"Azərbaycan Silahlı Qüvvələri yüksək hazırlıq vəziyyətindədir" - HƏRBİ EKSPERT
"İranın molla rejiminin Azərbaycan ərazisinə qarşı həyata keçirdiyi dron hücumu olduqca ciddi və təhlükəli bir hadisədir. Xüsusilə də Azərbaycanın Naxçıvanla əsas əlaqə nöqtələrindən biri olan hava limanının hədəfə alınması və məktəblilərin dərsdə olduğu bir vaxtda məktəb ərazisinə zərbə endirilməsi açıq şəkildə düşmənçilik və təxribat xarakteri daşıyır".
Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, belə bir vəziyyətdə Azərbaycan dövləti təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirlər görməlidir: "Bu tədbirlərə Azərbaycan Silahlı Qüvvələrinin müvafiq qoşun növlərinin yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi, xüsusi təyinatlı qüvvələrin strateji ərazilərdə yerləşdirilməsi və ölkənin hava məkanının daha ciddi şəkildə qorunması istiqamətində addımların atılması daxildir.
Azərbaycan dövləti mövcud təhlükə və təhdidlərin aradan qaldırılması üçün lazım olan bütün siyasi, diplomatik və hərbi addımları atmaq əzmindədir. Ölkəmizə qarşı yönəlmiş bu cür mənfur və xain addımlar cavabsız qalmayacaq və bu cür təxribatlara yol verən tərəf gec-tez bunun nəticələri ilə üzləşəcək.
Ümumilikdə isə İranın son dövrlərdəki davranışları təkcə region üçün deyil, həm də beynəlxalq təhlükəsizlik üçün ciddi risklər yaradır. Bu cür addımlar beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edilmir. İranın gərginliyi artıran və regionda sabitliyi pozan siyasəti nə insanlıq, nə də qonşuluq prinsipləri ilə uyğun gəlir.
Hazırda Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti, ehtiyat qüvvələr, texnika və digər hərbi vasitələr mümkün təhlükələrin qarşısını almaq üçün tam döyüş hazırlığı vəziyyətindədir və ölkənin təhlükəsizliyinin təmin olunması üçün bütün zəruri tədbirlər görülməkdədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB