"Mental dəyərlər"ə qurban gedən qızlar - ARAŞDIRMA

Ölkəmizdə, xüsusilə də bir çox bölgələrimizdə qadağalara mental dəyərlər deyirlər. Qızların xaricdə, yaxud elə doğma Bakıda təhsil alması da bura aiddir. Belə ki, bir sıra bölgələrdə yaşayan ailələr qızlarının təhsil alması üçün Bakıya yollanmasını, eyni zamanda Bakıda yaşayan bir sıra ailələrin də qızlarının təhsil almaq üçün xaricə getməsini istəməməsi sirr deyil. Çünki bəzilərinə görə bu, özbaşınalıq və ədəbsizlik kimi dəyərləndirilir. Onlar qızlarına savadlı şəxsiyyət olmaq üçün imkan yaratmaq əvəzinə, köstək olaraq övladlarını zorla ərə verirlər.

Azərbaycanda bir çox qız var ki, təhsilini yarım qoyur. Onlardan bəzisi ya zorla evləndirilir, ya da bir çoxu "mental dəyərlər" adı altında əzilərək taleyinə boyun əyir və təhsil almır. Hətta bölgələrdə yaşayan bir çox qızlar var ki, universitetə qəbulolma sevincini belə yaşaya bilmir. Çünki onların bir çoxu bunun, sadəcə, bir arzu olaraq qalacağının fərqindədir. Bölgələrdə olan əksər ailələrdə Bakı adı çəkildikdə söz-söhbət yaranır.

Bəs, bütün bunlara səbəb nədir? Bu halların qarşısı necə alınmalıdır?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Araşdırmalara görə, Vandakı Saray, Güzelkonak və Gevaş Region məktəblərində təhsil alan təxminən 1200 şagirdin yalnız 20 faizi qızdır. Buradakı şagirdlərdən qızların niyə təhsil almasına qarşı olunduğu barədə soruşulub.

Cavabları təqdim edirik:

Zuhal Yücel (8-ci sinif)

Məktəbə ilk olaraq kəndimizdə başlamışam. Mən Sırlı kəndindənəm. Bizim kənddə, adətən, qızları məktəbə göndərmirlər. Məktəbə gedən ilk qız mən idim. Bundan sonra digər qızlar da yavaş-yavaş başladılar. Ataları oğlanlarla münasibətdə olduqları üçün qızlarını məktəbə göndərmək istəmirlər. Atam çox istəyir ki, oxuyum. Düşünürəm ki, onlar oğlan və qızları bərabər görməli, ayrı-seçkilik etməməlidirlər. Burada oxumaq çox gözəldir. Atam sürücüdür. Anam isə evdar qadındır və çox xəstədir. Ona görə də həkim olmaq istəyirəm. Həkim olandan sonra böyük şəhərlərdə işləyəcəyəm.

Özkan Öztürk (8-ci sinif)

Təəccüblənirəm ki, qızlar oxudulmur. Kəndimizin adı Doğutaşdır. Atam fəhlədir. Biz dörd qardaşıq. Maddi durumumuz yaxşı olmadığı üçün bacım orta məktəbi bitirdikdən sonra məktəbə getmədi. Müəllim olmaq istəyirdi. Qızların oxumamasına təəccüblənirəm. Ataları istəyirlər ki, övladları cahil qalsınlar, çünki onlar özləri cahil qalıblar. Məncə, oğlan və qızlar arasında heç bir fərq yoxdur. Hər ikisi eyni işi görə bilər. Mən öz qızlarımı məktəbə göndərəcəyəm. Ətrafıma baxanda cahilliyin dəyişməsini istəyirəm.

Yasemin Gülacar (8-ci sinif)

Mən hüquqşünas olacağam və haqlıları müdafiə edəcəyəm. Ailəm Kazlıgöl kəndində yaşayır. Atam imam olduğundan daim yer dəyişirik. Kənddəki qızların yarıdan çoxu təhsilli deyil. Ailələr deyir ki, “qızımızı məktəbə göndərsək, gələcəkdə yolunu azacaq”. Biz səkkiz uşağıq. Atam istəmədiyi üçün böyük bacılarım oxumadı. Haqsızlığa dözə bilmədiyim üçün haqlı olanları müdafiə etmək istəyirəm.

Qıyasəddin Bilik (6-cı sinif)

Biz yeddi qardaşıq, ən böyüyü mənəm. Bizim kənddə qızlara dərs vermirlər. Atam oğlan-qız fərqi qoymur. Atalar qızlarını oxutmayaraq həm günah edir, həm də haqq yeyirlər. Kişilər bir divar tikirlərsə, qadınlar 10 iş görür. Paltar yuyur, qab yuyur, çörək bişirir, yemək bişirirlər. Böyüyəndə qızların maarifləndirilməsi kampaniyasına başlamaq istərdim.

Abdurrahim Yurgun (6-cı sinif)

Ailəm Atalan kəndində yaşayır. Kənddəki məktəb beşinci sinfə qədərdir. Atam xəstə olduğu üçün işləyə bilmir, amma qardaşım tikintidə işləyir. Bacım beşinci sinfə qədər oxuyub. Davam etmək istəmədi. Qızlar da oxusun, onların da haqqı var. Onlar cahil olmamalıdırlar. Qızlarını oxumağa göndərməyən atalar niyə belə edir, bilmirəm. Deyirlər ki, qızlar məktəbə getməsin, ayıbdır.

Niyə qızlar daha çox oxumalıdır?

Çünki oxumaqla peşə sahibi olan qadın ərindən, ailəsindən asılı olmadan ehtiyacını ödəyə bilər. Bu sayədə heç kimə ehtiyac duymadan həyatına ən pis vəziyyətdə belə davam edə bilər.

Belə qadınlar evlilik həyatında həyat yoldaşının bilərəkdən və ya bilməyərəkdən ona müraciət edə biləcəyi iqtisadi şiddətə hazırdır. İşi və xüsusən də gəliri varsa, bu mövzuda özünü və övladlarını daha yaxşı qoruya bilər.

Təhsilini başa vurmuş qadınların həyata baxışı daha geniş və sağlam olur. O, müxtəlif insanlarla müxtəlif proseslər yaşayıb və çox təcrübəlidir.

Savadlı qadınların uşaqlarına qarşı davranışları, təhsil haqqında bilgiləri də fərqlidir. Onlar övladlarına ən yaxşı təhsili vermək üçün çalışırlar.

Qızlarınızı oxudun. Çünki oxusalar, "dikbaş" yox, "Başı dik" olarlar. Oxusalar, güclü olarlar və biri tərəfindən qorunmağa ehtiyac duymazlar.

Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi: "Qız uşaqlarının təhsil almalarına maneçilik törətmək çox absurd və qəbahət bir haldır. Çünki biz çalışmalıyıq ki, qızlar təhsil alsınlar. Təbii ki, burada "mental dəyərlər" var və bu dəyərlər xüsusilə də qız uşaqlarının arzularının üzərindən xətt çəkir. Onlar bu dəyərlərin qurbanı olurlar.

Son dövrlərə nəzər yetirsək, xaricdə təhsil alan qızlarımızın sayı artan temp üzrə inkişaf edir. Bu, çox müsbət haldır. Amma buna baxmayaraq təəssüflər olsun ki, son dövrlər oxumaq istəyən qızların sayında da azalma var. Əsasən, regionlarda qızlar 16-17-18 yaşa çatanda erkən nikaha cəlb olunurlar. Bu, onların təhsildən yayınmasına birbaşa təsir edir.

Cəmiyyətdə inam və maarifləndirmə işləri aparılmalıdır. Biz məsələyə öz prizmamızdan baxdığımız zaman, əlbəttə istəyərik ki, bütün qız uşaqları oxusun. Amma faktiki cəmiyyətdə müəyyən hallar var ki, bəzi ailələrdə də fərqli düşüncələrə səbəb olur. Mən əsasən burada qızını oxutmaq istəyib də onlara mane olan bəzi səbəbləri demək istəyirəm. Belə ki, bəzən olur ki, qız uşağıdır, Bakıda oxuyur və hansısa bir vicdansızın ucbatından onun adına xələl gəlir. Yaxud yol keçərkən nə qədər yol nəqliyyat hadisələri görürük ki, həyatını itirən sərnişinlər olur. Bu məsələlər valideynləri övladları ilə bağlı qərar verməkdə bir qədər narahat edir. Amma bunun müqabilində bəzi ailələr qızlarını konkret olaraq oxutmaq istəmir. Biz bunlarla mübarizə aparmalıyıq. Bunun üçün də Elm və Təhsil Nazirliyi, onun regional bölmələri, eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, dövlət büdcəsini çapıb talayan bəzi QHT-lər var ki, bu istiqamətdə layihələr təqdim edir, amma heç bir iş görmürlər. Bu təşkilatlar bu istiiqamətdə işlər aparmalıdır. Düşünürəm ki, təhsildən yayınma hallarına yol verən şəxs barədə qanunvericililiyin şərtləri sərtləşdirilməlidir.

Hər birimiz istəyirik ki, cəmiyyətdə, xüsusilə, ali təhsilli qızların sayı artsın. Mən hər zaman qızların təhsil almasının tərəfdarıyam və daima da bunu dəstəkləyirəm".

Fəlsəfə üzrə fəlsəfə doktoru, sosioloq Mail Yaqub: "Ümumiyyətlə, bizim valideynlərin övladlarına baxışı bəzən qəbuledilməzdir. İstər qız, istərsə də oğlan övladı olsun, təəssüf ki, bəzi ailələr övladlarının potensialını çox aşağı dəyərləndirir. Hətta bəzən onları təhqir edir, əhval-ruhiyyəsini və şəxsiyyətini sındırırıq. Bu, qəbuledilməzdir.

Övladı xoşbəxt də, bədbəxt də edən ata-anadır. Qız övladlarına münasibətdə bu məsələ bir qədər də qəlizdir. Yəni, diskriminasiya var. Həm qız övladı həssasdır, zərifdir, daha çox himayəyə və müdafiəyə ehtiyacı var. Amma qız övladına qarşı diskrminasiya aşırı dərəcədə qızı inzivaya çəkmək həmin qızı bədbəxt etmək deməkdir. Qızlar da təhsil almalıdır, onun da gələcəyi var və qızlar da ailə quracaq. O da işıqlı gələcək üçün ata-ana tərəfindən hazırlanmalıdır. Bu məsuliyyətin əksəriyyəti valideynin öhdəsinə düşür. Təəssüflər olsun ki, bəzi hallarda qızların təhsildən yayındırılıb tez ərə verilməsinin şahidi oluruq. Özü də valideynin diktəsi ilə və məcburi şəkildə bu baş verir. Bütün bunlar dəhşətdir.

Biz rəftar və düşüncəmizi dəyişməli, dünyaya bir qədər açıq gözlə baxmalıyıq. Təbii ki, namus, qeyrət və əxlaq vacib elementlərdir. Mən bunlara çox yüksək dəyər verirəm. Amma bu aşırı dərəcədə də olmamalıdır ki, biz övladımızın namusunu-qeyrətini qoruyuruq deyə onu təhsildən yayındırıb evdə həbs edək. Bu, yolverilməzdir və dəyişməlidir. Dəyişmənin yolu da maarifləndirmədir. Dayanmadan maarifləndirmə lazımdır. Çıxışlar etmək, kitablar yazmaq, verilişlər hazırlamaq lazımdır ki, bütün ailələr bunu bilsin ki, qızlar təhsil almalıdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə