“Baku Call to Action” sənədi Azərbaycanın postmünaqişə bərpasında qlobal rolunu vurğulayıb -DEPUTAT DANIŞDI

“Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası – WUF13 -ün yekun sənədi kimi qəbul edilmiş “Baku Call to Action” sənədində münaqişə, müharibə və urbisidin yaratdığı dağıntılarla bağlı əks olunan müddəalar xüsusi diqqət çəkir”.
Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Könül Nurullayeva bildirib.
Onun sözlərinə görə, sənəddə vurğulanır ki, müharibələr və urbisid məktəblər, xəstəxanalar, ictimai infrastruktur və yaşayış evləri kimi mülki obyektlərə birbaşa təsir göstərir, ətraf mühitə və biomüxtəlifliyə ciddi ziyan vurur, nəticədə milyonlarla insan evsiz qalır, qaçqın və ya məcburi köçkünə çevrilir:

” Bu yanaşma əslində müasir dövrün ən ağır humanitar problemlərindən birinə beynəlxalq səviyyədə verilən siyasi qiymətdir.
“Urbisid” anlayışının beynəlxalq sənəddə vurğulanması təsadüfi deyil. Çünki son illərdə dünyada baş verən silahlı münaqişələr göstərir ki, müharibələr şəhərlərin sosial və mədəni həyatını tamamilə məhv etməyə yönəlir. Məktəblərin, xəstəxanaların, yaşayış binalarının və tarixi-mədəni abidələrin dağıdılması cəmiyyətin normal həyatını iflic edir, insanları doğma yaşayış yerlərindən didərgin salır.
Azərbaycan 30 ilə yaxın dövrdə bu problemdən əziyyət çəkib. Ermənistanın işğal siyasəti nəticəsində Qarabağ və Şərqi Zəngəzurda şəhərlər, kəndlər, sosial obyektlər və tarixi mədəni irs tamamilə dağıdılıb, yaşayış məntəqələri faktiki olaraq xarabalığa çevrilib. Məscidlər, məktəblər, xəstəxanalar, qəbiristanlıqlar və yaşayış evləri məhv edilib, təbiətə və ekologiyaya ciddi zərər vurulub.
Bu xüsusda “Baku Call to Action” sənədində urbisid və ekoloji dağıntılarla bağlı müddəaların yer alması Cənubi Qafqazda mövcud reallıqların qlobal səviyyədə qəbul edildiyini göstərir.
Forum iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma proseslərinin miqyası haqqında məlumatlandılar və bunun müasir tarixdə ən böyük postmünaqişə quruculuq layihələrindən biri olduğunu qeyd etdilər.
Xüsusilə diqqət çəkən məqamlardan biri sənəddə insanların evsiz qalmasının, qaçqın və məcburi köçkünə çevrilməsinin sosial və inkişaf problemi kimi təqdim olunmasıdır. Bu yanaşma olduqca vacibdir. Çünki məcburi köçkünlük insanın yalnız yaşayış yerini itirməsi sosial mühitdən, iqtisadi imkanlardan və həyat təhlükəsizliyindən məhrum olması deməkdir.
Azərbaycan isə postmünaqişə dövründə bu problemin həlli istiqamətində dünyaya nümunə göstərilə biləcək model formalaşdırır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı təmin olunur. Azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına uyğun müasir yaşayış məntəqələri qurulur, sosial infrastruktur bərpa edilir, yaşıl enerji və dayanıqlı inkişaf prinsipləri tətbiq olunur.
WUF13 çərçivəsində bu təcrübənin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsi və “Baku Call to Action” sənədində postmünaqişə bərpasına dair çağırışların yer alması Azərbaycanın qlobal şəhərsalma və humanitar gündəlikdə artan rolunu nümayiş etdirir.“.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə