Ümummilli Liderin 100 illiyinə həsr olunmuş III Respublika müsabiqəsi keçiriləcək

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş III Respublika müsabiqəsi elan edib.

İnstitutdan SİA-ya bildirilib ki, layihə müasir təhsil sisteminin əsas strateji məqsədlərini nəzərə alaraq təşkil edilib.

Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin mikrobiologiya elminə olan marağının daha da artırılması, bu sahədə nəzəri və təcrübi biliklərin təkmilləşdirilməsi, yaradıcı təfəkkürün inkişafına xidmət edən qabiliyyətlərin aşkara çıxarılmasıdır.

Məktəblilər arasında “Mikroorqanizmlər uşaqların gözü ilə” adlı mövzuda keçiriləcək müsabiqədə respublikamızın ümumtəhsil məktəb və liseylərində təhsil alan V və XI sinif şagirdləri mikroorqanizmlərin (bakteriya və göbələklər) ekologiyası, təbiətdə və insan həyatında rolu, quruluşu, xeyirli və zərərli təsirlərinə və digər xüsusiyyətlərinə həsr olunmuş əl işləri ilə (rəsm, maket, tikiş, heykəl) iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunan əl işləri aprelin 24-dək qəbul edilir.

Müsabiqəyə təqdim edilmiş işlər münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflər heyətinin qərarına əsasən I, II və III yerin qaliblərinə diplom və pul mükafatı, əl işləri xüsusi seçilən şagirdlərə isə sertifikatlar veriləcək. Müsabiqədə xüsusi seçilən şagirdlərin müəllimlərinə diplomlar, çalışdıqları təhsil müəssisəsinə təşəkkürnamənin verilməsi nəzərdə tutulub.

Müsabiqənin nəticələri mayın 3-də Mikrobiologiya İnstitutunda təşkil olunacaq yekun iclasda açıqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə