Hər birimizin özümüzün olmasa da, ata-babalarımızın kəndlərimizlə bağlılığı olduğundan, həmişə kənd həyatı bizlərə marağlı gəlir. Məsələn, kənddə doğulanların ürəyi ildə ən azından iki-üç dəfə kənddən yana əsir. Şəhərdə doğulub, ata-anasının kəndinə bir dəfə gedən övladlarımız da hər dəfə yenidən kəndlərimizdə olmaq istəyirlər. Yəni müasir dövrümüzdə hamı şəhərlərə üz tutsa da, kənd havası, kəndin o maraqlı, əsrarəngiz həyatı gözəl xatirələr kimi beynimizdə dolaşır.
Bu hissləri duyan iş adamları da var. O səbəbdən də baxırsan ki, istirahət, alış-veriş mərkəzlərində, ayrı-ayrı məkanlarda kənd həyatını tərənnüm edən guşələr yaradırlar ki, insanların diqqətini cəlb etsinlər, kəndlə bağlı onların beyinlərində dolaşan hissləri oxşasınlar.
Ötən bazar günü metronun “Şah İsmayıl Xətai” stansiyasında yolçu idim. Sakitlikdi, vaqonda cəmi 20-25 nəfər olardı. Hamı da həmişəki kimi telefon əlində başıaşağı idi. Birdən bu sakitliyi qoyun mələməsi, inək böyürməsi səsləri pozdu. Düzü mən başımı heç qaldırmadım. Düşündüm ki, yəqin metroya da kənd həyatı ilə bağlı səslər yerləşdirilib ki, insanlara yayın bu isti günlərində kəndlə bağlı anları yaşatsınlar. Həqiqətən çox təqdir etdim. Hələ “nə gözəl yenilikdir” də dedim.
Axı indi hər kəs kəndlərə gedə bilmir. Bunun işləyəni var, uşağına gündəlik çörək pulu qazananı var. Axı işi atıb gedib otursan kənddə, gələndə görəcəksən ki, səni çıxarıb atıblar bayıra. Qalır bir məzuniyyəti yaya saxlamaq. O da ki, bəzən insanın özündən asılı olmur da. Atalar demişkən, sən saydığını say, gör fələk nə sayır. Bir də görürsən ki, elə bir iş çıxdı ki, məzuniyyət tamamilə ona sərf olundu. Yox, xəstəlik, filan demirəm. Vallah insanlarda indi olan sağlamlıq heç bir dövrdə olmayıb. Çünki bazar, marketlərimiz tərəvəzlə, ərzaqla dolub-daşır. Hamısı da min bir keyfiyyətdə. Vaxtilə deyirdik gedək kəndə, qatıqdan, şordan, pendirdən yeyək. Indi buna heç ehtiyac belə yoxdur. Lakin indi istehsal müəssisələri var ki, ağlınagəlməyəcək dərəcədə keyfiyyətli süd məhsulları istehsal edirlər. Qaldı digər meyvə-tərəvəzlərə, genetik modifikasiya olunmuş meyvə-tərəvəzlər var ki, kənddə ağacın üstündəki meyvə onun yanında heç nədir. Yumurta üçün də kəndə buradan oraya əziyyət çəkməyinə dəyməz. Çünki kənd yumurtası indi kəndlərdən çox şəhərlərdədir. Allah versin ağı sarı edən rənglərə.
Yenə mövzudan uzaqlaşdım. Deyəcəksiniz ki, axı sən metroda idin, necə oldu ki, gedib çıxdın kəndə. Bu səbəbdən də qayıdım mövzuya. Hə də, kənddə sübh çağı ki, mal-heyvanı buraxırlar örüşə, sübhün sakitliyini mələşmə, böyürmə səsləri necə pozursa, axşamçağı eynilə, mal-heyvan örüşdən qayıdanda kəndi neçə qoyun mələrtisi, inək böyürtüsü səsləri ağzına alırsa, metroda da eynilə, eşitdik o səsləri, yaşadıq o hissləri.
Bu səslərin ardı-arası kəsilmədiyindən istər-istəməz başımı yuxarı qaldırdım. Dedim görüm insanlar nə reaksiya verirlər bu səslərə. Baxdım ki, üç-dörd nəfər başını qaldırıb. Səs də ki, kəsilmək bilmir. O yana-bu yana baxdım, dedim bəs səs lenti dolaşanda, həmişə növbəti stansiyaya çatmamış, elan olunur ki, qapılar örtülür, bəlkə belə bir şeydir. Bu səslər təkrar-təkrar, nə qədər, niyə bitib tükənmir? Baxam ki, nə? Vaqonun aşağı küncündə 7-8 yeniyetmə-gənc oğlanlardı, veriblər səs-səsə: biri böyürür, o biri onun davamını mələməklə gətirir. Belə...
İstədim kədərlənəm, ona görə ki, bax ey, mən də səhərdən bəri deyirəm, metroda insanlara kənd həyatını yaşatmaq üçün səs lenti yazdırıblar. Amma bir anda fikrimdən vaz keçdim. Düşündüm ki, bunun canlısı lap gözəl də... Maşallah gənclərimiz var ki, inkişafın yeddinci qatındadırlar. Buna sevinməyib, nə edəsən ki?..
Elə bu anlardaca mənzilbaşına yetişdik. Nədənsə, metrodakı yolçulardan bir neçəsi başlarını yaman bulayırdılar. Bunu da təbii hesab etdim. Çünki yəqin onların uşaqlarında bu məharət yoxdur, paxıllıqdan bilmirlər nə etsinlər...
Nəhayət, vaqondan endim, platformada Şah İsmayıl Xətainin divardakı rəsmi ilə üz-üzə gələndə anladım, anladım ki, insanlar niyə başlarını bulayırmışlar...
Mətanət MƏMMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB