Uşaqların ana dilində təhsil almasının üstünlüyü nədir? - MÜNASİBƏT BİLDİRİLDİ
"Nitq, ünsiyyət şüuraltı prosesdir. Nitq və təfəkkür proseslərini, onların əlaqəsini öyrənən linqvistika adlı bir sahə var. Kifayət qədər maraqlı bir istiqamətdir. Biz orada, həqiqətən də, insan nitqinin, danışdığı dilin onun xarakterinə, dəyərlər sisteminə, onun mental düşüncəsinə nə dərəcədə təsir etdiyinin fərqinə varırıq". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti, STM əməkdaşı Elmin Nuri deyib.
O bildirib ki, burada incə məsələ var: "Bir dil insana o vaxt təsir edə bilər ki, o ancaq həmin dildə sözləri eşitsin, həmin dildən başqa heç bir ünsiyyət mexanizmi ilə tanış olmasın. Mühit ona başqa bir dildə informasiyanı ötürməsin. O zaman dil sənə təsir edə bilər. Bizdə isə belə problem yoxdur. Bu, seçimdir. Kim istəyərsə, rusdilli bölməni seçə bilər. Son bir neçə ildir ki, ingilis dili bölmələri də daha çox fəaliyyət göstərir. Kim istəyirsə, ingilis dili bölməsini seçə bilər. Digər dillər hələ bizdə o qədər də geniş vüsət almayıb. Amma bu o demək deyil ki, insan həmişə həmin dili eşidir, həmin dil onun şüuraltına ciddi təsir edir. Xeyr, belə deyil. Sadəcə onun tədris dili rus dilidir. O adam, hətta öz ailəsində də rus dilində danışarsa, onun ətrafı, yaşadığı cəmiyyət, bina, məhəllə, prospekt, oynadığı uşaqlar ana dilində danışır. Ona görə də əminliklə deyirəm ki, bu məsələdən qətiyyən narahat olmayaq. Azərbaycan məktəblərində digər dil bölmələrinin sayı çox deyil. Bizim məktəblərimizin yalnız 300-də rus dili bölməsi var. Onların isə yalnız 17-də ancaq rus dilində təhsil həyata keçirilir. Bu bizim üçün problem yaratmayacaq. Dövlət bu istiqamətdə çox önəmli addımlar atır. Artıq rus dili bölməsində oxuyan gənclər neçə ildir ki, Azərbaycan dilindən imtahan verməlidirlər. Yalnız bu imtahanın nəticəsinə əsasən onlar təhsil haqqında sənədlə təmin oluna bilərlər. Ali məktəblərə qəbul imtahanlarında rus bölməsi üçün ayrıca Azərbaycan dili fənni var".
"Azərbaycan dili fənnindən imtahan verən, onun qrammatik əsaslarını öyrənməyə çalışan, onun nisbətən incə qatını, ahəng qanununu, zamanlarını bilən şəxs bizim dilimizdə bilməzmi? Təbii ki, bilər. Ətrafımda rus dili bölməsində oxuyub Azərbaycan dili fənnindən kəsilən uşaq tanımıram. Statistika rəsmi deyil. O barədə də məsələ pozitivdir. Artıq ötən ildən etibarən pilot şəklində də olsa, bir çox məktəblərdə Azərbaycan tarixi fənni Azərbaycan dilində tədris olunur. Bizim tariximiz, milli mental dəyərlərimizi istiqamətləndirən bir meyar məhz Azərbaycan dilində keçirilir. Dövlət bu istiqamətdə işini çox peşəkarlıqla aparır. Biz bu cəhətdən qətiyyən narahat olmamalıyıq. Çünki balanslaşdırılmış və incə, peşəkar müdaxilələrin edildiyi bir rusdilli tədris seqmentimiz var ki, onların da Azərbaycan dili problemi yoxdur. Öz aralarında ünsiyyət dili olaraq rusca danışa bilərlər. Bu dildə oxuyurlar, ünsiyyət qururlar, filmlərə baxıb, şeir əzbərləyirlər, amma bu onların "Azərbaycan dilini bilmirlər" mənasına gəlmir. Ana dilini bilməyən şəxs heç vaxt Azərbaycan dilinin qrammatikasında imtahan verə bilməz. Azərbaycan bölməsində minlərlə gənc ana dilindəki bütün suallara cavab verə bilmir. Onlar da bu fəndən imtahan verirlərsə, deməli, ana dilimizi bizim qədər olmasa da, əsaslı faizimiz qədər bilirlər. Əks halda imtahan vermək çox çətin olardı" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə