Azərbaycanın enerji strategiyası: 12 ölkəyə qaz ixrac edən etibarlı tərəfdaş - MƏQALƏ

Azərbaycanın həyata keçirdiyi uzaqgörən enerji siyasəti ölkəmizi qlobal enerji bazarında etibarlı tərəfdaşlardan birinə çevirib. Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında çıxışı da Azərbaycanın bu sahədə əldə etdiyi uğurları və gələcək prioritetlərini bir daha nümayiş etdirdi. Dövlət başçısı çıxışında Azərbaycanın enerji təhlükəsizliyi sahəsində mühüm rol oynadığını və ölkəmizin beynəlxalq enerji əməkdaşlığında etibarlı tərəfdaş kimi qəbul edildiyini xüsusi vurğuladı. Prezident İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan öz təbii qazını 12 ölkəyə ixrac edir və bu coğrafiya getdikcə genişlənir. Bu isə ölkəmizin enerji siyasətinin uğurla həyata keçirildiyini göstərən əsas göstəricilərdən biridir. Azərbaycanın qaz ixrac etdiyi ölkələr arasında həm region dövlətləri, həm də Avropa ölkələri yer alır. Bu fakt Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaşlardan biri olduğunu təsdiqləyir.​​​​​​​​​​​Azərbaycanın enerji strategiyasının təməli isə 1994-cü ildə imzalanmış və tarixə “Əsrin müqaviləsi” kimi düşmüş mühüm sənədlə qoyulub. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində imzalanan bu müqavilə Azərbaycanın dünya enerji bazarına inteqrasiyasının əsasını qoydu. “Əsrin müqaviləsi” ölkəmizə böyük həcmdə xarici investisiyaların cəlb edilməsinə, yeni enerji layihələrinin həyata keçirilməsinə və Azərbaycanın qlobal enerji xəritəsində mühüm mövqe qazanmasına şərait yaratdı. Bu strateji qərarın davamı olaraq sonrakı illərdə həyata keçirilən iri enerji layihələri Azərbaycanın iqtisadi inkişafına ciddi töhfə verdi. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və digər beynəlxalq enerji layihələri ölkəmizin enerji resurslarının dünya bazarlarına təhlükəsiz və dayanıqlı şəkildə çatdırılmasını təmin etdi. Bu layihələr təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan Azərbaycanın mövqeyini gücləndirdi və ölkəmizi regionun aparıcı enerji mərkəzlərindən birinə çevirdi.​​​Son illərdə isə Azərbaycanın enerji siyasətində yeni istiqamət – bərpaolunan enerji mənbələrinin inkişafı xüsusi önəm qazanıb. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan yalnız ənənəvi enerji resurslarının ixracı ilə kifayətlənmir, eyni zamanda yaşıl enerji sahəsində də böyük potensiala malikdir. Bu istiqamətdə ölkəmizdə günəş və külək enerjisi üzrə geniş layihələr həyata keçirilir. Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrinin “yaşıl enerji zonası” elan olunması Azərbaycanın bu sahədəki strateji yanaşmasını nümayiş etdirir. Bu ərazilərdə həyata keçirilən layihələr bərpaolunan enerji istehsalının artırılması ilə yanaşı, regionun iqtisadi inkişafına da mühüm töhfə verir. Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığı nəticəsində ölkəmizdə böyük həcmli günəş və külək elektrik stansiyalarının tikintisi planlaşdırılır. Bu layihələr həm enerji istehsalının şaxələndirilməsinə, həm də ekoloji cəhətdən təmiz enerji mənbələrinin payının artırılmasına xidmət edir. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, Azərbaycanın enerji siyasəti uzunmüddətli və strateji yanaşmaya əsaslanır. Ölkəmiz həm mövcud enerji resurslarından səmərəli istifadə edir, həm də gələcəyin enerji modelinə uyğun olaraq yaşıl enerji layihələrini inkişaf etdirir.​​​​​Bu gün Azərbaycan qlobal enerji təhlükəsizliyinə töhfə verən, etibarlı tərəfdaş kimi qəbul edilən və eyni zamanda yaşıl enerji sahəsində yeni imkanlar yaradan ölkə kimi beynəlxalq arenada nüfuzunu daha da artırır. Uğurlu enerji strategiyası və düşünülmüş siyasət nəticəsində Azərbaycan həm regionda, həm də dünyada enerji əməkdaşlığının mühüm mərkəzlərindən birinə çevrilməkdə davam edir.

YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov.

Bütün xəbərlər Facebook səhifəmizdə