Ekspert: \"Büdcəyə əlavələr və Neft Fondundan transfertlər neftdən asılığı artıracaq\"

Ekspert: \"Büdcəyə əlavələr və Neft Fondundan transfertlər neftdən asılığı artıracaq\"

Azərbaycanın 2011-ci il dövlət büdcəsinə dəyişiklikləri nəzərdə tutuan layihədə İqtisadi Tədqiqatlar Mərkəzi ekspertlərini narahat edən bir sıra məqamlar var. Bu barədə dünən keçirilən mətbuat konfransında Mərkəzin İdarə Heyətinin sədri Qubad İbadoğlu məlumat verib.

Qeyd edək ki, layihədə dövlət və icmal büdcələrin gəlirlərinin hesablanmasında istifadə olunan neftin 1 barelinin qiyməti 60 dollardan 80 dollara çatdırılıb. Buna müvafiq olaraq 2011-ci il dövlət büdcəsinin gəlirləri 3493,2 milyon manat məbləğində artırılıb. Bu artımdan sonra 2011-ci il dövlət büdcəsinin gəlirləri 15554,2 milyon manata çatıb. Gəlirlərdəki bu artımın 770,0 milyon manatı vergi və gömrükdən daxilolmalar, 2,7 milyard manatı isə Dövlət Neft Fondundan transferti hesabına təmin ediləcək.Büdcənin xərcləri isə3193,2 milyon manat artırılaraq 15941,2 milyon manata çatdırılır. Artımlardan sonra xərclərin 49,4 faizini və ya 7878,0 milyon manatını əsaslı xərclər, 48,4 faizini və ya 7716,5 milyon manatını cari xərclər, 2,2 faizini və ya 346,7 milyon manatını dövlət börclarına xidmətlə bağlı xərclər təşkil edəcək.

Q.İbadoğlunun sözlərinə görə, büdcə gəlir və xərclərinə artım istiqamətində ediləcək dəyişiklikliyin bu qədər irihəcmli olacağı onlar üçün gözlənilməz olub: "Bu qədər yüksək məbləğdə artım gözləmirdik. Burada bizi narahat edən başlıca məsələ dövlət büdcəsinə Dövlət Neft Fondundan əlavə olaraq 2,7 milyard manatıntransfert ediləcəyidir. Bu, iki baxımdan narahatlıq yaradır. Birincisi budur ki, büdcənin neftdən asılılığı təhlükəli həddə güclənir.

Dəyişikliklərdən sonra Fonddan büdcəyə ümumilikdə 9 milyard 180 milyon manat transfert edəcək. Bu, büdcə gəlirlərinin 59,2 faizi deməkdir. Azəri-Çıraq-Günəşli layihəsi üzrə büdcəyə daxil olacaq 600 milyon manatı, hər il ARDNŞ-nin təmin etdiyi 1 milyard manatı, həmçinin neftin qiymət fərqindən əldə ediləcək gəlirləri də nəzərə aldıqda, dövlət büdcəsinin gəlirlərində neft sektorunun payının 70 faizə çatdığını görürük. Halbuki ötən il bu rəqəm 63 faiz təşkil edib. Bu, Azərbaycanı neftin dünya bazarındakı qiymətindən asılı etmək deməkdir. Bir gün bu qiymət indikindən 2 dəfə aşağı düşsə, dövlət büdcəsinin hansı vəziyyətə düşəcəyini təsəvvür etmək elə də çətin deyil.

Digər tərəfdən, neft gəlirlərinin belə sürətlə xərclənməsi gələcək nəsillərin ölkənin təbii sərvətlərindən bəhrələnməsinə imkan verməyəcək. Təsəvvür edin ki, dəyişikliklərdən sonra büdcənin qeyri-neft gəlirləri ölkənin cari xərclərini ödəməyə imkan verməyəcək. Cari xərclər dövlətin saxlanması xərcləridir, onların maliyyələşdirilməməsi mümkün deyil. Bu il bütövlükdə büdcənin cari xərcləri 7 milyar 716 milyon manat nəzərdə tutulub. Vergi və gömrükdən daxilolmalar isə 6,3 milyard manat nəzərdə tutulub. Vergidən daxilolmalardan neft sektorunun payını çıxdıqda yerdə qalır 4 milyard 710milyon manat. Bu isə cari xərclərin cəmi 61 faizi deməkdir."

İTM eskpertlərini narahat edən ikinci məsələ dövlət büdcəsinin artımının Ümumi Daxili Məhsulun artım dinamikasından daha sürətli olmasıdır: "Dövlət xərcləmələri və büdcə bu qədər artır, amma cair ilin 4 ayında ÜDM cəmi 0,8 faiz artıb. Yəni biz məcmu təklifi artırırıq, onun müqabilində tələb hələ formalaşmayıb. Bu o deməkdir ki, bir neçə ildən sonra biz büdcəni azaltmaq məcburiyyətində qalsaq, ÜDM-in kəskin azalması ilə üzləşə bilərik. Bu da göstərir ki, Azərbaycan hökumətinin strateji baxışı yoxdur. Buna görə də cari ildə daxili mənbələrdən (ARDNF və dövlət büdcəsi) infrastruktura 8 milyard 228 milyon manat sərf etməyi planlaşdırırlar.

Bu həcmdə vəsaitlərin bir ildə xərclənməsi nə iqtisadi baxımdan, nə də praktiki nöqteyi-nəzərdən mümkün deyil. Buna görə də ilin sonuncu aylarında büdcədən nəzərdə tutulan investisiya istiqamətləri üzrə vəsaitlərin silinməsi həyata keçirilir. Dinamikaya baxanda görünür ki, məsələn, ötən ilin sonuncu rübünədək nəzərdə tutulan investisiya xərcləmələrinin az bir hissəsi xərclənib. Son 3 ayda xərclər sürətlə artıb, təkcə dekabr ayında isə ümumi investisiya xərclərinin 28,5 faizə qədəri, yaxud 3 milyard 345 milyon manatı sərf edilib. Bu ildə belə olacaq. Çünki bu qədər vəsaiti xərcləməyə nə ölkədə işçi potensialı imkan vermir, nə maddi-texniki təchizat, nə də infrastruktur səviyyəsi".

Vergi və gömrükdən daxilolmaların 770 milyon manat artırılması sahibkarlar üçün ciddi problemlər yaradacaq. Q.İbadoğlunun sözlərinə görə, xüsusilə ilin ikinci yarısında gömrük və vergi orqanları proqnozu təmin etmək üçün sahibkarlara, biznes qurumlarına təzyiqləri artıracaqlar. Mərkəz rəhbəri bildirir ki, büdcəyə dəyişikliklərin həcminə Avroviziya-2012 yarışmasının Azərbaycanda keçirilməsi amili də təsir göstərib: "Burada söhbət, əlbəttə ki, yarışmanın təşkilinə çəkiləcək birbaşa xərclərdən getmir. Söhbət dolayı xərclərdən – infrastrukturun hazırlanması, Bakının yarışma keçiriləcək hissəsində, həmçinin bir sıra digər yerlərdə küçələrin, binaların kosmetik təmirinə, bəzədilməsinə və sair istiqamətlərə sərf olunacaq vəsaitlərdən gedir".

Q.İbadoğlunun fikrincə, büdcədə nəzərdə tutulan vəsaitlər hesabına pensiya, müavinət və əmək haqlarının artımı 20-25 faiz həcmində mümkündür: "Həmin vəsaitlər hesabına bundan yuxarı artımın aparılması mümkün deyil. Burada narahatlıq doğuran bir məqam pensiya artımları üçün büdcədən Sosial Müdafiə Fondunun büdcəsinə ediləcək transfertin ikincinin birincidən asılılığını gücləndirəcəyidir. Bildiyiniz kimi, pensiya sistemində islahatların əsas məqsədi olaraq bu dövrdə Sosial Fondun büdcədən asılılığının azaldılması olduğu bildirilir. Amma büdcəyə dəyişikliklər buna imkan verməyəcək".

2011-ci il dövlət büdcəsinin dəqiqləşməsi ilə dövlət əsaslı vəsait qoyuluşu xərclərinə əlavə xərclərin 77,8 faizi həcmində və yaxud 2484,1 milyon manat vəsait yönəldilcək ki, bu da həmin xərclər üzrə təsdiq edilmiş göstəriciyə nisbətən 73,5 faiz çoxdur. Q.İbadoğlu dövlət əsaslı vəsaiti qoyuluşu xərc maddəsi üzrə xərcləmələrin qapalı, qeyri-şəffaf aparıldığını bildirirərək, bu məsələnin İTM ekspertlərini ciddi narahat etdiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə