Pandemiyadan sonra dünya iqtisadiyyatını nə gözləyir? ŞƏRH-ÖZƏL

Pandemiyadan sonra dünya iqtisadiyyatını nə gözləyir? ŞƏRH-ÖZƏL

“Hazırda dünya iqtisadiyyatı kəskin böhran içərisindədir. İstehsal sahələrinin dayanması, iqtisadi aktivliyin sıfır həddinə düşməsi dünya iqtisadiyyatının bütün aparıcı ölkələrində işsizliyi kəskin artırır”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

O bildirib ki, neftin dünya bazarında qiymətinin ucuzlaşması ilə əlaqədar istehsalçı ölkələrdə energetika sektorunda işsizlik daha yüksək sürətlə çoxalır: “ABŞ hökuməti bu prosesin qarşısıalınmaz hala gəlməsindən ehtiyatlanaraq koronavirusa görə qadağaların mümkün qədər tez aradan qaldırılmasına, iqtisadi aktivliyin bərpa olunmasına çalışır. Məhdudiyyətlər götürülsə belə, iqtisadi bərpanın ləng gedəcəyi gözlənilir ki, bunun da nəticəsində işsizlik artımı dünyada hələ avqust-sentyabra qədər davam edəcək”.

Azərbaycana gəlincə, ekspert qeyd edib ki, hazırda ölkədə işsiz sayının reallıqda nə qədər olduğunu söyləmək çətindir: “Bəziləri 190 manat müavinət verilən 600 min nəfərin hamısının işsiz kimi qəbul olunmasını təklif edirlər. Lakin bu, düzgün yanaşma deyil. Çünki o yardımı alanların içərisində qeyri-rəsmi məşğul olanlar, müxtəlif özünüməşğul şəxslər də var. Yəni bu müavinəti almaq hələ işsiz olmaq demək deyil. Koronavirusla bağlı vəziyyət belə deməyə əsas verir ki, ölkədə işsizlərin sayı 200 min nəfər civarındadır”.

P. Heydərov vurğulayıb ki, iqtisadiyyatın bərpası bir anda baş verəcək proses deyil: “Xüsusilə pandemiyadan ən çox zərər çəkmiş sahələrdə bu proses aylarla vaxt tələb edəcək. Buna görə də ictimai iş yerlərinin sayı artırılır, özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilir, həmçinin ünvanlı sosial yardım proqramına cəlb olunanların da sayı artırılır. Yəni hökumət yeni tam iş yerlərinin yaradılması istiqamətində vəziyyətin gərgin olduğunu nəzərə alaraq, digər yollarla iş yerini itirmiş, gəlirlərindən məhrum olmuş şəxslərə dəstək verməyə çalışır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə