Kiçik marketlər sıradan çıxacaq? - İQTİSADÇI DANIŞDI

“Əgər biz azad rəqabət, liberal bazar, iqtisadiyyat qurmaq istəyiriksə o zaman kiçik marketlərin böyük marketlərə uduzması normal bir haldır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, dünyanın hər yerində bu hal müşahidə edilir: “Hətta bəzən kiçik market sahibləri dövlət qurumlarına müraciət edir. Məktublar ünvanlayırlar ki, “yaxınlıqda açılan iri market bizim fəaliyyətimizə əngəllər törədir”. Əslində bu müraciətlər qeyri-düzgün müraciətlər hesab olunur. Çünki bu qanundur. Hər kəs istədiyi fəaliyyətlə qanun çərçivəsində məşğul ola bilər. Bazar qanunlarını özü idarə edir. Buna görə də marketlər arasında davamlı rəqabət qurmaq lazımdır. Yəni kiçik marketlər də fəaliyyət göstərə bilər. Amma rəqabətə davamlı olmalıdır. Əhali daha çox rahatçılığı üçün böyük marketlərə müraciət edir ki, istədiyi hər şeyi bir yerdən əldə edə bilsin. Lakin kiçik marketlərə müraciət etdikdə insanlar bəzi məhsulları digər marketlərdən almalı olur. Yəni kiçik marketlərdə seçim imkanı az olduğuna görə insanlar başqa, iri marketlərə müraciət etməli olurlar. Buna görə də kiçik marketlərin ən mənfi cəhəti odur ki, məhsul çeşidləri o qədər də zəngin olmur. Amma iri marketlərə müraciət edən vətəndaşlar istənilən tələbatını bu market üzərindən ödəyə bilir.
Eyni zamanda kiçik marketlərdə əksər hallarda ƏDV çeki belə verilmir. Məhəllə marketlərində, yaşayış daxilində olan marketlərdə onlayn ödəmə terminalları yoxdur. Hazırda isə ƏDV çeklərinin verilməsi vətəndaşlar üçün çox önəm kəsb edir. Təbii ki, bu bütün kiçik marketlərə aid edilmir. Lakin əksəriyyətində vəziyyət belədir. Buna görə də insanlar elektron formada ödəniş edə bilmək, ƏDV çeki əldə edə bilmək və ən əsası lazım olan hər şeyi bir marketdən əldə edə bilmək üçün adətən iri marketlərə müraciət edirlər. Bu, liberal bazarın da qanunlarından biridir. Düşünürəm ki, bütün bunları nəzərə aldıqda kiçik marketlər getdikcə sıradan çıxacaq”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə