"Təhsildə yaradıcı və tənqidi düşüncənin inkişafı erkən yaşlardan başlamalıdır" - MÜNASİBƏT BİLDİRİLDİ
"Ölkədə yaradıcı və tənqidi düşüncənin inkişafı üçün əsas istiqamət məhz təhsildən başlamalıdır. Bu proses isə erkən yaşlardan — bağça və ibtidai təhsil pilləsindən etibarən həyata keçirilməlidir. Uşaqlara elə mühit yaradılmalıdır ki, onlar çərçivədən kənar düşünməyi öyrənsinlər, sərbəst fikir bildirməkdən çəkinməsinlər və öz yaradıcı yanaşmalarını ifadə edə bilsinlər". Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi deyib.
Onun sözlərinə görə, son illərdə təhsil proqramlarında bu istiqamətdə müəyyən dəyişikliklər baş vermiş və mövcud kurikulumlar yaradıcı və tənqidi təfəkkürün inkişafına uyğunlaşdırılmışdır. Beynəlxalq təcrübələr də nəzərə alınaraq bəzi ümumtəhsil məktəblərində STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) yanaşması tətbiq edilməyə başlanmışdır. Bu yanaşma, sözsüz ki, şagirdlərin yaradıcı və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirməyə yönəlib: "Kurikulumda yaradıcı təfəkkürün formalaşması üçün imkanlar yaradılır. Şagirdlər dərs zamanı sərbəst şəkildə yaradıcı fikirlər irəli sürə, fərqli yanaşmalar təklif edə bilirlər. Lakin tənqidi təfəkkürün inkişafı ilə bağlı hələ də müəyyən problemlər qalmaqdadır. Baxmayaraq ki, tənqidi düşüncə də kurikulumda nəzərdə tutulmuşdur, bəzən təhsil proqramının strukturu elə qurulur ki, şagirdlər öz tənqidi fikirlərini açıq şəkildə ifadə etməkdə çətinlik çəkirlər. Bəzən müəllimə və ya mövzuya yönəlik tənqidi fikirlər bildirməkdən ehtiyat edirlər. Bu isə təbii olaraq onların fikir sərbəstliyini məhdudlaşdırır və təfəkkür azadlığını zəiflədir.
Buna görə də, əsas diqqət mərkəzində olan məsələ bu bacarıqların — həm yaradıcı, həm də tənqidi təfəkkürün — erkən yaşlardan formalaşdırılmasıdır. Məktəbəqədər və ibtidai təhsil pillələrindən başlayaraq, şagirdlərə bu bacarıqları inkişaf etdirməyə imkan verilməli, onların sərbəst düşünmə, sual vermə, analiz etmə və öz fikrini əsaslandırma bacarıqları təşviq olunmalıdır. Təhsil sistemi, müəllim yanaşmaları və dərs metodikası da bu istiqamətdə uyğunlaşdırılmalıdır ki, gələcək nəsil daha analitik, yaradıcı və tənqidi düşünə bilən fərdlər kimi yetişsin".
Bütün xəbərlər Facebook səhifəmizdə