"İlk növbədə qeyd edim ki, son üç il ərzində ortaümumtəhsil məktəblərinin nəticələrinə baxdıqda görürük ki, geriləmələr müşahidə olunur. Bunun əsas səbəbi ortaümumtəhsil məktəblərinin son üç il ərzində idarə olunması, tədrisin təşkilindəki geriləmə ilə bilavasitə bağlıdır. Həmçinin, Azərbaycan təhsil sistemi üç il bundan öncə pandemiya sınağına daxil oldu və çox təəssüflər olsun ki, tədrisin təşkilində yol verilən nöqsanlar yekunda qəbul imtahanlarının nəticələrində özünü büruzə verə bildi". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, ikinci və üçüncü ixtisas qrupu üzrə açıqlanan nəticələri gördükdə artıq qeyd olunan tədris prosesindəki boşluqların bilavasitə şahidi olduq: "Yəni, əvvəlki illərə baxdıqda görürük ki, hər il istər imtahanın birinci mərhələsi olan buraxılış imtahanında, istərsə də blok imtahanlarında maksimum nəticə toplayan kifayət qədər abituriyentlər olurdu. Amma bu dəfə bu baş vermədi.
Həmçinin, biz qruplar üzrə yüksək bal toplayan ərazilərə baxdıqda görürük ki, kifayət qədər nəticələri olan litseylərin bu dəfə yüksək nəticəsi olmadı. Bu, onu göstərir ki, artıq son üç il ərzində Elm və Təhsil Nazirliyinin təyin etdiyi direktorlar yeni litseylərin nəticələrinə mənfi təsir göstərirlər. Yəni, əvvəllər nəticələri yaxşı olan litsey və məktəblər indi həmin yaxşı nəticələri göstərə bilmir.
Xüsusilə bir məqamı qeyd edim ki, açıqlanan ikinci və üçüncü ixtisas qruplarının nəticələri biri-birindən fərqlidir. Yəni, biri tamamilə humanitar, digəri isə texniki sahəyə aiddir. İkinci ixtisas qrupu həmişə öz yüksək olmayan nəticələri ilə diqqəti cəlb edib. Hətta biz əvvəlki illərdə də görürük ki, ikinci istisas qrupu üzrə Coğrafiya və Riyaziyyatın test tapşırıqları imtahan iştirakçılarının nəticəsinə mənfi təsir göstərir. Çünki bu iki fənn hesablama tələb etdiyi üçün abituriyentlər kifayət qədər vaxt itkisinə mərzu qalırlar. Amma üçüncü ixtisas qrupu humanitardır və bir-birinə bilavasitə yaxından bağlı olan fənlərdir. Amma yenə də yüksək bal toplayanlar keçən illə müqayisədə azdır. Yəni, abituriyentlər artıq hazırlaşmaqda maraqlı deyillər. Bütün bunlar onu göstərir ki, orta ümumtəhsil məktəblərinin müəllimləri özlərini müəllim olaraq yox, repetitor olaraq ortaya qoyurlar. Onlar çalışır ki, daha çox repetitor xidmətindən nəticə əldə edib gəlir götürsünlər. Çox təəssüflər olsun ki, bu gün Azərbaycan təhsil sistemini repetitorluq idarə edir. Bugünkü nəticələri repetitorluğa borcluyuq. Orta ümumtəhsil məktəblərində tədris çox aşağı səviyyədə təşkil olunur və uşaqlar yeni tipli sual modelləri ilə tanış olmurlar.
Bir məqamı da qeyd edim ki, bu il müəyyən ixtisaslar üzrə üçüncü qrupda bal dəyişkənliyi müşahidə ediləcək. Çünki artıq ikinci ildir ki, Beynəlxalq Münasibətlər ixtisası ikinci qrupdan çıxarılaraq üçüncü qrupa salınır. Bu zaman abituriyentlər Coğrafiya fənnindən imatahan verməlidirlər ki, bu ixtisası seçə bilsinlər. Keçən il hətta regionşünaslıq ixtisası dövlət universitetlərində 157 bal idi və məhz buna görə abituriyentlər aşağı balla həmin ixtisası seçə bilirlər. Bu, onu deməyə əsas verir ki, müəyyən qədər bal artımı müşahidə olunacaq. Çünki az bal toplayanlar kifayət qədər çoxdur. Amma üçüncü ixtisas qrupunda ciddi bir bal dəyişkənliyini müşahidə etməyəcəyik. Təəssüflər olsun ki, biz ali təhsil müəssisələrinə abituriyentləri aşağı balla qəbul edə bilir və plan yerlərini doldurmaq məqsədi güdürük. Bu il ali təhsil müəssisələrinə qəbul plan yerləri də kəskin şəkildə artacaq. Bu amil onu deməyə əsas verir ki, bu gün biz yüksək yox, orta və aşağı hazırlıqlı abituriyentləri daha çox ali təhsil müəssisələrinə qəbul edir və yekunda əmək bazarına, sadəcə, diplomlu mütəxəssis olaraq gəlirlər. Onlar peşəkər mütəxəssis kimi fəaliyyət göstərə bilmirlər. Biz ali təhsil müəssisələrinin formatını dəyişməliyik. Xüsusilə də, ikinci ixtisas qrupunda tarixə aid olan bir ixtisas yoxdursa, Tarix çıxarılmalı və bundan sonra abituriyentlərdən daha yaxşı nəticələr ala bilərik.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə