“İşğaldan azad olunan ərazilərin iqtisadi potensialı böyükdür” DEPUTAT POZİTİV DANIŞDI

“İşğaldan azad olunmuş ərazilərimizin bərpası və eləcə də yenidən qurulması hazırda prioritet məsələlərdən biridir. Nəzərə alsaq ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizin həm enerji təminatı, eyni zamanda infrastrukturun formalaşması ilə bağlı intensiv şəkildə fəaliyyətlər həyata keçirilir və bu da nəticə etibarı ilə Şuşa şəhəri də daxil olmaqla, digər bölgələrimizin də enerji təminatının formalaşmasına imkan yaradıb.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında iqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov deyib.
Millət vəkilinin sözlərinə görə, gözlənilir ki, 2022-ci ilin birinci yarısında bütövlükdə işğaldan azad olunmuş ərazilərimizin enerji infrastrukturu tam olaraq formalaşacaq və artıq Şuşa şəhəri, eləcə də Hadrud qəsəbəsi fasiləsiz elektrik enerjisi almaq imkanına malikdir və yarımstansiyanın da inşa edilməsi Şuşa şəhərinin enerji təminatındakı fasiləsizliyin əldə edilməsinə imkan verəcək.
“Nəzərə alsaq ki, Şuşa şəhəri bütövlükdə Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, həm də iqtisadi baxımdan vacib şəhərlərimizdən biridir. Belə ki, Şuşanın böyük turizm potensialı var və Şuşa Cənubi Qafqazda azsaylı şəhərlərdəndir ki, fasiləsiz turizm xidmətləri təklif etmək imkanlarına malikdir. Burada yay, qız müalicəvi, dini, tarixi, mədəni turizm imkanları kifayət qədər böyükdür. Eyni zamanda, Şuşa işğaladək həm də bir sıra sənaye məhsullarının, o cümlədən yüngül sənaye məhsullarının istehsalı üzrə ixtisaslaşmış şəhərlərdən idi. Bu kontekstdən işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialı kifayət qədər böyükdür və onların elektrik təminatının həyata keçirilməsi və infrastrukturun formalaşması ilə bağlı işlərin intensiv şəkildə reallaşması da ondan xəbər verir ki, çox qısa zamanda işğaldan azad olunmuş ərazilərimiz Azərbaycan iqtisadiyyatına xüsusi tövhə verə biləcək. İlkin qiymətləndirilmələr göstərir ki, işğaldan azad olunmuş ərazilərimizin infrastrukturu bərpa edildikdən sonra və dördmərhələli şəkildə məskunlaşma həyata keçirildikdən sonra artıq həmin ərazilərimizin Azərbaycan iqtisadiyyatındakı payı ikirəqəmli həddə, yəni 10 faizə qədər yüksələ biləcək. Hazırda işğaldan azad olunmuş ərazilərimizin Azərbaycan iqtisadiyyatında payı 0,8 faizdir. Amma həyata keçirilən işlər və infrastrukturun intensiv qurulması yaxın illərdə həmin iqtisadi rayonlarımızın Azərbaycan iqtisadiyyatında payının 10 faizə qədər yüksəlməsinə gətirib çıxaracaq. Bu da ondan xəbər verir ki, işğaldan azad olunmuş ərazilərimiz növbəti illərdə Azərbaycanda iqtisadi inkişafın əsas “drayverlərindən” birinə çevriləcək”, deyə Vüqar Bayramov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə