"Maliyyə Nazirliyi tərəfindən 2021-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə təqdim olunub. Büdcə layihəsinə əsasən 2021-ci ildə icmal büdcənin gəlirləri 24 milyard manata yaxın, xərcləri isə 31 milyard manatdan çox olacaq. Eyni zamanda büdcə gəlirlərinin formalaşmasında neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun payında da artımlar müşahidə olunacaq. Belə ki, ümumi büdcə gəlirlərinin 46 faizə yaxını qeyri-neft sektorunun payına düşəcək. Eyni zamanda qeyri-neft sektorundan daxilolmalarda 2020-ci illə müqayisədə 15 faiz artım qeydə alınacaq ki, bu da qeyri-neft sektorunun büdcə gəlirlərinin formalaşmasında payının artması anlamına gəlir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü, iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Deputatın sözlərinə görə, 2021-ci ilin dövlət, eləcə də icmal büdcə xərclərində işğaldan azad edilən rayonlarımızın bərpası, infrastrukturun formalaşması, eyni zamanda şəhid ailələrinin və Qarabağ qazilərinin və ailələrinin sosial təminatının daha da gücləndirilməsi ilə bağlı xərclərin və bu istiqamətdə daha çox vəsaitin ayrılması nəzərdə tutulur: "Eləcə də 2021-ci il dövlət büdcəsinin xərc istiqamətində pandemiyaya qarşı mübarizə tədbirləri ilə əlaqədar vəsait də nəzərdə tutulacaq. Çünki pandmiya davam edir və nəticə etibarı ilə pandemiyanın təsirlərinin minimumlaşdırılması növbəti ildə də əsas hədəflərdən biri olacaq".
V.Bayramov vurğulayıb ki, büdcədə neftin qiyməti 40 dollar nəzərdə tutulub: "Dünya bazarında mövcud qiymət tarazlığına uyğun olaraq beynəlxalq qurumlar, o cümlədən Beynəlxalq Enerji Akademiyası 2021-ci ildə neftin dünya bazar qiymətinin 44 dollar ətrafında dəyişəcəyini proqnozlaşdırır. Bu baxımdan 40 dollar konservativ qiymət olaraq müəyyənləşdirilib. Təbii ki, bu bir başa pandemiyanın miqyasından asılı olacaq. Bütövlükdə 2021-ci ilin dövlət büdcəsi qələbə büdcəsidir. Bu büdcə ərazi bütövlüyümüzün tam bərpası kontekstində hazırlanan və işğaldan azad edilən rayonlarımızın yenidənqurma, eləcə də iqtisadi inkişafə nəzərdə tutan büdcədir. Bu baxımdan biz 2021-ci ildə qələbə büdcəsinin icrası fonunda həm də sosial təminatın daha da möhkəmlənməsi və güclənməsini müşahidə edə biləcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB