Dr.Naidə Novruzova: “Hormonlar kifayət qədər olmadıqda və ya artıq olduqda orqanizmə mənfi təsir göstərir”- Müsahibə

Son dövrlər ölkəmizdə qalxanabənzər vəzi xəstəliklərindən əziyyət çəkənlərin sayında artım müşahidə edilir. Bunun da bir sıra səbəbləri var. Qalxanabənzər vəzinin yaranmasında yod çatışmazlığı ilə yanaşı, stress, qida rasionunun pozulması, zərərli vərdişlər, cinsi hormonların disfunksiyası, radiasiya, fiziki aktivliyin zəifləməsi, viral infeksiya, bakteriyalara yoluxma və genetik faktorlar da xüsusi rol oynayır.

Bu barədə suallarımızı Mərkəzi Gömrük Hospitalı endokrinoloqu Dr.Naidə Novruzovaya ünvanladıq. Naidə həkimlə müsahibəni nəzərinizə çatdırırıq.

– Naidə həkim, qalxanvari vəzinin orqanizmdə rolu nədən ibarətdir?

– Qalxanvari vəzi insan orqanizmində maddələr mübadiləsini tənzimləyən əsas orqanlardan biridir. O, tiroksin (T4) və triyodtironin (T3) hormonlarını ifraz edərək hüceyrələrin enerji istehsalını, oksigen istifadəsini və ümumi metabolik sürəti idarə edir.

Bu hormonlar ürəkdən başlayaraq beyin, qaraciyər, böyrəklər, həzm sistemi, reproduktiv orqanlar və hətta dəriyə qədər bütün sistemlərə təsir göstərir. Hormonlar kifayət qədər olmadıqda maddələr mübadiləsi ləngiyir, insan özünü halsız və enerjisiz hiss edir. Əksinə, hormonlar artıq olduqda metabolizm sürətlənir, orqanizm “sürətli rejimdə” işləməyə başlayır.

Hər iki hal – həm çatışmazlıq, həm də artıqlıq – orqanizmə mənfi təsir göstərir və vaxtında diaqnostika olunmadıqda ciddi fəsadlara səbəb ola bilər.

– Qalxanvari vəzi hormonları sinir sisteminə necə təsir edir?

– Qalxanvari vəzi hormonları sinir sisteminin fəaliyyətini birbaşa stimullaşdırır. Hormon artıqlığında xəstələrdə əsəbilik, səbəbsiz narahatlıq, panik hissi, yuxusuzluq, əllərdə titrəmə, diqqətin yayınması və emosional labillik (nevrotik sindromlar, somatogen asteniya, baş beynin üzvi patologiyası) müşahidə olunur. Bəzi hallarda xəstələr bunu psixoloji problem kimi qiymətləndirir və gecikmiş şəkildə endokrinoloqa müraciət edirlər.

Hormon çatışmazlığında isə tam əks mənzərə yaranır: yuxululuq, apatiya, depressiv əhval, yaddaş zəifləməsi və konsentrasiya çətinliyi. İnsan gündəlik işlərə marağını itirir, özünü daim yorğun hiss edir. Bu səbəbdən uzunmüddətli əhval dəyişikliklərində qalxanvari vəzi müayinəsi mütləq nəzərə alınmalıdır.

– Qalxanvari vəzinin funksiyasının pozulması zamanı ürək-damar sistemində hansı dəyişikliklər baş verir?

– Qalxanvari vəzi ürək-damar sisteminə çox həssas təsir göstərir. Funksiyanın artması zamanı ürək döyüntülərinin sayı artır (taxikardiya), ritm pozğunluqları yarana bilər, arterial təzyiq dəyişkən olur. Uzun müddət müalicə olunmadıqda ürək əzələsi yüklənir və ürək çatışmazlığı riski yüksələ bilər.

Hormon çatışmazlığında isə ürək fəaliyyəti zəifləyir, nəbz yavaşıyır, arterial təzyiq aşağı düşə bilər. Eyni zamanda qanda xolesterinin səviyyəsinin artması müşahidə olunur ki, bu da ateroskleroz və digər ürək-damar xəstəliklərinin inkişaf riskini artırır.

Yəni qalxanvari vəzi funksiyasının pozulması təkcə endokrin problem deyil, həm də kardioloji risk faktorudur.

– Qalxanvari vəzinin həzm sisteminə təsiri barədə nə deyə bilərsiniz?

– Maddələr mübadiləsinin sürəti həzm sisteminə birbaşa təsir göstərir. Qalxanvari vəzinin funksiyası zəiflədikdə bağırsaq hərəkətliliyi azalır, qəbizlik yaranır, öddə durğunluq inkişaf edə bilər. Bu da qarında köp, diskomfort və iştahanın azalması ilə müşayiət olunur.

Funksiya artdıqda isə bağırsaq hərəkətliliyi həddindən artıq sürətlənir, tez-tez ishal, qarında sancılar və çəki itkisi müşahidə edilir. Xəstələr bəzən bunu qida zəhərlənməsi və ya mədə problemi kimi qəbul edirlər, lakin səbəb hormonal balanssızlıq ola bilər.

– Bəs reproduktiv sistemdə hansı problemlər yarana bilər?

– Qalxanvari vəzi hormonları qadın və kişi reproduktiv sisteminə də təsir göstərir. Qadınlarda menstrual dövrün pozulması, aybaşı gecikmələri, güclü və ya zəif qanaxmalar, ovulyasiya problemləri yarana bilər. Həmçinin, sonsuzluq hallarında mütləq qalxanvari vəzinin funksiyası yoxlanmalıdır. Hamiləlik dövründə qalxanvari vəzi hormonlarının balansı həm ana, həm də döl üçün böyük əhəmiyyət daşıyır. Hormon çatışmazlığı və ya artıqlığı hamiləliyin gedişinə mənfi təsir göstərə, erkən doğuş və digər ağırlaşmalara səbəb ola bilər. Kişilərdə isə hormonal balans pozğunluğu libido azalması və reproduktiv problemlərlə özünü göstərə bilər.

– Qalxanvari vəzinin funksiyası pozulduqda bu, dəri, saç və ümumi görünüşə necə təsir edir?

– Qalxanvari vəzi funksiyası pozulduqda bu, ilk növbədə xarici görünüşdə əks olunur. Hormon yetməzliyində dəri quruyur, solğunlaşır, şişkinlik və ödem yaranır, saç tökülməsi artır, dırnaqlar kövrəkləşir. Pasiyentlər isti havada belə üşüdüklərini bildirirlər. Hormon artıqlığında isə güclü tərləmə, dərinin isti və nəm olması, sürətli arıqlama, saçların zəifləməsi müşahidə olunur. Bəzən gözlərdə böyümə və “çıxıntılı” görünüş də ola bilər ki, bu da xüsusi diqqət tələb edir.

– Sonda vətəndaşlara nə tövsiyə edərdiniz?

– Mütəxəssislər xüsusilə vurğulayır ki, uşaq, yeniyetmə və hamilə qadınlar mütləq şəkildə mütəmadi olaraq ultrasəs müayinəsindən keçməlidir. Əgər daimi halsızlıq, əsəbilik, çəki dəyişiklikləri, ürək döyüntüsündə artım, qəbizlik və ya ishal, saç tökülməsi kimi əlamətlər varsa, bunu sadə yorğunluq kimi qiymətləndirmək düzgün deyil.Erkən müayinə qalxanabənzər vəzinin xəstəliklərinin qarşısının zamanında alınmasında önəmli rol oynayır. Vaxtında laborator analizlər və ultrasəs müayinəsi ilə diaqnoz dəqiqləşdirilməlidir.

Özbaşına dərman qəbul etmək, internet məsləhətləri ilə müalicəyə başlamaq qətiyyən yolverilməzdir. Düzgün və vaxtında aparılan müalicə ilə qalxanvari vəzi xəstəlikləri nəzarət altına alına və insan normal həyat keyfiyyətini qoruya bilər. Sağlamlığımıza diqqət və profilaktik müayinələr uzunömürlülüyün əsas şərtidir.

- Ətraflı müsahibəyə görə təşəkkür edirik. Sağ olun.

Müsahibəni apardı: Dilarə Zamanova, Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi

Bütün xəbərlər Facebook səhifəmizdə