Ən vacib, öyrədilməyən bacarıqlar BƏLLİ OLDU - TƏHSİL EKSPERTİ DANIŞDI

“Ölkənin təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasını sürətləndirmək məqsədilə 2004-cü ildə Azərbaycan postsovet məkanında PISA proqramının sınaq mərhələsinə qoşulan ilk ölkələrdən biri oldu. Heç şübhəsiz PISA-2006 beynəlxalq qiymətləndirmə proqramının əsas mərhələsində iştirak edərkən bu bilik yarışında şagirdlərimizin yüksək nəticə göstərəcəklərini gözləmirdik. Səbəblər çox idi, əsas səbəb isə ölkədə tətbiq olunan təhsil proqramlarının şagirdlərdə idraki, həyati və tətbiqi bacarıqların formalaşdırılmasına yönəldilməməsi, təhsil prosesi iştirakçılarının beynəlxalq qiymətləndirmə təcrübəsi ilə tanış olmaması idi. Lakin bu addım beynəlxalq tələb və standartları mənimsəmək, şagird və müəllimlərimizi, təhsil ictimaiyyətini bu proseslə tanış etmək, şagirdlərimizi psixoloji cəhətdən həmin bilik yarışına hazırlamaq və təcrübə qazanmaq baxımından çox faydalı idi. Məhz bu proqramda iştirakın nəticəsidir ki, artıq dərslik və dərs vəsaitlərimizdə, qiymətləndirmə vəsaitləri toplusunda idraki bacarıqları inkişaf etdirən qiymətləndirmə nümunələrinə geniş yer verilir, summativ qiymətləndirmə vasitələrinin böyük əksəriyyəti həmin tələblər gözlənilməklə tərtib edilir. Artıq buraxılış imtahanlarında istifadə olunan sual kitabçalarındakı hər bir tapşırığın məqsədi də konkret bilik və bacarığın yoxlanılmasına xidmət edir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Kamran Əsədov sözlərinə belə davam edib: “Azərbaycan PISA 2022 nəticələri üzrə 2018-ci ilə nisbətən geriləsə də regiondakı ölkələrlə müqayisədə irəlidədir və MDB ölkələri arasında 3-cü yerdədir.

Beynəlxalq təcrübə göstərir ki, hər hansı qiymətləndirmənin nəticələri təhsilin keyfiyyəti haqqında etibarlı mənbə rolunu o zaman oynaya bilər ki, oradakı qiymətləndirmə vasitələri bütün variantlarda testologiyanın elmi-nəzəri əsaslarına uyğun olaraq eyni çətinlik dərəcəsinə malik olsun. Azərbaycan Meksika, Braziliya, Tailand, Gürcüstan, Özbəkistan, Albaniya, Monteneqro, Şimali Makedoniya kimi ölkələrdən daha yuxarı nəticə göstərib.

PİSA testlərinin 6-cı səviyyə mətnləri oxuma (elmi-fəlsəfi) bölməsində 79 ölkə arasında Gürcüstan sonuncu yerə yerləşdi. Bu nədir bilirsiniz? 15-24 yaş aralığında 1000 nəfərdən sadəcə 8 nəfər oxuduğunu anlayır, 24-35 yaş aralığında 1000 nəfərdən sadəcə 3 nəfər oxuduğu mətnləri dərk edə bilir. Müqayisə üçün qeyd edim ki, bu rəqəm Finlandiyada 1000 nəfərdən 370, Estoniyada 290, Kanadada 250-dir.

PISA 2022-ci il nəticələrinə əsasən görə bilirik ki, azərbaycanlı şagirdlərin riyaziyyat üzrə nəticələri yüksəkdir. Həmçinin Azərbaycan PISA 2022-də sosial-iqtisadi ədalətlilik indeksi üzrə Norveç, Kanada, Birləşmiş Krallıq kimi ölkələrlə eyni səviyyədədir.

Bizdə təhsil sistemində iki bacarıq yaxşı tədris olunur. Bu hamımızın bildiyi 10 suallıq test hǝll etmək və əzbərə dərs öyrənmək üsuludur. Ən vacib, öyrədilməyən bacarıqlar isə bunlardır: komanda ruhu ilə işləmək, analitik düşünmək, həqiqi sual vermək, müstəqil fikir azadlığı və praktik zəkanın inkişafı təlimləri. Belə olmadığı təqdirdə nəticə olaraq yorğun, çarəsiz, bədbin və qavrama qabiliyyəti formalaşmamış bir nəsil formalaşır. Növbəti mərhələdə onlar universitetə qəbul olur və məzun olduqdan sonra aldığı təhsilin yetərsizliyindən şikayət edir. Ömrünün ən məhsuldar illərini bezgin, əsəbi, tükənmiş keçirirlər. Məzun olduqdan sonra müraciət etdikləri iş yerləri bu cür tələbələri işə götürməkdə tərəddüd edir. Azərbaycanın riyaziyyat üzrə nəticələri digər fənlərə nisbətdə əhəmiyyətli dərəcədə yüksəkdir. Riyaziyyat üzrə göstəriciyə görə ölkəmizin şagirdləri 25 ölkənin şagirdlərindən daha yüksək bal toplayıb.

Nəticələr əsasında deyə bilərəm ki, COVID-19 pandemiyası dövründə məktəblərin qapalı qalması uşaqların qiymətləndirmə nəticələrinə ciddi şəkildə mənfi təsir göstərib. Eyni zamanda rəqəmsal cihazlardan səmərəsiz istifadəsi və asılılıq şagird nailiyyətlərinə mənfi təsir edir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə