Get-gedə artmaqda olan mənzil qiymətlərində vəziyyət necədir? - ARAŞDIRMA

Get-gedə artmaqda olan mənzil qiymətlərində vəziyyət necədir? - ARAŞDIRMA

Hər il görülən tədbirlərə baxmayaraq, paytaxt əhalisinin mənzil problemi hələ də ciddi müzakirə mövzusu olan məsələlərdəndir. Qiymətlərin yüksək olması əhalinin aztəminatlı təbəqəsinin mənzillə təmin olunması perspektivini çətinləşdirir.

Yeni tikilən evlərin qiymətləri ilə bərabər həm də köhnə tikililərin qiymətlərində bahalaşma müşahidə olunur. Bu həm bina həm də fərdi evlərdə özünü göstərir.

Mənzillərin bahalaşması təkcə ölkəmizdə yox eyni zamanda bir çox Avropa ölkələrində də baş verib.

Avropa İttifaqına (Aİ) üzv ölkələrdə də mənzillərin qiymətində artım müşahidə olunur.

Bu barədə Avropa Statistika Bürosu məlumat yaymışdır.

Bildirilib ki, cari ilin ikinci rübündə Aİ-də mənzillərin qiyməti əvvəlki rüblə müqayisədə 2,3 faiz, keçən ilin müvafiq dövrünə nisbətən 9,9 faiz artıb. Mənzil qiymətləri əvvəlki rübə görə 2,3 faiz, illik müqayisədə isə 9,3 faiz bahalaşıb.

Son aylar Türkiyədə evlər kəskin bahalaşıb. Son illər azərbaycanlıların daşınmaz əmlak aldıqları ölkələr sırasında Türkiyə daha çox üstünlük təşkil edib. Lakin cari ilin son aylarında azərbaycanlıların aldığı evlərin sayında baş verən azalmanın səbəbi də maraq doğurur.

Bu azərbaycanlıların gəlirlərinin azalması, yoxsa digər ölkələrə üstünlük verməsi ilə bağlıdır?

Müharibə səbəbindən Ukraynadan, eyni zamanda Rusiyadan ölkəyə materialların gətirilməsi üçün müəyyən çətinliklər var.

Rusiya və Ukrayna müharibəsinə nəzər salsaq, dəmir məmulatlarının əksəriyyəti dünyanın bütün ölkələrinə adıçəkilən ölkələrdən paylanılırdı.

Eləcə də tikinti materiallarını həm Azərbaycan, həm Türkiyə Rusiyadan alırdılar ki, müharibə səbəbilə qiymətlər qalxıb. Türkiyədə inflyasiya gedir və şirkətlər məcburdurlar ki, qiymətləri artırsınlar. Axın da çox olduğuna görə tələbat da çoxdur. Ümumilikdə daşınmaz əmlakların qiymətlərində də artım hər bir ölkədə müşahidə olunur.

Rəsmi məlumatlara görə, paytaxtda yüz qırxa yaxın qəzalı bina var. Belə binalarda da qiymət artımı müşahidə olunur. Köhnə və qəzalı binalarda mənzillərin bahalaşmasının əsas səbəbi pilot layihələr üzrə həmin binaların sökülüb əvəzində yeni binaların tikilməsidir.

Tələbələrin kütləvi şəkildə paytaxta axın etməsi kirayə mənzil bazarında da ciddi problemlər və qiymət artımı yaradıb. Ən ço mix qiymət artımı Yasamal və Nərimanov rayonlarındadır. Belə ki, ötən il bu rayonlarda köhnə mənzillərdə birotaqlı mənzili 300 manata tapmaq olurdusa, indi 400 manatdır.

"MBA" konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov SİA-ya açıqlamasında qeyd edir.

Təbii ki Azərbaycanda o cümlədən dünya iqtisadiyyatında, həm maliyyə bazarlarında, həm də siyasi arenada baş verən hadisələri nəzərə alsaq bu ilin qalan iki ayında və gələn ilin 12 ayı daxil olmaqla qiymətlərin bahalaşması qaçılmazdır və yüksək səviyyədə artımı ehtimal edilir.

Konvensiya obyektləri və təkrar mənzil bazarında qiymət artımı digər sektorlara nisbətən daha çoxdur.

Hazırda şəhərin mərkəzi ərazilərində 1 otaqlı mənzillərin qiyməti köhnə tikili binalarda 70-80 min manat, yeni tikili binalarda isə 80-100 min manat aralığında dəyişir. 2 otaqlı mənzillər köhnə tikili binalarda 80-100 min manat, yeni tikililərdə 100-150 min manat, 3 otaqlı mənzillər isə köhnə tikililərdə 120-150 min manat, yeni tikili binalarda 150-200 min manata təklif olunur.

Rusiya və Ukrayna arasında baş verən müharibə səbəbindən tikinti materiallarının daşınmasında böyük problemlər yaranıb. Digər tərəfdən tikintilər əsasən Bakı şəhərində getdiyinə görə paytaxt ərazisində tikintiyə yararlı torpaq sahələri məhdud saydadır. Ona görə tikinti şirkətləri pilot layihələr üzərindən, köhnə 4-5 mərtəbəli binaları sökərək orada böyük binalar tikirlər.

Əvvəlki aylardan fərqli olaraq oktyabr ayında daha bahalı mənzillərin qiymətində də 3 faiz artım qeydə alınır.

Ən ucuz evlər Abşeron və Masazır ərazisində və şəhərətrafı yerlərdədir. Burada yeni bina evlərinin 1 kvadratmetri 600 AZN-dən başlayır. Sumqayıt və Xırdalanda isə 1 kvadratmetr 850 AZN-dən başlayan qiymətlərlə təklif edilir.

Şəhər mərkəzinə yaxın hissələrə doğru isə bu qiymət 1000-1100 AZN təşkil edir. Paytaxtın mərkəzində mənzillərin 1 kvadramteri 1500-2000 AZN arasında dəyişir. Tam mərkəzdə isə evlərin 1 kvadratmetri 2500 AZN-dir.

Şəhər ətrafındakı fərdi evlərin qiymətində isə yanaşma fərqlidir. Burada torpaq sahəsi və onun tikintisinə çəkilən xərc də nəzər alınır. Lakin ümumilikdə şəhər ətrafı ərazilərdə fərdi evlərin 1 kvadratmetri 500-600 AZN-dən başlayır.

Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə