SOCAR işsiz qalan əməkdaşlarını intensiv təlimlərə cəlb etməyə başlayıb

Avqustun 5-də SOCAR üzrə boşdayanma zamanı intensiv təlimlərə cəlb olunacaq işçilərin təlim ehtiyaclarını müəyyən etmək üçün qiymətləndirilmə prosesinə start verildi.

SOCAR-dan SİA-ya verilən məlumata görə, qiymətləndirmə test imtahanları vasitəsi ilə SOCAR-ın Qobustan Regional Təlim Mərkəzində həyata keçirilir. Test imtahanlarının ilk günündə SOCAR-ın “Azneft” İstehsalat Birliyinin və Kompleks Qazma İşləri Trestinin 179 əməkdaşı iştirak edib.

Qlobal iqtisadi böhran fonunda neft hasilatının məhdudlaşdırılması nəticəsində minlərlə neft sənayesi işçiləri də dünya üzrə boşdayanmaya məruz qalmaqdadır. Qlobal bazarlarda işçilər əsasən kütləvi ixtisarlara məruz qalsa da, SOCAR vəziyyətdən çıxış yolunu kütləvi ixtisarlarda deyil, işçilərini təlimlər vasitəsi ilə daha da inkişaf etdirməkdə və hazırkı tələbata uyğun olaraq, müvafiq fərqli faəliyyət sahələrinə yönləndirməkdə görür.

SOCAR-ın informasiya texnologiyaları, insan resursları və rejim üzrə vitse-prezidenti Xalik Məmmədov demişdir: “Azərbaycan Respublikası Prezidentinin tövsiyələrini rəhbər tutub, ölkə qarşısında sosial məsuliyyətimizi dərk edərək biz hətta dünyada hökm sürən böhran şəraitində də kütləvi ixtisarlara yol vermirik, əksinə, işçilərimizi inkişaf etdirmək yolunu seçirik. Əsas qayəmiz yeni rəqəmsal dövrün tələbatına uyğun olaraq, işçilərimizin səriştə və bacarıqlarını yenidən formalaşdırmaq, mövcud olan işçilərimizi lazım olan fəaliyyət sahələrinə yönləndirmək, insanlarımızı qorumaq və şirkətin əməliyyat dayanıqlığını təmin etməkdir.”

Qobustan təlim mərkəzində keçiriləcək test imtahanları növbəti həftələrdə də davam etdiriləcək. SOCAR-ın Siyəzən şəhərində fəaliyyət göstərən işçiləri üçün test imtahanları avqust ayının növbəti həftələrində Siyəzən şəhərində keçiriləcək.

Test imtahanları pandemiya ilə əlaqədar karantin rejiminin tələblərinə uyğun olaraq, şəxsi qoruyucu vasitələrlə, sosial məsafə və təmizlik-dezinfeksiyaya riayət etməklə təşkil olunur. Test imtahanlarında iştirak edən işçilərin yekun qiyməti imtahan nəticələri ilə yanaşı, təhsil, təcübə və s. kimi digər meyarlar əsasında formalaşır. Test nəticələri qulluqçu kateqoriyalı işçilərin ümumi qiymətləndirmə balının 50%-ni, ixtisaslı fəhlə kateqoriyasında çalışan işçilərin isə 60%-ni təşkil edəcəkdir.

Növbəti mərhələlərdə qiymətləndirmə nəticələrinə uyğun olaraq işçilərin yerləşdirilməsi və müxtəlif təlimlərə cəlb edilməsi nəzərdə tutulur. Qiymətləndirmə nəticələrinin formalaşdırdığı reytinq əsasında işçinin həm öz müəssisə və ya təşkilatında, həm də SOCAR-ın digər müəssisələrində mövcud olan və işçinin kvalifikasiya göstəricilərinə uyğun olan vakant vəzifələrdə yerləşdirilməsi planlaşdırılır. Qiymətləndirmə nəticələrindən asılı olaraq, işçilər xüsusi və ya ümumi təlimlərə cəlb ediləcək, habelə işçilərin ikinci peşəyə yiyələnməsi üçün də şərait yaradılacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə