Novruz ənənələri: qadın yaradıcı, qoruyucu və ötürücü kimi..

...beynəlxalq elmi konfrans

AMEA-da Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, Folklor İnstitutu, Dünya Türkologiya Mərkəzi və Türk Ağsaqqalları İctimai Birliyinin Qadınlar Şurasının birgə təşkilatçılığı ilə “Novruz ənənələri: qadın yaradıcı, qoruyucu və ötürücü kimi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Türk Ağsaqqalları Birliyindən bildiriblər ki, konfransdan əvvəl türk qadınlarının əl sənəti nümunələrindən ibarət tikmələr, çantalar, müxtəlif bəzəkli əşyalar sərgilənib. Nümayiş etdirilən maddi-mədəniyyət nümunələrində ümumtürk xalqlarının etnoqrafik cizgiləri təcəssüm olunub.

Sərgi ilə tanışlıqdan sonra AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, Folklor İnstitutu, Dünya Türkologiya Mərkəzi və Türk Ağsaqqalları İctimai Birliyinin Qadınlar Şurasının birgə təşkilatçılığı ilə “Novruz ənənələri: qadın yaradıcı, qoruyucu və ötürücü kimi” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Konfransı giriş nitqi ilə tarix elmləri doktoru, professor Abbas Seyidov açıb. Plenar iclasda akademik Gövhər Baxşəliyeva, akademik Arif Həşimov, tarix elmləri doktoru Güllü Yoloğlu, türk xalqlarının nümayəndələrindən Dinara Appasova (Qırğız Respublikası), Rusiya federasiyası Tatarıstan Respublikası Elmlər Akademiyasının Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun Sənətşünaslıq Mərkəzinin müdiri Rauza Sultanova, Elmira Yusifli, Qazaxıstandan Beynəlxalq Türk Mədəniyyəti və İrsi fondunun nümayəndəsi Talqat Muxanov, Folklor İnstitutundan filologiya elmləri doktoru Ağaverdi Xəlil və digər elm adamları elmi məruzələrlə çıxış ediblər.

Çıxışlarda türk qadınlarının istər cəmiyyətdə, istərsə də ailədə aparıcı və hərəkətverici qüvvə olduqları qeyd edilib. Bildirilib ki, Türk qadınının ağlı, ailəsinə bağlılığı, övlad sevgisi hər zaman dillərə dastan olub. Ən böyük sərkərdələr də qadının ağlı ilə hesablaşar, sözünü uca tutar, məsləhətlərini dinləyərdilər.

Natiqlər, həmçinin müasir dövrümüzdə tanınmış türk qadınları arasında öz ləyaqəti, müdrikliyi ilə seçilən Mehriban xanım Əliyevanın gördüyü işlərdən də danışıblar.

Konfrans digər iştirakçıların bölmə iclaslarında çıxışları ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə