5 iyun Azərbaycan Meliorasiya və Su Təsərrüfatı işçiləri günüdür. Bu tarixi melioratorlar özlərinin peşə bayramı kimi qeyd edirlər. SİA xəbər verir ki, peşə bayramı ilə əlaqədar olaraq Taxtakörpü su anbarına qurum tərəfindən mediatur təşkil edilib.
Taxtakörpü su anbarının özəlliyinə gəlincə bildirilib ki, cənab Prezident İlham Əliyev daim meliorasiya sahəsinə xüsusi diqqət göstərib və Onun rəhbərliyi dövründə meliorasiya sahəsindəki ən böyük işlərdən biri də 4 su anbarının tikintisi və 3 su anbarının əsaslı təmiridir. Tikilən qurğular arasında Taxtakörpü su anbarı həm də ona görə özəldir ki, məhz bu su anbarının açılışında cənab Prezident İlham Əliyev və I vitse-prezident Mehriban xanım Əliyeva şəxsən iştirak ediblər. Həmişə cənab Preziden öz çıxışlarında qeyd edib ki, əgər Taxtakörpü su anbarı vaxtında inşa edilməsəydi, bu gün meliorasiya sahəsində bizim böyük problemlərimiz ola bilərdi. Cənab Prezidentimizin sözünə qüvvət olaraq deyə bilərik ki, Taxtakörpü su anbarı inşa edilməsəydi Bakı və Abşeron yarmadası susuzluqdan çox əziyyət çəkərdi.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən Bakı, Sumqayıt şəhərlərinin, ölkənin şimal zonasının və Abşeron yarımadasının əhalisinin, sənayesinin və kənd təsərrüfatının içməli, texniki və suvarma suyuna olan tələbatının ödənilməsi məqsədilə Şabran rayonu ərazisində Taxtakörpü su anbarının Su Elektrik Stansiyası ilə birlikdə tikintisi təklif olunmuşdur.
Tapşırığa əsasən Türkiyə Respublikasının "Təməlsu" Beynəlxalq Mühəndis Xidmətləri Şirkəti tərəfindən 2005-ci ildə "Taxtakörpü su anbarının Su Elektrik Stansiyası ilə birlikdə tikintisi”nin layihəsi və tender sənədləri hazırlanmışdır. 2006-cı ilin 8 sentyabr tarixində beynəlxalq tenderin qalibi "Azərkörpü" SC-nin (indiki "Evrascon" şirkəti) liderliyi ilə "Azərenerjitikintiquraşdırma” SC və Türkiyənin “Təməlsu" şirkəti tərəfindən 2006-cı ildə tikintiyə hazırlıq işlərinə başlanılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 noyabr 2007-ci il tarixində ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb edən Taxtakörpü su anbarının su elektrik stansiyası ilə birlikdə təməlqoyma mərasimində iştirak etmişdir.
Taxtakörpü su anbarının Su elektrik stansiyası ilə birlikdə tikitisi 2013-cü ilin sentyabr ayında başa çatdırılmış və 19 iyul 2013-cü il tarixdən anbarının su ilə doldurulmasına başlanılmışdır.
Taxtakörpü su anbarında toplanan su Ceyranbatan su anbarına ötürülməklə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının yaşayış məntəqələrini içməli su ilə təmin edir və bununla yanaşı Şabran, Siyəzən, Xızı və Abşeron rayonlarının əkin sahələrini suvarma suyu ilə təmin edir.
Taxtakörpü su anbarından birbaşa ötürülməsi nəticəsində 13-15 milyon manat ildə elektrik enerjisinə qənaət olunur. Digər tərəfdən uzun illər istismar olunan Ceyranbatan su anbarının istismar müddəti 100 ildə uzadıldı. Samur-Abşeron Suvarma Sisteminin yenidən qurulması layihəsi başa çatandan sonra 31 min hektar yeni suvarılan torpaqlar əkin dövriyyəsinə verilib.
Mediatur zamanı Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev bildirib ki, Taxtakörpünün əsas su mənbəyi Samur çayıdır: “Samur çayında son 4-5 ildə qlobal iqlim dəyişikliyi fonunda su axını ilbəil azalır. Buna görə də biz bu obyektlə ölkəmizdə əhalinin etibarlı içməli suya olan tələbatını təmin etmiş oluruq. Taxtakörpü su anbarı ölkəmiz üçün böyük strateji əhəmiyyət kəsb edir. Çünki bu obyekt bu gün Azərbaycanın şimal bölgəsinin su təminatı ilə yanaşı, Sumqayıt, Bakı şəhərləri və Abşeron rayonunun içməli su təlabatının ödənilməsində mühüm rol oynayır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB