"2020-ci ilin I rübü Türkiyənin maliyyə sistemi üçün ağır olub" ÖZƏL-RƏY

"2020-ci ilin I rübü Türkiyənin maliyyə sistemi üçün ağır olub. Bunun kökü pandemiyadan qaynaqlanmasa da pandemiyanın da “töhfəsi” az olmayıb. Lirə üzərindəki təzyiq mart ayında da davam edib. I rübdə lirənin dollar qarşısında rəsmi məzənnəsi 10,5% ucuzlaşıb. Bunun səbəbini tədiyyə balansının pisləşən məlumatlarında görmək olar". Bunu SİA-ya iqtisadçı Samir Alıyev deyib.

Onun sözlərinə görə, mart ayında cari hesablar balansının kəsiri 4,9 milyard ABŞ dollarını ötüb: "Halbuki ötən ilin martında kəsir cəmisi $120 milyon olub. Ümumiyyətlə isə bu ilin I rübü üzrə kəsirin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə artaraq $416 milyondan $7,6 milyarda yüksəlib. Kəsirin artmasına əsas səbəbi ixracın azalması, idxalın isə artmasıdır. Ötən ilin yanvar-mart ayında əmtəə və xidmətlərin balansında mövcud olan $1,7 milyard profisit cari ildə $5,2 milyardlıq kəsirlə əvəz olunub.

Maliyyə hesabında da vəziyyət ürəkaçan deyil. Ölkədən kapital qaçışı artıb. Bu hesab üzrə 2019-cu ilin I rübündə yaranmış $4,7 milyardlıq profisit cari ilin analoji dövründə $6 milyardlıq kəsirlə müşahidə olunub. Birbaşa investisiyalarda $2 milyardlıq profisit qeydə alınıb. Ancaq portfel investisiyaları üzrə kapital qaçışı $6,3 milyardı ötüb. Müqayisə üçün qeyd edək ki, ötən ilin müvafiq dövründə bu mənbə üzrə $8,4 milyardlıq profisit yaranmışdı.

Bütün bunların nəticəsi olaraq 2019-cu ilin I rübündə valyuta ehtiyatlarını 3 milyard artırmağa nail olan Türkiyə bu ilin eyni dövründə $16,5 milyard itirməli olub".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...