Paşinyan Arazdəyən-Horadiz dəmir yolunun açılışından danışdı

Əgər Ermənistan-Türkiyə sərhədi də daxil olmaqla regional kommunikasiyaların açılması mümkün olarsa, o zaman Ermənistan Rusiya, Avropa, İran və Çinlə dəmir yolu əlaqəsi əldə edəcək və bundan irəli gələn bütün iqtisadi nəticələr də olacaq. SİA xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransında deyib.

“Brüsseldəki görüşdən sonra dedim ki, biz Azərbaycan Prezidenti ilə dəmir yolunun tikintisinə başlamaq məsələsində razılığa gəlmişik. Mənim qərarımla artıq işçi qrupu yaradılıb. Bizim tikməli olduğumuz torpaq sahələri ən azı on dəfə ucuzdur. Mən burada heç bir çətinlik görmürəm, ilkin hesablamalara görə, söhbət 200 milyon dollar və əlavə olaraq 5 milyon dollar investisiyadan gedir. Ermənistan üçün bu o qədər də ağır yük deyil. Bir çox beynəlxalq donorlar buna böyük maraq göstərirlər. Və çox mümkündür ki, bu kombinasiyalardan sonra Ermənistanın dövlət büdcəsindən pul yatırmağa ehtiyac qalmayacaq”, - Nikol Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, layihədə maraqlı olan, investisiya qoymaq istəyən, işləmək istəyən, maliyyələşdirməyə hazır olan beynəlxalq təşkilatlar var. Paşinyan qeyd edib ki, praktik olaraq dəmir yolunun tikintisinə hazırlıq başlayıb: “Əgər biz regionda, o cümlədən Ermənistan-Türkiyə sərhədində kommunikasiyaların açılmasına nail olsaq, Ermənistan Avropa, İran, Rusiya və Çinlə dəmir yolu əlaqəsi əldə edəcək və bunun bütün iqtisadi nəticələri olacaq. Dinc gündəm dedikdə biz bunu da nəzərdə tuturuq. Söhbət Fars körfəzindən Qara dənizə, Yaxın Şərqdən Rusiyaya nəhəng tranzit axınlarından gedir. Bu ümumi layihə sülh gündəliyinin əsasına çevrilə bilər”.

Bütün xəbərlər Facebook səhifəmizdə