"Azərbaycan beynəlxalq tədbirlər məkanına çevrilir" - MÖVQE

"Təkcə WUF13 deyil, ümumiyyətlə, Azərbaycanda keçirilən hər bir beynəlxalq tədbir ölkəmizin dünya arenasında daha geniş tanınmasına və beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verir".

Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.

Onun sözlərinə görə, bu günə qədər keçirilmiş bir çox mötəbər tədbirləri də məhz bu baxımdan dəyərləndirmək olar: "Burada əsas məsələ yalnız tədbirin birbaşa iqtisadi gəlir gətirməsi deyil. Əslində, belə tədbirlərin uğurla təşkil olunması özü böyük nəticə və mühüm qazanc hesab edilə bilər. Çünki bu, gələcəkdə Azərbaycana daha çox diqqətin ayrılmasına, yeni investisiyaların cəlb olunmasına, xarici əlaqələrin genişlənməsinə və beynəlxalq əməkdaşlığın inkişafına xidmət edir.

Eyni zamanda bu cür tədbirlər ölkəmizin turizm potensialına da müsbət təsir göstərir. Azərbaycanın beynəlxalq miqyasda daha çox tanınması xarici ölkə vətəndaşlarının ölkəmizə marağını artırır. Bu isə insanların Azərbaycana səfər etməsinə, ölkəmizi daha yaxından tanımasına və burada mövcud olan inkişaf mühitini görməsinə şərait yaradır.

Digər tərəfdən, beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkili Azərbaycanın beynəlxalq imicinə də müsbət təsir göstərir. Azərbaycan dünya miqyasında etibarlı tərəfdaş, təhlükəsiz və sabit ölkə kimi tanınır. Bu da digər dövlətlərlə diplomatik münasibətlərin qurulması və mövcud əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əlavə üstünlüklər yaradır.

Ümumilikdə, WUF13 kimi beynəlxalq tədbirlərin uğurla keçirilməsi Azərbaycanın dünyada daha geniş tanınmasına, müsbət imicinin daha böyük coğrafiyalara yayılmasına və beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə