"Mütləq şəkildə tələbələr üçün təklif planı qurulmalıdır" - TƏHSİL EKSPERTİ DANIŞDI

“Gediş haqqıların artması heç də yaxşı bir xəbər olmadı. Ən çox da tələbələr bundan əziyyət çəkəcək. Nəzərə alsaq ki, Bakıda öz evlərində yaşayan tələbələrlə yanaşı, regionlardan təhsil almaq üçün gələn tələbələr daha da çoxluq təşkil edir. Onların kirayə, qida, kommunal xərcləri var. Gedişhaqqının artması onlar və ailələri üçün bir sıra çətinliklər yaradacaq”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Adil Vəliyev deyib.

Onun sözlərinə görə, Avropa ölkələrinin təcrübəsinə nəzər yetirsək, demək olar ki, bir çox ölkələrdə tələbələr üçün ya güzəştlər nəzərdə tutulur, ya da onlar ümumiyyətlə gediş haqqından azad olunurlar: “Çünki onlar tələbənin maddi baxımdan çətinlik çəkməsinin tərafdarı deyil və belə bir qayğılarının olmasını istəmirlər. Xaricdə tələbəni gündəlik məişət qayğılarından uzaqlaşdırmaqla, onun bütün fikrinin tamamilə öz dərslərinə, dərslərinin keyfiyyətinə köklənməsini istəyirlər. Tutaq ki, bir tələbə Bakıda hansısa universitetdə təhsil alır. Onun evi isə Sumqayıtdadır. O, nəqliyyat vasitələrinə xeyli pul xərcləməlidir ki, gəlib paytaxtda təhsil ala bilsin. Bu ciddi şəkildə uzaqda yaşayan tələbələrə maddi baxımdan çətinliklər yaradır”.

Ekspert sözlərinə davam edərək bildirib ki, mütləq şəkildə tələbələr üçün təklif planı qurulmalıdır: ”Bu heç də çətin deyil. Tələbələr gediş haqqından tam azad olmasa belə, müəyyən güzəştlər olmalıdır. İnkişaf etmiş, təhsilə önəm verən ölkələrdə təhsil işçiləri və tələbələrə hər zaman güzəştlər edirlər. Bu güzəştləri Azərbaycanda da tədbiq etmək lazımdır. Məsələn, bir tələbə üçün gün ərzində dörd gediş haqqına güzəşt olunsun. Düşünmək olar ki, daha artıq güzəştlər nəzərdə tutulsa, bundan sui-istifadə halları baş verə bilər. Ən pis halda tələbə ya gündəlik ən azı dörd gediş haqqından tam azad olunmalı, ya da ona böyük faizlə güzəşt edilməlidir”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə