gerçəkləşdirəcək idarə, müəssisə və təşkilatlar da yararlana bilər.


- Abituriyentlərə ixtisas seçimi zamanı daha nə kimi məsləhətlər verərdiniz?


- Əziz abituriyentlər! Uğurlu ixtisas seçimi ilə sizin bütün gələcək karyeranızın təməli qoyulur. Ümid edirik ki, təqdim olunan bu məlumat-sorğu vəsaitləri siz gənclərə öz peşəyönümünüzü düzgün müəyyənləşdirməkdə, ixtisas seçiminizə daha həssas yanaşmaqda kömək edəcək. İstərdik ki, ixtisas seçimi zamanı siz öz istək, bilik və bacarığınızla bərabər, cəmiyyətin sifariş və ehtiyaclarını da nəzərə alasınız.


KÖNÜL KAMİLQIZI


Bütün xəbərlər Facebook səhifəmizdə