Neft və təbii qaz rekord qırdı, qızıl və gümüş kəskin ucuzlaşdı

ABŞ və İsrailin İrana hücumlarından sonra əmtəə bazarlarında kəskin dalğalanmalar müşahidə olunur.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, Neft, təbii qaz, alüminium və kənd təsərrüfatı məhsulları qrupunda sürətli bahalaşma baş verərkən, qiymətli metallarda eniş qeydə alınıb. Yaxın Şərqdə yaranan geosiyasi risklər bazarda istiqamət axtarışını daha da artırır.

Fevralın 28-dən etibarən son 10 gün ərzində nəqliyyat və logistika problemləri səbəbindən neft və təbii qaz qiymətlərində ciddi artım qeydə alınıb. İranın Hörmüz boğazını bağlaması enerji təchizatında kritik bir daralma yaradıb.

Brent markalı neftin bir barelinin qiyməti fevralın 27-dən bəri 56,6 faiz artaraq 114,3 dollara yüksəlib və 2022-ci ilin iyun ayından bəri ən yüksək səviyyəyə çatıb.

Nyu-York Ticarət Birjasında ticarət olunan təbii qazın qiyməti 18,3 faiz artaraq 3,4 dollara qalxıb. Hücumlardan sonra İraqın neft hasilatı gündəlik 3,3 milyon bareldən 1,3 milyon barelə düşüb.

Analitiklər bildirirlər ki, neft qiymətlərindəki bu artım xərclərdən qaynaqlanan inflyasiya təzyiqini gücləndirə bilər və mərkəzi bankların pul-kredit siyasətində daha ehtiyatlı addımlar atmasına səbəb ola bilər.

Hörmüz boğazındakı logistika problemləri taxıl qrupunda da təchizatla bağlı narahatlıqları artırıb:

  • Buğdanın qiyməti 8,5 faiz artaraq 6,4175 dollara yüksəlib.
  • Soya paxlası 5,4 faiz bahalaşaraq 12,3 dollara çatıb.
  • Qarğıdalının qiyməti 6,1 faiz artaraq 4,8 dollara yüksəlib.

Neft qiymətlərinin yüksəlməsi bioyanacaq tələbatını artıraraq soya və qarğıdalı qiymətlərinin də artmasına səbəb olub. Bundan əlavə, taxıl idxal edən ölkələr Hörmüz boğazının bağlanması səbəbindən logistika problemləri ilə üzləşiblər.

Yaxın Şərqdəki gərginlik alüminium istehsalında da fasilələrə səbəb olub və qlobal təchizatda problemlərin yaranacağı gözlənilir:

Alüminiumun bir funtunun qiyməti 12,7 faiz artaraq 1,6 dollara yüksəlib.
Mis isə 6,8 faiz ucuzlaşaraq bir funtu 5,6 dollara enib.

Qiymətli metallarda isə eniş müşahidə olunub:
Qızılın unsiyası 3,2 faiz azalaraq 5.097 dollara düşüb.
Gümüş 11 faiz ucuzlaşaraq 83,5 dollara enib.
Platin 10,7 faiz azalaraq 2.113 dollara düşüb.
Palladium isə 11,7 faiz ucuzlaşaraq 1.580 dollara enib.

Bu enişlər neft qiymətlərinin artmasının inflyasiya təzyiqlərini yüksəltməsi, dolların möhkəmlənməsi və ABŞ Mərkəzi Bankının faiz endirimi gözləntilərinin təxirə salınması ilə əlaqələndirilir.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə