"Təhsildə bərabərsizliyin azaldılması yalnız infrastrukturla bağlı məsələ deyil" - AYDINLIQ GƏTİRİLDİ

"Təhsildə bərabərsizlik və bölgələr üzrə fərqlər təkcə infrastruktur və resurs çatışmazlığı ilə bağlı deyil, həm sosial mühit, həm kadr siyasəti, həm də idarəetmə mexanizmlərinin bölgələr üzrə fərqli işləməsi nəticəsində yaranan çoxsahəli struktur problemdir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sölərinə görə, son illərdə şagird nailiyyətlərinin monitorinqi, PISA və milli qiymətləndirmələrin nəticələri göstərir ki, Bakı və iri şəhərlərlə regionlar arasında akademik nəticə fərqi 1,8–2 dəfə səviyyəsindədir. Bu uçurum təhsilin güzgüsü olmaqla yanaşı, birbaşa insan kapitalının bölgələr üzrə inkişaf tempini də müəyyən edir. Problemin kökü tək bir sahəyə bağlı deyil, həm məktəb mühiti, həm müəllim təminatı, həm də sosial-iqtisadi fonla bağlı kompleks mexanizmlərin nəticəsidir.

Statistika təsdiqləyir ki, müəllim çatışmazlığı bölgələrdə daha kəskindir: bəzi rayonlarda riyaziyyat və fizika fənləri üzrə müəllim çatışmazlığı 30 faizdən çoxdur, ibtidai sinifdə isə ixtisasdan kənar müəllimlərin payı bəzən 25 faizə qədər yüksəlir. “Təhsil haqqında” Qanunun 14-cü maddəsində təhsilalanların bərabər imkanlara malik olması dövlətin əsas vəzifələrindən biri kimi qeyd edilsə də, regionlarda həm resurslara çıxış, həm müəllim keyfiyyəti, həm də məktəb mühitinin təhlükəsizliyi faktiki olaraq bərabər şəkildə təmin edilmir. Bu normativ baza ilə faktiki vəziyyət arasındakı fərq bərabərsizliyin hüquqi çərçivə baxımından da nəzərə alınmasını tələb edir.

Dünya təcrübəsi göstərir ki, Estoniya, Polşa, Sinqapur kimi ölkələrdə bölgələrarası fərqlərin azalmasının əsas səbəbi məhz məqsədli siyasət, diferensial maliyyələşmə və ən yaxşı müəllimlərin məhz çətin regionlara cəlb olunması modelidir. Estoniyada çətin region məktəblərinə əlavə 20–30 faiz maliyyə ayrılması nəticəsində 10 ildən az müddətdə bərabərsizlik 40 faiz azalıb. Polşada kənd məktəblərində müəllimlər üçün əlavə əməkhaqqı və lift mükafatı tətbiq edilib və nəticədə kənd məktəblərinin PISA nəticələri şəhər məktəbləri ilə bərabərləşib. Bu müqayisə göstərir ki, məqsədli resurs yönləndirilməsi təhsildə bərabərliyin təmin olunmasında həlledici amildir.

Azərbaycan kontekstində bərabərsizliyin daha da dərinləşdiyi sahələrdən biri infrastruktur və texnoloji təminatdır. İnternet çıxışı, laboratoriyalar, STEAM otaqları və elektron təhsil resurslarına çıxış şəhərlərdə daha genişdir. Regionlarda isə bir çox məktəblərdə internet sürəti 5–10 Mbit/s səviyyəsindədir ki, bu da müasir rəqəmsal dərslərin keçirilməsi üçün kifayət etmir. Lakin son illərdə Elm və Təhsil Nazirliyi tərəfindən STEAM laboratoriyalarının bölgələrdə də açılması, məktəblərin internet infrastrukturlarının yenilənməsi və təhsil portallarına çıxışın genişləndirilməsi istiqamətində atılan addımlar müsbət dinamika yaradır və bərabərliyin təmin olunması üçün real baza formalaşdırır.

Sosial-iqtisadi amillər də bərabərsizliyə birbaşa təsir edir. Şagirdlərin təhsil müvəffəqiyyəti ailənin gəlir səviyyəsi və sosial mühitlə sıx bağlıdır. OECD göstəricilərinə görə, sosial-iqtisadi vəziyyət şagird nəticələrinə 20–25 faiz təsir edir. Regionlarda ailələrin gəlir səviyyəsi aşağı olduğundan repetitor xidmətlərinə çıxış məhduddur və bu, təhsil nəticələrini daha da zəiflədir. Bununla yanaşı, Nazirliyin aztəminatlı ailələr üçün müxtəlif dəstək proqramları tətbiq etməsi və məktəblərdə sosial psixoloji xidmətləri gücləndirməsi bu fərqin qismən yumşaldılmasına xidmət edən müsbət addımlardır.

Təhlil göstərir ki, dəyişəcək əsas məsələ təhsilin məzmununun, kadr siyasətinin və idarəetmənin bölgələr üzrə diferensiallaşdırılmasıdır. Dəyişməli olan – bütün məktəblərdən eyni nəticəni gözləyən vahid, sərt modeldir; əvəzində sosial-iqtisadi şəraiti, coğrafi mövqeyi, kadr təminatını nəzərə alan çevik, ehtiyaca əsaslanan model tətbiq olunmalıdır. Bu yanaşma regionların ehtiyaclarına uyğunlaşdırılmış maliyyələşmə, müəllimlər üçün əlavə stimullar, psixoloji xidmətlərin gücləndirilməsi və məktəb rəhbərliyinin müstəqilliyinin artırılması kimi mexanizmlərlə dəstəklənməlidir.

Elm və Təhsil Nazirliyinin son illərdə region müəllimlərinə sosial dəstək paketi tətbiq etməsi, kənd yerlərində çalışan müəllimlər üçün əlavə ödənişlərin verilməsi, yeni məktəblərin tikilməsi, STEAM və rəqəmsal bacarıqlar layihələrinin bölgələrə yayılması bərabərsizliyin aradan qaldırılması istiqamətində əhəmiyyətli müsbət addımlardır. Bu siyasətin ardıcıl və daha genişmiqyaslı şəkildə davam etməsi təhsildə bölgələrarası fərqlərin tədricən azalmasına real zəmin yaradır.

Hesab edirəm ki, təhsildə bərabərsizliyin azaldılması yalnız infrastrukturla bağlı məsələ deyil; məzmun, insan resursları, sosial dəstək, psixoloji xidmət və idarəetmə modellərinin vahid strategiya çərçivəsində yenilənməsi tələb olunur. Bu yanaşma tətbiq olunduğu halda, ölkənin bütün bölgələrində təhsilin keyfiyyətinin balanslı şəkildə yüksəlməsi mümkün olacaq və bərabərsizlik uzunmüddətli perspektivdə əhəmiyyətli dərəcədə azalmış olacaq".

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə