"Post-pandemiya dövründə iqtisadiyyatın bu sektorlarına diqqət gücləndiriləcək" ÖZƏL - AÇIQLAMA

"Post-pandemiya dövründə iqtisadiyyatın bu sektorlarına diqqət gücləndiriləcək" ÖZƏL - AÇIQLAMA

" Azərbaycanda iki mühüm istiqamətdə, güzəştlərin tətbiq edilməsi və dövlət dəstəyinin gücləndirilməsi istiqamətlərində işlər aparılır. Eyni zamanda starateji əhəmiyyət daşıyan ərzaq məhsullarının istehsalının təşkil edilməsi istiqamətində işlər görülür". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü deputat Vüqar Bayramov post-pandemiya dövründə iqtisadiyyatın hansı sektorlarına daha çox diqqət ayırılacağından danışarkən deyib.

Onun sözlərinə görə, karantindən sonra təbii ki, pandemiyanın təsir etdiyi sektorlarda fəaliyyətlərin daha qısa zamanda bərpa edilməsi prioritet olacaq və burada mərhələlilik prinsipi öz növbəsində gözləniləcək:

"Mərhələli şəkildə iqtisadi aktivliyin bərpa edilməsi müşahidə olunacaq. Eyni zamanda təbii ki, pandemiya həm qlobal iqtisadiyyata, həm də milli iqtisadiyyata yeni istiqamətlər müəyyənləşdirdi. Bu istiqamətlər xüsusilə də onlayn menecment, avtomatlaşdırma kimi sektorlara daha yaxından dəstəyin nümayiş etdirilməsi ilə bağlı olacaq. Azərbaycanda iki mühüm istiqamətdə işlər aparılır, güzəştlərin tətbiq edilməsi və dövlət dəstəyinin gücləndirilməsi istiqamətlərində. Eyni zamanda starateji əhəmiyyət daşıyan ərzaq məhsullarının istehsalının təşkil edilməsi istiqamətində işlər görülür. Eyni zamanda dərman preparatlarının istehsalının genişləndirilməsindən və məqsəd həmin məhsulların yerli istehsalın genişləndirilməsi və artırılması hesabına tələbin daha çox yerli istehsal hesabına ödənilməsinə nail olmaqdan ibarətdir".

Millət vəkili vurğulayıb ki, pandemiyanın əslində əsas mesajlarından biri də o oldu ki, bu tip xarici faktorlar ölkələrin ixrac imkanlarını məhdudlaşdıra bilər: "Bu da nəticə etibarilə tələbin yerli istehsal hesabına ödənilməsini daha da aktuallaşdırır. Ona görə də post-pandemiya dövründə tələbin yerli istehsal hesabına ödənilməsi üçün yerli istehsalın daha yaxından dəstəklənməsi həyata keçiriləcək.

Ərzaq məhsullarının dəyər zəncirinə uyğun olaraq istehsalının dəstəklənməsi prioritet olaraq qalır. Vergi güzəştlərində də yerli istehsalçılara kifayət qədər geniş güzəştlər təklif olunur. Bu da həm onların fəaliyyətlərinin daha qısa zamanda bərpası, həm də onların resurslarının çıxış imkanlarının genişləndirilməsinə xidmət edəcək. Resursların cəlb edilməsi həmin sektorlarda fəaliyyətin daha qısa zamanda bərpası baxımdan vacibdir".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə