Helsinkidə “Şanlı Zəfər” tədbiri keçirilib

Finlandiyanın paytaxtı Helsinkidə yerləşən “Epicenter” mərkəzində “Azərbaycan Evi”nin təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondu və AzərTürk Gənclər Təşkilatının birgə təşəbbüsü ilə Zəfər Gününə həsr olunmuş “Şanlı Zəfər” adlı tədbir keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə Finlandiyada yaşayan Azərbaycan icmasının üzvləri, həmçinin Türkiyə, Pakistan, İsveç və digər dost ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşları və diaspor təmsilçiləri iştirak ediblər.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Daha sonra “Azərbaycan Evi”nin rəhbəri Ülviyyə Cabbarova Zəfər Gününün xalqımız üçün tarixi və mənəvi əhəmiyyətindən danışıb. O vurğulayıb ki, 8 Noyabr təkcə qələbənin deyil, həm də milli birliyin və xalqın sarsılmaz iradəsinin rəmzidir.

“Bu gün biz yalnız torpaqlarımızın azadlığını deyil, həm də xalqımızın mənəvi bütövlüyünü qeyd edirik. Qəhrəman Ordumuzun və şəhidlərimizin sayəsində milli qürurumuz bərpa olundu. Biz bu ruhu gələcək nəsillərə ötürmək məsuliyyətini daşıyırıq”, – deyə Ü. Cabbarova bildirib.

Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyinin birinci katibi Rəşad Əliyev çıxışında qeyd edib ki, Zəfər Günü Azərbaycan xalqının qəhrəmanlıq və ədalət uğrunda mübarizəsinin zirvəsidir. Diplomat vurğulayıb ki, bu Qələbə təkcə hərbi deyil, həm də diplomatik və mənəvi cəhətdən böyük bir uğurun nəticəsidir.

“Xaricdə yaşayan həmvətənlərimizin bu qələbədəki mənəvi dəstəyi unudulmazdır,” – deyə diplomat bildirib.

Türkiyə Respublikasının Finlandiyadakı hərbi attaşesi Erdal Köksal da çıxış edərək Azərbaycan xalqını və Ordusunu Zəfər münasibətilə təbrik edib. O vurğulayıb ki, 8 Noyabr yalnız Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün qürur günüdür.

Pakistan icmasının nümayəndəsi, “PinFin – Pakistanis in Finland” təşkilatının təmsilçisi Səbah Xan çıxışında Azərbaycan xalqını təbrik edib və iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin hər zaman möhkəm qalacağını vurğulayıb.

“Azərbaycan xalqının birliyi, cəsarəti və dözümlülüyü bütün dünyaya nümunədir. Pakistan hər zaman Azərbaycanın yanında olacaq”, – deyə Səbah Xan bildirib.

Tədbir çərçivəsində “Zəfər – Son işğal” adlı qısametrajlı video və Finlandiyada yaşayan azərbaycanlı gənclərin hazırladığı “Qələbə ruhu” adlı təqdimat nümayiş etdirilib. Hər iki videoda 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıq, fədakarlıq və milli birliyin təntənəsi öz əksini tapıb.

Mərasim zəngin konsert proqramı ilə davam edib. Səhnədə Əməkdar artistlər Elçin Abbasov (tar) və Toğrul Əsədullayev (kamança), “7-ci TV” muğam müsabiqəsinin laureatı Rəvan Qaçayev və nağara ifaçısı Əli Məlikov çıxış ediblər.

Rəvan Qaçayevin muğam, aşıq və estrada janrlarını birləşdirən ifası tamaşaçılar tərəfindən xüsusi alqışlarla qarşılanıb. Onun çıxışı Zəfər ruhunu və xalqımızın qürurunu dolğun şəkildə ifadə edib.

Tədbir çərçivəsində rəssam Nərminə Vəliyevanın “Güclü ruhlara ithaf – Qarabağ kolleksiyası” adlı fərdi sərgisi də təqdim olunub. Sərgidə Qarabağ mövzusunda çəkilmiş əsərlər vasitəsilə rəssamın vətənpərvərlik duyğuları və şəhidlərə dərin ehtiramı tamaşaçılara çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə