“Bir kəmər, bir yol” layihəsi Azərbaycanın imkanlarını xeyli artırıb - ŞƏRH

“Bir kəmər, bir yol” layihəsi Azərbaycanın imkanlarını xeyli artırıb - ŞƏRH

“Bir kəmər, bir yol” təşəbbüsü Azərbaycan ilə Çin arasında əməkdaşlıq üçün böyük imkanlar yaradır. Yaxın gələcəkdə adı çəkilən layihənin uğurla həyata keçirilməsi nəticəsində respublikamızın Çin ilə əlaqələri daha da dərinləşəcək, iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən, ticarət, investisiya, maliyyə istiqamətləri üzrə əməkdaşlığı genişlənəcək.

Bu gün Azərbaycan Çinə kənd təsərrüfatı məhsullarının, o cümlədən, şərab, quru meyvə, meyvə şirələri və qənnadı məmulatlarının ixracı ilə bağlı intensiv danışıqlar aparır. Azərbaycan şirkətləri öz məhsullarının daha yaxşı tanıdılması və yerli bazara çıxışının gerçəkləşməsi üçün ötən il Şanxayda keçirilən birinci Çin beynəlxalq idxal sərgisi də daxil olmaqla, bu ölkədə reallaşan ərzaq və kənd təsərrüfatı məhsulları sərgi və yarmarkalarında fəal iştirak edib. Şübhəsiz ki, “Bir kəmər, bir yol” təşəbbüsü gələcəkdə bu cür iqtisadi-ticari əməkdaşlığın yeni inkişaf müstəvisinə keçirilməsinə müsbət təsir göstərəcək.

Burada digər mühüm bir məsələni də vurğulamaq istərdik. Xəzər dənizinin statusu müəyyənləşdirildikdən, müvafiq konvensiya imzalandıqdan sonra “Bir kəmər, bir yol” layihəsinin Azərbaycan ərazisində reallaşması imkanları xeyli artıb. Azərbaycan üçün beynəlxalq yükdaşımaların həcminin artırılması baxımından bu layihə çox əhəmiyyətlidir. Son illər Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində Azərbaycandan həyata keçirilən beynəlxalq yükdaşımaların həcmində artımlar var. Ölkəyə daxil olan yüklərin təxminən 90 faizi tranzit olaraq digər ölkələrə aparılır.

Elektron xidmətlərdən istifadə olunması, prosedurların sadələşdirilməsi Azərbaycanı beynəlxalq yükdaşımaları baxımından cəlbedici edir. Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında vahid tarifin tətbiqi ilə bağlı razılıq əldə olunub. Bu da iş adamları üçün beynəlxalq yükdaşımalar baxımından çox vacibdir.

“Bir kəmər, bir yol” layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafı, fərqli mənbələrdən daxilolmanın artırılması baxımından da çox vacibdir. Layihə Azərbaycanın dövlət gəlirlərinin artması ilə yanaşı, ölkəyə daxil olan valyuta həcminin yüksəlməsinə də müsbət təsirini göstərəcək.

Enerji məsələləri üzrə mütəxəssislərin fikrincə, Azərbaycanda yeni neft-qaz yataqlarının mövcud olmasına baxmayaraq, həmin yataqlardakı ehtiyatların azalma, eləcə də neft qiymətlərinin aşağı düşmə ehtimalı var. Belə təqdirdə isə karbohidrogenlərdən asılılığın dayanıqlı bir model olmadığı təkzibedilməz faktdır. Ona görə də Azərbaycan hazırda qeyri-neft sektorunun inkişafını diqqət mərkəzində saxlamaqla yanaşı, həm də beynəlxalq nəqliyyat dəhlizlərinin genişləndirilməsində fəal iştirakı ilə seçilir. Bu baxımdan respublikamız beynəlxalq nəqliyyat dəhlizlərinin genişləndirilməsində, o cümlədən Çinin yeni İpək yolu üzərində nəqliyyat qovşağına çevrilməsi prosesində yaxından iştirak edir. Yeri gəlmişkən, Türkiyənin Qars şəhəri və daha sonra Balkan regionu ölkələri ilə Bakı şəhərini birləşdirən yeni bir dəmir yolu xəttinin açılması Çin və Avropa arasında ən qısa yolun indi Azərbaycan ərazisindən keçməsi deməkdir. Çin dünyanın ən böyük ticarət subyektidir. Yaxın vaxtlarda Mərkəzi Asiya, Rusiya və Şərqi Avropanı birləşdirəcək digər bir marşrut Şimal-Cənub Nəqliyyat Dəhlizi də Azərbaycan ərazisindən keçəcək.

Beləliklə, ölkəmiz müstəqillik dövründə öz inkişafını zəngin yeraltı təbii ehtiyatlarının potensialını reallaşdırmaqdan başlayıb. Hazırda isə Azərbaycanda bütün diqqət yerüstü ehtiyata-coğrafi mövqeyə cəmləşdirilib.

Ramiz Yusubov, YAP Qaradağ rayon təşkilatının aparat rəhbəri

Bütün xəbərlər Facebook səhifəmizdə