Qiymətləndirmə fəaliyyətinə dair yeni Məhdudiyyət

Qiymətləndirmə fəaliyyətinə dair yeni məhdudiyyət müəyyənləşir. SİA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsində, "Qiymətləndirmə fəaliyyəti haqqında" və "İcra məmurları haqqında" qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan Vergi Məcəlləsinə görə qiymətləndirici məhkəmə qərarlarına əsasən, verilən icra vərəqələri daxil olduqdan 10 gün müddətində icra məmuru tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada dəvət olunur. Qiymətləndiricinin xidməti məhkəmənin qərarı ilə əmlakı satılan vergi ödəyicisi tərəfindən ödənilir. Layihədə qiymətləndiriciyə dair tələblər qoyulması təklif edilir. Layihəyə əsasən, icra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Hazırda əmlakın hərracda satılması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakı, qanunvericiliyə müvafiq olaraq tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna edilməklə, "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna uyğun olaraq qiymətləndirici tərəfindən qiymətləndirilir. Layihəyə əsasən, istisnalar sırasına vergi ödəyicisinin siyahıya alınmış əmlakının məhkəmənin qərarı ilə qiymətləndirildiyi halın daxil edilməsi təklif olunur. Başqa sözlə, vergi ödəyicisinin siyahıya alınmış əmlakının məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, vergi ödəyicisinin siyahıya alınmış əmlakının qiymətləndirilməsi "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçiriləcək. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə