Mətləb Salahov: “İran müharibəsinə görə yüksələn enerji qiymətlərindən ən çox Rusiya yararlanır”
“Hazırda İran ətrafında gedən müharibə daha çox Rusiyaya sərf edən planda davam edir. Dünyada enerji qiymətləri sürətlə yüksəlir ki, bu da Rusiyanın əlini gücləndirən əsas faktordur. İş o yerə çatıb ki, Avropa Şurasının prezidenti Antoniu Koşta elan edib ki, Yaxın Şərqdəki müharibənin qazanan tərəfi Rusiyadır. Hazırda Rusiya dünyaya ikiqat baha qiymətə enerji satır. Bu, real tablodur. Donald Tramp İranın nüvə imkanlarını heçə endirdiklərini və onun təhlükəli ölkə imicindən əsər-əlamət qalmadığını desə də, bunlar inandırıcı görünmür. Çünki vaxtilə ABŞ İraqa və digər Yaxın Şərq ölkələrinə də “nüvə silahı var” iddiası ilə hücum etmiş, sonradan bunun bir bəhanədən başqa bir şey olmadığı üzə çıxmışdı. İndi də İranla bağlı nüvə iddiaları sadəcə iddiadır.”
Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, biz D.Trampın İran müharibəsinə hansı gizli məqsədlə başladığını bilmirik. Lakin görünən odur ki, hələ ki, İranda nə rejim dəyişikliyi baş verib, nə küçələrə çıxıb ABŞ bombalarını bayram edən milyonları görürük, nə də Ağ Ev rəhbərinin iddia etdiyi ordu zəifləməsini.
“Əlbəttə. bu müharibəyə başlayanda Ağ Evdə gizli plan da çoxdan hazırlanıb. Sadəcə, üzdə olan vəziyyət odur ki, öldürüldüyü iddia edilən ata Xomeneinin əvəzinə İranda oğul Xomenei hakimiyyətə gəldi. Rejim daxilində parçalanma da gözə dəymir. D.Tramp hansı gizli məqsədlərinə çatdı? - bu, müəmmalıdır. Lakin bütün bunların əvəzində dünya enerji bazarında neftin və qazın qiymətləri kəlləçarxa qalıb. Hazırda neftin 1 barelinin qiyməti 110 dolları keçib və hadisələr bu cür davam edərsə, qiymətin hətta 170-200 dollara qədər qalxması da proqnozlaşdırılır. Bu vəziyyətdən isə Rusiya yetərincə gözəl faydalanır. Sanki D.Tramp Vladimir Putinin “əlinə oynayır”. Əlbəttə, nə baş verdiyi sirdir, amma hələ ki, məqsədsiz müharibəyə başlayanın D.Tramp, qazananın isə V.Putin olduğu üzdə olan həqiqətdir”.
Afət Tahirqızı
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB