"Xarici bankların iştirak səviyyəsi artırılmalıdır" IQTISADÇIDAN MARAQLI YANAŞMA

“Bank sektoru son 5 il ərzində inkişaf etsə də, bildiyimiz kimi çoxlu problemlər müşahidə olunur və bu, silsiləli şəkildə bu və ya digər formalarda qabarıq olaraq ortaya çıxır. Xatırlayırıqsa, bir müddət dollar kreditləri ilə bağlı problemlər çıxmışdı ortaya. Bu məsələ ilə bağlı vətəndaşlar arasında ciddi narazılıqlar yaranmışdı. Bundan başqa vətəndaşların bank faizlərinin çox yüklsək olması Azərbaycanda heç kimə sirr deyil. Azərbaycan vətəndaşı bəzən 33, yaxud 36 faizlə kredit götürmək məcburiyyətində qalır. Bu da gələcəkdə ödəmədə ciddi nöqsanlar yaradır.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.

İqtisadçı xüsusilə vurğulayıb ki, ümumiyyətlə, bu məsələlər kompleks həll olunmalıdır.

“Kreditlərin verilməsi problemi, xatırlayırsızsa, 10 il bundan qabaq daha qabarıq şəkildə idi. İnsanlar çalışırdılar, lakin işlədikəri yerlərdə öz gəlirlərini sübuta yetirə bilmirdilər. Hal-hazırda da həmin məsələlərdə problemlər var. Məsələn, insanlar müxtəlif məbləğdə əmək haqqı alırlar, lakin minimal əmək haqqı miqdarında əmək haqqı hesablanır və əmək haqqını digər hissəsi qeyri-rəsmi şəkildə ödənilir. Bununla əlaqədar vətəndaş banka kreditlə bağlı müraciət edəndə, həmin o kredit miqdarının hesablanmasında müəyyən problemlər aşkarlanır. Eyni zamanda bilirik ki, bu kreditin ödənməsi ilə bağlı risklərin təhlili aparılır ki, vətəndaş bu kreditləri vaxtlı-vaxtında ödəyə biləcək, yoxsa bilməyəcək. O vətəndaşlarda ciddi sıxıntılar yaranır və faiz dərəcələrinin müəyyənləşməsinə də belə hətta təsir göstərir.

Bundan başqa, dünyada tüğyan edən pandemiya səbəbindən bildiyimiz kimi, bir çox sahələrdə keçən il Azərbaycanda qapanmalar tətbiq olundu. Azərbaycanda aktiv əmək qabiliyyətli əhalinin təqribən 55-60 faizi dövlət qurumlarında, yaxud büdcədən maliyyələşən təşkilatlarda çalışırlar, yerdə qalan 40 faiz əhali isə xidmət sahələrində, ictimai iyaşə sahələrində çalışırlar və burada böyük çoxluq təşkil edən sahə isə restoranlar, şadlıq evi ilə bağlı sahələrdir. Məsələn, şadlıq evində, gözəllik salonlarında, taksi xidmətində belə intensiv fəaliyyət olmadıqda bu əlbəttə ki, məsələyə öz təsirini göstərir. Bundan əlavə həmin sahələri kənd təsərrüfatı məhsulları ilə, qida məhsulları ilə təmin edən hüquqi və fiziki şəxslərə də təsirsiz ötüşmür. Bu sahədə vətəndaşlarımızda ciddi sosial problemlər üzə çıxıb ki, vətəndaşlarımızın sosial vəziyyətinə ciddi təsirini göstəribdir. Ona görə də vətəndaşlarda kredit ödənişlərinin gecikməsi baş vermişdi. Birinci səbəb faizlərin yüksək olması, ikinci səbəb sosial vəziyyətin pisləşməsi kimi məsələlər ortaya çıxmışdı.

Amma ümumilikdə bank sistemi ilə bağlı danışsaq, bilirsiz ki, Azərbaycanda bank sisteminin özünəməxsus qanunauyğunluqları var. Məsələn, Türkiyədən nümunə götürsək, vətəndaş hərhansı bir krediti təkrəqəmli faiz dərəcəsi ilə əldə etməkdə heç də çətinlik çəkmir. Azərbaycanda isə bu kreditin əldə edilməsi sadalanan məsələlərdən dolayı problemli məsələlərə çevrilib. Məsələn, Mərkəzi Asiya ölkəsi Qazaxıstanda tək şəxsiyyət vəsiqəsi ilə banka getmədən kredit əldə etmək olar. Bununla bağlı ciddi problemlər var. Bank sistemi bizdə yenidən gözdən keçirilməlidir və müvafiq qanunverici sənədlər yenidən gözdən keçirilməlidir. Qaydalara, təlimatlara mərkəzi bank tərəfindən yenidən baxılmalıdır və düşünürəm ki, kənardan xarici bankların Azərbaycandakı bank sistemində iştirak səviyyədi artırılmalıdır.

Bundan başqa bir məsələni də qeyd edim ki, Azərbaycanda məsələn, silkway holdinqin silkway bank deyə özünün bankı var. Azərbaycan dəmir yollarının, maliyyə dövriyyəsini aparması üçün müvafiq bankı var. Nəqliyyat Nazirliyi var idi Azərbaycanda və Bank of Azerbayjan vasitəsi ilə fəaliyyət göstərirdi. Yəni, bu artıq bank yox, kassa sistemi olur. Bu sahədə bir az çatışmamazlıqlar var. Biz bunları artıq açmalıyıq. Xarici bankların Azərbaycanda iştirakını bank sistemində iştirakını genişləndirməliyik. Beləliklə, rəqabət artacaq və məcburi şəkildə banklar rəqabətə dözmək üçün vətəndaşların xeyrinə yönəlik bir çox müsbət addımlar atacaq. Bu qanunvericilik məsələsidir və bu sahədə qanunvericilik mütləq gözdən keçirilməlidir”, deyə Asif İbrahimov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə