Pandemiyanın yayılma coğrafiyası genişlənsə neftin qiyməti ucuzlaşacaq - PROQNOZ

Pandemiyanın yayılma coğrafiyası genişlənsə neftin qiyməti ucuzlaşacaq - PROQNOZ

“Öncədən proqnozlaşdırıldığı kimi OPEK+ hasilatın azaldılması ilə bağlı son qərarı ilə neftin dünya bazar qiymətini artırmağı hədəfləmirdi. Çünki nəticə etibarilə neft bazarında koronavirus pandemiyası səbəbindən tələbin azalması və əksinə təklifin əvvəlki dövrlər kimi stabil qalması, hətta mart ayında artması müşahidə olunurdu. Baxmayaraq ki, OPEK+ öz tarixində ən böyük azalmaya getdi, amma nəticə etibarilə yenə də neft bazarında təklifin tələbi üstələməsi müşahidə olunur. Xüsusən pandemiya qiymətləndirmələrə görə neft bazarında təxminən tələbin 20 milyon barel gündəlik olaraq azalmasına gətirib çıxarıb. OPEK həmin tələb azalmasının təxminən yarısını kompensasiya edib. Lakin buna baxmayaraq yenə də təklif tələbi üstələyib”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Ekspertin sözlərinə görə, neft bazarına çıxarılan neftin həcmi neftə olan tələbdən daha çoxdur: “Bu da öz növbəsində qiymətlərin azalmasına səbəb olur. OPEK+ anlaşmasının bazara psixoloji təsirləri var idi. Amma nəticə etibarilə, xüsusən də brend markalı neftin qiymətində kəskin azalmaların qarşısının alınmasına hesablanmış addım idi. OPEK+ anlaşmaya əməl etsə də belə bu bazardakı mövcud tarazlığı dəyişə bilmir. OPEK daha böyük azalmalara getməkdən ehtiyatlanır, çünki OPEK+ a üzv olan ölkələr üçün bazardakı pay çox önəmlidir. Ölkələr bazar payını qoruyub saxlamağa çalışır. Nəticə etibarilə daha böyük azalmalar həmin ölkələrin bazar payının azalmasına səbəb ola bilər ki, bu da sonradan həmin bazar payının bərpa edilməsində çətinliklər yarada bilər. Neft bazarında mövcud vəziyyətə təsir göstərə bilər”.

V.Bayramov qeyd edib ki, hazırda neft bazarında 3 ölkə Rusiya, Səudiyyə Ərəbistanı və ABŞ aparıcı neft hasil edən ölkələrdir: “Amma Rusiya-Səudiyyə Ərəbistanı anlaşması da bir daha təsdiq edib ki, hələlik neft ölkələrinin əvvəlki dövrlərdən fərqli olaraq bazara təsir imkanları məhduddur. Ya xeyli kəskin azalmalara gedilməlidir, ya da mövcud qiymətlə neft ölkələri razılaşmalıdır. Neftin dünya bazarında kəskin artımlar nə gözlənilmir, nə də proqnozlaşdırılmır. Yalnız postpandemiya dövründə qiymətlərin yenidən arta biləcəyi proqnozlaşdırılır, amma koronavirusun aktiv olduğu dövrdə qiymətlərin artması gözlənilən deyil”.

Deputat vurğulayıb ki, xüsusən də WTI markalı neftin qiymətindəki kəskin azalmalar ABŞ-da koronavirusun yayılma coğragiyasının genişlənməsi ilə bağlıdır: “Təbii ki, ABŞ-da benzinə olan neftin kəskin azalması neftin qiymətinə birbaşa təsir göstərib. Bu kontekstdə hələki pandemiyanın aktiv olduğu dövrdə qiymətlərdə artımların olmaması ilə yanaşı, güman olunur ki, pandemiyanın yayılma coğrafiyası genişlənərsə, biz brend markalı neftin qiymətində də azalmalar müşahidə edə bilərik və bu brend markalı neftin qiymətinin 20 dollara qədər azalmasına gətirib çıxara bilər”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə