Azərbaycanın bu istiqamətdəki siyasəti ardıcıl şəkildə davam etdirilməlidir - ŞƏRH EDİLDİ

"Ölkə Prezidentinin müvafiq sərəncamına görə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əmək haqqlarının artırılması nəzərdə tutulur və bu dəfəki sərəncamda hesab edirəm ki, xüsusilə qeyd olunmalı məqamlardan biri ondan ibarətdir ki, vahid tarif cədvəli ilə tənzimlənməyən əmək haqqlarının da artımı nəzərdə tutulub. Çünki bəzi təşkilatlar var ki, onlar dövlət büdcəsindən maliyyələşir amma onlardakı əmək haqqları vahid tarif cədvəli üzrə tənzimlənmir”. Bu sözləri SİA-yq açıqlamasında iqtisadçı Elşad Məmmədov deyib.

Onun sözlərinə görə, o təşkilatlarda çalışan insanların sayı təqribən 4 minə yaxındır və 9 milyon manat vəsaitin bu istiqamətdə ayrılması onu göstərir ki, faktiki olaraq yalnız tarif cədvəli üzrə deyil, daha geniş əhatəli sosialyönümlü tədbirlər bu sosial paketdə nəzərdə tutulub: “Bununla yanaşı qeyd etmək lazımdır ki, minimum əmək haqqının 300 manata çatdırılması bu zəncirvari şəkildə ölkədə əmək haqqlarının, o cümlədən qeyri-dövlət sektorunda artımına şərait yaratmalıdır. Çünki, faktiki olaraq Dövlət Əməkhaqqı Fondunun bütövlükdə ölkə üzrə artımını stimullaşdırır”.

Elşad Məmmədov sözlərinə belə davam edib: “Son 3 il yarım müddət ərzində sosial siyasətdəki şəffaflıq, ölkədə sosial müdafiə sferasında görülən müsbət işlər və dövlət başçısının sözsüz ki, ilk növbədə sosial sahəyə verdiyi diqqət, ayırdığı bu vəsaitlər, büdcə vəsaitləri onu deməyə əsas verir ki, Azərbaycan sosial statusa malik olan dövlət kimi mövqeləşmə istiqamətində iri addımlar atır. Bunu qeyd etmək lazımdır və 92 faiz yəni, təqribən iki dəfəyə yaxın son 3 il yarım müddət ərzində ölkədə Əməkhaqqı Fondunun artırılması beynəlxalq normativlərə sosial statuslu dövlət kimi sosial partiyaya uygun olaraq müəyyən edilmiş normativlərə ölkəmizin yaxınlaşması, bu sözsüz ki mühüm və olduqca müsbət haldır”.

“Nəzərə almaq lazımdır ki, son onilliklərin dayanıqlı trendi ondan ibarətdir ki, sosial istiqamətə vəsaitlərin qabaqlayıcı şəkildə artması demək olar ki, ölkələrin iqtisadi nailiyyətlərinin açarlarından biri kimi çıxış edir. Ona görə də Azərbaycanın bu istiqamətdəki siyasəti hesab edirəm ki, ardıcıl şəkildə davam etdirilməlidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə