"Azərbaycanda gündəlik gəliri 3,2 dollardan az olan yoxsul qeydə alınmamışdır" ÖZƏL - AÇIQLAMA

"2015-ci ildə BMT-yə üzv dövlətlər tərəfindən 17 Davamlı İnkişaf Məqsədinin yekdilliklə qəbul edilməsi dövlətlər üçün iqtisadi və siyasi inkişaf siyasətlərinin hazırlanması baxımından tarixi anlam daşıyır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatı Məzahir Əfəndiyev deyib.

O bildirib ki, bu qlobal sənəddən irəli gələrək Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 6 oktyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası heç bir sahəni diqqətdən kənarda qoymayaraq, onlar arasında tarazlı, inteqrə edilmiş və ardıcıllığı qorumuş, davamlı inkişafa yönəlik milli icra mexanizminin formalaşmasına nail olmuşdur:

"Son illər Azərbaycanda aparılan dərin islahatların məntiqi nəticəsidir ki, ölkəmiz səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət və güclü institutlar kimi BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə mühüm nailiyyətlər əldə edib. Azərbaycan MDB məkanında yeganə dövlətdir ki, DİM-lə bağlı iki könüllü hesabat hazırlayıb və növbəti 3-cü hesabatın hazırlanması istiqamətində iş aparılır. DİM-lə əlaqədər olaraq 2018-ci ildə Azərbaycan "1-ci Bakı forumu" altında regional konfransa ev sahibliyi etmiş, bu il də oktyabr, noyabr aylarında "2-ci Bakı forumu"nun keçirilməsi üçün işlər aparılmaqdadır. Bu il BMT tərəfindən hazırlanmış 2020-ci il "Davamlı inkişaf hesabatı" hesabatında da haqlı olaraq həyata keçirilmiş işlərin fonunda Azərbaycan layiqli yerini əldə etmişdir, belə ki, 166 ölkə arasında 54-cü yerdə qərarlaşmışdır".

Millət vəkili əlavə edib ki, DİM-in əsas məqsədi heç kimi arxada qoymamaq, hər bir insanın yaşayış üçün bütün sahələrə əlçatanlığını təmin etməkdir və bu məqsədlərə nail olmaq üçün əsas məsələ idarəetmədir:

"Bu gün Azərbaycan Respublikası Prezidenti tərəfindən ardıcıl tədbirlərin həyata keçirilməsi, dərin islahatların effektivliyini təmin etmək məqsədilə hərtərəfli və xüsusilə də elmə əsaslanmış idarəetmənin naticəsindən mümkün olmuşdur. Təsadüfi deyil ki, hesabata əsasən Azərbaycanda gündəlik gəliri 3,2 dollardan az olan yoxsul qeydə alınmamış, bərabərsizliyi ifadə edən Cini əmsalı isə Azərbaycanda 38,6 olmaqla dünyada ən yaxşı göstəricilərdən biri olaraq dəyərləndirilməkdədir. Bütün bunlar bir daha göstərir ki, hətta çətin pandemiya şəraitinə baxmayaraq, Azərbaycanda iqtisadi artım var, müşahidə olunur və Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin təməlində hər bir vətəndaşın sosial rifahının qorunması dayanıb".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə